Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 21:58

Rus təxəllüslü gürcü yazıçı, şərqşünas, tənqidçi, tərcüməçi...


Boris Akunun təxəllüsü ilə tanınan belletrist, şərqşünas, ədəbi tənqidçi və tərcüməçi Qriqoriy Şalvoviç Çxartişvili 1956-cı il mayın 20-də Zestafoni (Gürcüstan) şəhərində doğulub.

1958-ci ildə ailəsi Rusiya paytaxtına köçüb və Çxartişvili o zamandan Moskvada yaşayır.

1973-cü ildə 36 saylı ingilis məktəbini, 1979-cu ildə Asiya və Afrika ölkələri institutunun (MDU) tarix-filologiya bölməsini bitirib, tarixçi-yaponşünas diplomu alıb. İnstitutdan sonra yapon və ingilis dillərindən bədii tərcümələr edib.

Çxartişvilinin tərcüməsində bir sıra yapon müəlliflər – Yukio Misima, Kendzi Maruyama, Yasusi İnoue, Masaxiko Simada, Kobo Abe, Sinyiti Xosi, Takesi Kayko, Sexey Ooka, həmçinin Amerika və ingilis ədəbiyyatı nümayəndələrinin (Koraqessan Boyl, Malkolm Bredberi, Piter Ustinov və s) əsərləri nəşr olunub.

1979-1986-cı illərdə Qriqoriy Çxartişvili “Russkiy yazık” nəşriyyatında işləyib.

1986-cı ildən 2000-ci ilədək “İnostrannaya literatura” jurnalında çalışıb, 1994-cü ilədək publisistika bölməsinin müdiri, daha sonra jurnalın baş redaktorunun müavini olub.

Yalnız belletristika ilə məşğul olmaq üçün 2000-ci il oktyabrın əvvəlində nəşriyyatdan gedib.

AKUNİN RUS FAMİLİYASINA OXŞAYIR, AMMA YAPON SÖZÜDÜR

Boris Akunin 20 cildlik “Yapon ədəbiyyatının antologiyası”nın baş redaktoru, “Puşkin kitabxanası” meqalayihəsinin idarə heyətinin sədri olub (Soros Fondu).

Akuninin 2006-cı ildə çıxan "F.M." əsərinin üz qabığı
O, rus ədəbiyyatının ən yaxşı nümunəsini əhatə edən 100 cildlik nəşrin həmmüəlliflərindən biridir.

1990-cı illərin sonunda Çxartişvili “Priklyuçeniya Erasta Fandorina” (ilk roman “Azazel”) roman və povestlərinin silsiləsinə başlayıb. Onlar ХХ-XXI əsr kəsişməsində rus balletristikasında nəzərə çarpan hadisəyə çevrilib.

1998-ci ildən Qriqoriy Çxartişvili “Boris Akunin” təxəllüsü ilə nəsr əsərləri yazır. Yapon sözü olan “akunin”, yazıçının sözlərinə görə, rus dilinə birbaşa tərcümə olunmur.

Bu sözü təxminən “qəddar insan”, “quldur”, “qanunlara riayət etməyən insan” kimi tərcümə etmək olar. O, tənqidi məqalələrini və ədəbiyyatşünaslıqla bağlı yazılarını öz adı ilə nəşr edir.

RUSİYADA QƏLƏMLƏ ƏN ÇOX PUL QAZANAN YAZARLARDANDIR

Ona məşhurluq gətirən “Noviy detektiv ” (“Prikluçeniya Erasta Fandorina”) roman və povest silsiləsindən başqa, Akunin “Provintsialniy detektiv” (“Priklyuçeniya sestrı Pelagii”), “Priklyuçeniya magistra”, “Janrı” silsiləsini də yaradıb.

O, A. P. Çexovun “Çayka” pyesinin tənqidi-parodiya üslubunda davamının da müəllifidir.

2007-ci ilin sonunda Akuninin 10 povestən ibarət “Roman-kino” eksperiment üslubunda “Smert na bruderşaft” adlı kitabı çıxıb. 2009-cu ilin mayında xəzinə və quldurlara həsr olunmuş “Sokol i lastoçka” romanı satışa buraxılıb.

Dekabrın 22-də isə onun Erast Fandorin haqqında yeni romanı - “Ves mir teatr ” işıq üzü görüb.

Boris Akunin müasir Rusiyada ən çox oxunan müəlliflərdən biridir.

KİV Akunini Rusiyada ən çox kitabı çıxan müəlliflərindən biri adlandırıb.

Qeyd olunur ki, 2008-ci ilin birinci yarısında əsərlərinin ümumi tirajı təxminən 1,3 milyon nüsxə olub.

KİV belletristi Çxartişvilinin yüksək qonorarlarından da yazır.

“Forbs” jurnalına görə, 2004-cü il iyulun 1-dən 2005-ci ilin 30 iyununa kimi Akunin 2 mln dollar qazanıb, növbəti il gəliri “Forbs”a görə azalıb – 1,2 mln dollar olub.

AKUNİN HƏM DƏ SSENARİSTDİR

Akuninin kitabları dünyanın 35 dilinə tərcümə olunub, İtaliya, İspaniya, Fransa, Almaniya, Finlandiya, Niderlandda nəşr edilib.

Onun əsərləri əsasında “Azazel”, “Turetskiy qambit”, “Statskiy sovetnik” filmləri çəkilib.

2000-ci il sentyabr ayında Moskva kitab yarmarkasında o, “Rusiyada ilin yazıçısı” elan edilib.

“Koronatsiya” əsəri - ən yaxşı nəsr nümunəsi nominasiyasında “Antibuker-2000” mükafatına layiq görülüb.

“Komsomolskaya pravda” qəzetinin təşkil etdiyi “Litsa qoda” müsabiqəsində “İlin yazıçısı” nominasiyasının (2000) qalibidir.

“Azazel” (ORT) filminin ssenarisinə görə milli televiziya müsabiqəsi “TEFİ-2002”-nin “ən yaxşı ssenarist” nominasiyasında laureatıdır.

2009-cu ilin mayında Yaponiya hökuməti Boris Akuninə dövlət mükafatı – “Gündoğar” ordeni təqdim edib.
XS
SM
MD
LG