Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:06

Dünya ölkələrində bələdiyyələrin səlahiyyətləri


Makedoniyada bələdiyyə seçkiləri. 22 mart 2009
Makedoniyada bələdiyyə seçkiləri. 22 mart 2009
ABŞ

Amerikada müxtəlif bələdiyyə formaları var. Bu da ayrı-ayrı ştatların öz qanunları ilə bağlıdır. Adətən hər bir ştatın iki səviyyədə bələdiyyəsi olur: kaunti (yaxud pəriş) və munisipalitet.

Məsələn, Pensilvaniya ştatında 67 kaunti var. Həmin kauntiləri 3-dən 7-cən komissiya üzvü idarə edir. Onları 4 ildən bir əhali seçir. Kauntinin baş prokuroru, xəzinədarı, polis rəisi və bəzi hakimləri ayrıca olaraq seçilir.

Munisipalitetlər daha kiçik bələdiyyə vahidləridir. Bunlar əhalinin sayından, şəhərin böyük-kiçikliyindən asılı olaraq siti, taun, taunşip, barə adlanır.

Pensilvaniyadakı citilər – 1-ci, 2-ci, 2A və 3-cü dərəcəli olur.

Ən çox səlahiyyət 1-ci dərəcəli citilərdədir.

Məsələn, Filadelfiya belə kateqoriyaya aiddir. Filadelfiya həm də Amerikanın 6 ən böyük şəhərindən biridir.

Belə şəhərlərə "dövlət içində dövlət" də demək olar. Şəhər merinin veto hüququ var. Şəhər şurasının 15 üzvü həm qanunverici, həm də təsdiqedici səlahiyyətlərə malikdir.

Şəhər şurası qanunlar qəbul edə bilər. Amma bəzi qanunlar ştat səviyyəsində təsdiq edilməlidir.

Amerikada bələdiyyə hökumətlərinin müxtəlif bölmələri olur.

Həmin şöbələr təyinatından asılı olaraq ərazinin planlaşdırılması, iqtisadi inkişafı, polis, bələdiyyə məhkəməsi, yanğın xidməti, təcili yardım, daşınmalar, turizm, kanalizasiya, içməli su, küçələrin təmizliyi, qar təmizlənməsi, yol nişanları, parkların tikilməsi və saxlanması, dayanacaqlar və s. sahələri əhatə edir.

RUSİYA

Axır illərdə Rusiyada icra orqanları gücləndirilsə də, bələdiyyələr yenə də idarəetmədə böyük əhəmiyyətini saxlamaqdadır.

Məsələn, paytaxt Moskva federal qanunlara tabe olsa da, şəhərin özünün qanun və qaydaları da mövcuddur. Mer isə səsvermə yolu ilə seçildiyi üçün tamamilə müstəqil şəxsdir.

Moskvanın özü də bələdiyyə vahidlərinə bölünür.

Məsələn, Moskva ərazisində yerləşən bələdiyyələrdən biri - “Filyovski park” bələdiyyəsinin səlahiyyətlərinə nəzər salaq.

Bu bələdiyyə Rusiya Federasiyasi və Moskva şəhərinin qanunları əsasında fəaliyyət göstərir.

Bələdiyyə öz əmlakı, büdcəsi ilə bağlı qərar verməkdən əlavə həm də vətəndaşların nigah bağlamasına icazə verir, mədəniyyət abidələrinin qorunması, onların təbliği ilə məşğul olur, istehlakçıların hüquqlarını qoruyur, ekoloji nəzarəti həyata keçirir, ictimai obyektlərin qorunmasına yardım edir, məktəb yaşlı uşaqların illik fərdi uçotunu aparır, seçkilərin təşkilinə kömək edir, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsinə yönələn tədbirlər təşkil edir.

Rusiya prezidenti Medvedev bir müddət əvvəl ölkədəki bələdiyyələrə turizm sahəsində geniş səlahiyyətlər verilməsi təşəbbüsü ilə çıxış edib.

2006-cı ildən Rusiyada bələdiyyələrin - öz təşəbbüsləri ilə əlillər, çoxuşaqlı ailələr, müharibə veteranları və başqa köməyə ehtiyacı olan təbəqələrə yardım proqramları həyata keçirmək hüququ bərpa edilib.

POLŞA

Polşa Konstitusiyası hakimiyyətin daha çox bələdiyyələrə verilməsini təmin edir. Regional hakimiyyətlər müstəqildirlər. Onlar həm də mülkiyyət, biznes fəaliyyətilə məşğul olmaq hüququna malikdirlər.

Bələdiyyələrin büdcəsi həm onların öz gəlirləri, həm də dövlət büdcəsindən ayrılan birbaşa yardımlar hesabına formalaşır.
Bələdiyyələr şərti ifadə etsək, əyalət, rayon, kənd səviyyəsində olur.

Onların ən kiçiyi qmina adlanır və yerli məsələlərlə bağlı əsas qərarları vermək səlahiyyətinə malikdir.

Bələdiyyələrin əsas səlahiyyətləri: orta məktəbləri, uşaq bağçalarını idarə edir, müəllimləri işə götürür. Sosial yardıma ehtiyacı olanların qayğısına qalır, bələdiyyə ərazisindəki körpü, küçə və yollar, eləcə də qaz, işıq, kanalizasiya, su təchizatı sahələrini idarə edir. Bələdiyyələrə məxsus torpaqlar mövcuddur.

Bələdiyyələr həmin torpaqları sata, orada ev tikə, onları icarəyə verə bilər.

Bundan başqa bələdiyyələr kitabxanalar, mədəni mərkəzləri idarə edir, yanğınsöndürmə xidməti göstərir, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir.
Bələdiyyə seçkiləri 4 ildən bir keçirilir.

TÜRKİYƏ

Türkiyədə mərkəzləşdirilmiş icra hakimiyyəti mövcuddur. Hər bir vilayət vali tərəfindən idarə olunur. Qanunlar valilərə böyük səlahiyyətlər verir, onlar həm də bələdiyyərə nəzarət etmək hüququna malikdir.

Əhalisi 2000 nəfəri keçən yaşayış məntəqələrinin hamısında bələdiyyələr mövcuddur.

Bələdiyyələr səhiyyə, təhsil, nəqliyyat sahələrində dövlət proqramlarını həyata keçirməyə məsuldur.

Bələdiyyə rəisi və şurası 5 il müddətinə seçilir. Bələdiyyə şuraları ildə 3 dəfə görüşüb büdcə, evtikmə planları, yenidənqurma proqramları, vergilərin, bələdiyyə xidmətlərinə görə ödənişlərin miqdarı kimi məsələlərlə bağlı əqrar verir.

Kənd bələdiyyələrinin şurası məktəb və sair ictimai binalar üçün torpaq sahəsi alır, yolların təmiri və başqa işlər üçün əhalidən yığılmalı olan pulun məbləğini və onların ayırmalı olduğu işçi qüvvəsinin sayını müəyyən edir.

Şura kənd adamları arasında mübahisələri həll etmək, xidmətlərin icrasının tapşırıldığı şəxslər səhlənkarlıq edərsə, onları cərimələmək hüququna malikdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG