Keçid linkləri

2024, 15 İyun, şənbə, Bakı vaxtı 11:11

«Əsrin müqaviləsi» Türkiyəyə ziyan vurur?


BTC-nin inauqurasiyası
BTC-nin inauqurasiyası
«Vatan» qəzetinin 26 dekabr tarixli nömrəsində BTC-nin Türkiyəyə gəlir gətirməsi sual altına alınır.

Qəzetin yazarı Gülümhan Gültən yazır ki, Bakı-Tbilisi-Ceyhan xəttindən ildə 300 milyon dollar gəlir gözləyən Türkiyənin BOTAŞ şirkəti əksinə, 3 ildə 210 milyon dollar zərər edib.

Məsələ böyüyərək Türkiyə parlamentinin Dövlət Müəssisələri komissiyasının gündəliyinə salınıb. Komissiyaya «məxfi» qrifi ilə təqdim edilən raportda deyilir ki, BOTAŞ BTC-nin zərərini maliyyələşdirmək üçün qısa və ortamüddətli kreditlər almaq məcburiyyətindədir:

«Şirkət 2007-ci ilin axırından etibarən ilkin sərmayəsini tamamilə itirib».

Təfərrüatlı məlumat almaq üçün Dövlət Müəssisələri komissiyasının üzvü Ali Uzunırmaka müraciət etdik.

O, AzadlıqRadiosuna dedi ki, komissiyanın 9 dekabr iclası qapalı keçib və BOTAŞ-ın raportunda həqiqətən də BTC-nin zərər etməsi barədə faktlar var.

«Vatan» qəzetinin müxbiri Gülümhan Gültən isə BOTAŞ-ın raportuna əlavə şərh vermək istəmədi. Yalnız onu dedi ki, BOTAŞ-ın «BTC Co.» ilə çətin müzakirələr aparmasına baxmayaraq, hələlik, qanedici nəticə əldə edilməyib.

3 il qabaq Türkiyə BTC sayəsində Ceyhan terminalında Rotterdamdakı kimi, neft birjası yaradacağını iddia edirdi. O vaxt siyasətçilər və mütəxəssislər Azərbaycan, Qazaxıstan və Orta Şərqdən Ceyhana ildə 100 milyon ton «qara qızıl» axacağını deyirdilər.

Ancaq BOTAŞ-ın 3 ildə 210 milyon dollar zərər etməsi haqda xəbər doğrudursa, bu, planların alt-üst olması deməkdir.

3 il qabaq kəmərlər sayəsində ildə 1 milyard dollar gəlir əldə etməyi hədəfləyən Türkiyə indi BTC-nin 1074 km-lik hissəsinin zərərini maliyyələşdirmək üçün kredit axtarmaq məcburiyyətində qalacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG