Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:45

Referendumda 75 faiz, bələdiyyələrdə 32?


Bakıda səsvermə, 23 dekabr 2009
Bakıda səsvermə, 23 dekabr 2009
23 dekabr bələdiyyə seçkilərində «exit-poll» keçirən «ELS» Müstəqil Araşdırma Mərkəzinin direktoru İradə Yaqubova deyir ki, budəfəki seçkilər passiv keçib:

«Biz 8 bələdiyyə üzrə seçki prosesini müşahidə etmişik. Rəsmilərin də öncədən proqnozlaşdırdığı kimi, bu dəfə seçici fəallığı aşağı oldu. Bizim hesablamalarımıza görə, seçicilərin təxminən 30 faizdən bir qədər çoxu seçkilərə gəlib».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) icraçı direktoru Bəşir Süleymanlı isə seçici fəallığının təxminən 17 faiz olduğunu deyir:

«MSK-nın açıqladığı nəticələr reallıqdan uzaqdır. Necə olur, 1 il 2 ay öncə keçirilən prezident seçkisinə, 8 ay öncə keçirilən referenduma 70-75 faiz seçici qatılır, bu dəfə isə 32 faiz? Belə çıxır ki, vətəndaşlar Konstitusiyaya dəyişiklik etməyə həvəslə gediblər, ancaq yerli problemləri həll edəcək bələdiyyələrin seçilməsinə maraq göstərməyiblər. Bu seçkidə «karusel» əməliyyatları ilə birlikdə təxminən 17 faizin səsi toplanıb».

AzadlıqRadiosunun «Vətəndaşların seçkiyə qatılmamasının seçki prosesinə inamsızlıqla bağlılığı varmı» sualına İradə Yaqubova belə cavab verib:

«Bundan öncə keçirilən iki bələdiyyə seçkisi də göstərmişdi ki, vətəndaşların seçkinin bu növünə marağı azdır. Elə o zaman həyəcan təbili çalıb seçiciləri fəallaşdırmaq üçün addımlar atılmalı idi. Məncə, bu prosesdə namizədlərin, partiyaların zəif iştirakı da öz sözünü dedi. Rəyi soruşulanların 91 faizi bələdiyyələrin harada yerləşdiyini belə bilmir. Yəni, bələdiyyələr vətəndaşlarla təmas qura bilməyiblər. İndi bütün proses üçün hakimiyyəti suçlu çıxarmaq istəyənlər var. Ancaq bələdiyyə üzvlüyünə namizədlər və seçicilər özləri prosesin fəallaşmasında maraqlı olmalı idilər».

Bəşir Süleymanlı isə problemi demokratikləşmə prosesinin zəifliyinə bağlayır:

«Seçki prosesi seçki günü ilə məhdudlaşmır. Ölkədə vətəndaşların fundamental azadlıqları ilə bağlı ciddi problemlər var. Söz, sərbəst toplaşma və bir sıra siyasi azadlıqlar kəskin şəkildə məhdudlaşdırılıb. Bütün bunlar seçki prosesinə ciddi təsir edən faktorlardır. Ölkədə seçkilərin davamlı saxtalaşdırılması, bələdiyyələrin icra hakimiyyətlərinin əlavəsinə çevrilməsi də seçici fəallığına təsir göstərib. Artıq vətəndaşlar real seçki prosesinin mümkünlüyünə inanmır».

SMDTM təmsilçisi deyir ki, onlar seçki günü ciddi qanun pozuntuları müşahidə ediblər:

«Məntəqələrin təxminən 15 faizində «karusel» əməliyyatları olub, daha sonra vətəndaşlar yönləndirilib, topa bülletenlərin seçki qutusuna atılması müşahidə edilib. Öncəki proseslərdə icra strukturlarının nümayəndələri prosesə müdaxilə edirdilərsə, indi bu qanun pozuntularında seçki komissiyalarının üzvləri də iştirak edib».

«ELS» isə seçki günü apardığı sorğuları açıqlamağa tələsmir:

- Seçki günü səs verib məntəqələrdən çıxan təxminən 25 min seçicinin rəyi soruşulub. Hələlik onların komplektləşdirilməsi davam edir.

- Yəqin Sizin ilkin rəyiniz hazırdır. Bu nəticələri bölüşə bilərsinizmi?

- 25 min anketi qısa zamanda sonadək incələmək mümkün deyil. Yanvarın ortalarında «ELS»in yekun rəyi hazır olacaq…
XS
SM
MD
LG