Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:44

Ramiz Mehdiyev ədəbiyyat söhbətinə bir də qayıtdı


Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
Dekabrın 18-də Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc-a müsahibə verib. O, müsahibəsində «İctimai və humanitar elmlər: zaman kontekstində baxış» məqaləsində yer alan fikirlərinə aydınlıq gətirib. Müsahibəni ixtisarla təqdim edirik.

…Mənim çıxışımı və məqaləmi ittiham kimi qəbul edənlər ciddi yanılırlar. Əslində həmin çıxışda və məqalədə əsasən ictimai elmlər sahəsində vəziyyət və bəzi problemlər öz əksini tapmışdır.

…Məqalədə milli ədəbiyyatımız haqqında da yüksək həssaslıqla fikir söylənib. Lakin nədənsə məqalənin bu hissəsi müəyyən ajiotaj yaradıb. Bədxahların, araqarışdıran intriqabazların və dəyərli yazıçıları addımbaşı qaralayanların əllərinə fürsət düşüb. Onlar çalışırlar ki, ədiblərimizin yaradıcılığı üzərindən qara xətt çəkərək özlərinin çirkin niyyətlərini həyata keçirsinlər. Bu qaragüruhçular hiyləgərliklərini işə salaraq belə bir rəy yaratmağa çalışırlar ki, guya hakimiyyətlə Yazıçılar Birliyi arasında soyuqluq yaranıb və yaşlı yazıçılara münasibət dəyişib.

Düşünürəm ki, bu, çox əbəs işdir. Yaxşı görünür ki, kim millətə xidmət göstərir və kim dağıdıcılıq fəaliyyəti ilə məşğul olur. Anar doğru yazır ki, “bəzi qəzetlər yazıçıları zəhərləməklə məşğuldur”. Onu da düzgün deyir ki, “son məqalənin böyük hissəsi elmə aiddir, ona görə bir şey deyə bilmərəm. Yalnız bir abzas yazıçılar haqqındadır və nədənsə hamı onu bayraq edib”.

Mən istər görüşdəki çıxışımda, istərsə də işıq üzü görən məqaləmdə nailiyyətlərimizi hər hansı şəkildə inkar etmək fikrindən uzağam…

…Mən “son illər cəmiyyətimizdə böyük maraq doğuran, yaxud ictimaiyyətin diqqət mərkəzində olan bir əsər yaranıbmı” deyə sual vermişdim. Hörmətli akademik Bəkir Nəbiyev bu suala cavab olaraq müşavirədə bir nəfər yazıçının – Kamal Abdullanın adını çəkə bilmiş və onun bir neçə ölkədə çap olunaraq, rəsmən Nobel mükafatına təqdimolma qeydiyyatından keçmiş “Yarımçıq əlyazma” romanını qeyd etmişdi…

…Azərbaycan oxucusu indi ədəbiyyatımızda 25-30 yaş arasında olan gənc istedadların maraqlı əsərlərini görmək istəyir. Hazırda ad-san sahibi olan ədiblərimiz də 1960-cı illərin ortalarında, elə həmin yaşlarda ikən ədəbiyyata gəliblər.

…Heç kim demir ki, bu gün əsər yazılmır. Əsərlər yazılır və onların içərisində seçilənləri də az deyildir. Amma qələmə alınan əsərlərin əksəriyyəti, qeyd etdiyim kimi, cəmiyyətin müasir intellektual-mənəvi tələblərinə cavab verə bilməyən və öz-özünə qapanaraq ədəbiyyat sahəsindən kənara çıxmağı bacarmayan əsərlərdir. Məsələ bax bundadır.

Bizim bəzi yazıçılar mənim söylədiklərimə münasibətdə dərhal özlərinə müdafiə mövqeyi tutmağa tələsdilər…

…Mən yaxşı bilirəm ki, ədəbiyyat inciləri və ya böyük elmi əsərlər göstərişlə, yaxud tapşırıqla ortaya qoyulmur. Bunu sovet dövründə də bilirdim, indiki müstəqillik illərində də çox gözəl anlayıram. Bazar iqtisadiyyatı şəraitində dövlət elmin və ədəbiyyatın inkişafı üçün öz töhfəsini əsirgəmir. Lakin yaradıcılıq sahəsində lazımi mühit heç də göstərişlə formalaşdırıla bilməz…


…Lakin bu gün az qala əli qələm tutan hər kəs utanıb çəkinmədən özünü və ya dostunu-yoldaşını asanlıqla ədəbi mühitin, prosesin üzvü kimi təqdim edə bilir. Bunun üçün bu adamın rəsmi formal atributları da var; o, Yazıçılar Birliyinin üzvüdür, hansısa ədəbi orqanın redaksiya heyətinə daxildir, müxtəlif rəyasət və idarə heyətlərinin, nə bilim, daha hansı qurumun üzvüdür və s. və i.a. Amma bu adamı bir yazıçı, dramaturq və ya şair kimi cəmiyyət tanıyıb qəbul edirmi?

…Yazıçılar Birliyinin 1500 üzvü içərisində bütün xalqın hörmət və sevgisini qazanmış neçə yazıçı var?! Hesab edirəm ki, bu sualın da cavabı üzərində düşünməyə dəyər…

…Ədəbi mühitə yeni qüvvələr gəlməli və bu mühit artıq qrafomanlığa yox deməyi bacarmalıdır, dilin və ədəbiyyatın saflığını qoruyaraq maraqlı, sağlam ruhlu mübahisə və polemikalara yol açmalı, novator fikirlərin təbliğinə çalışmalıdır. O zaman ədəbi nəşrləri də əldə çıraq axtararlar.

…Böyük ədəbiyyat heç zaman imtiyazlardan asılı olmayıb. Əsl ədəbiyyat böyük istedadın məhsuludur. Biz görürük ki, əlavə imtiyazlar istəyənlər həqiqi ədəbiyyatdan uzaq olanlardır. Bu gün bizə ədəbiyyatın öz təsir dairəsini gücləndirməsi və genişləndirməsi lazımdır. Heç kəs unutmamalıdır ki, yaradılan hər bir əsərin əsl qiymətini xalq verir.

…Bir daha təkrar etmək istəyirəm; ədəbiyyat bu gün, təəssüf ki, yalnız ədəbiyyatçılar çərçivəsində qapanıb qalıbdır, cəmiyyətə açılmağa can atmır, ictimai həyat meydanında, necə deyərlər, gözə dəymir, görünmür…

…Xalqı aldatmaq olmaz. Ona zövqsüz yazılmış nəyi isə yaxşı əsər adı altında təqdim edə bilməzsən. Ədəbiyyatın borcu təmiz və dürüst dəyərləri cəmiyyətdə bərqərar etməkdir. Cəmiyyət isə öz növbəsində bu dəyərləri milli ənənəyə və təcrübəyə uyğunlaşdırır. Bunların birindən danışıb o biri barədə susmaq olmaz. Bunlar mütləq surətdə bir-biri ilə əlaqəlidir. Deməyə sözü olan yazıçını müasir cəmiyyət səbirsizliklə gözləyir…

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG