Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:43

Avropa Parlamentində Azərbaycanı tənqid edən qətnamə qəbul edildi


Avropa Parlamentində Azərbaycanda söz azadlığının vəziyyətini tənqid edən qətnamə qəbul edilib.

Müzakirələr zamanı deputatların çoxu Bakını kəskin tənqid edib, bloqqerlər Emin Milli və Adnan Hacızadəni dərhal azad etməyə, Azadlıq və başqa xarici radioları FM-ə qaytarmağa çağırıblar.

Avstriyadan olan deputat Ulrike Lunaçek deyib ki, bloggerlər hücuma məruz qalsalar da, polisə şikayət etsələr də, onların özü tutulub. Bu, ittihamların doğruluğuna şübhə yaradır. Onun fikrincə Avropa Parlamenti məsələ ilə bağlı sərt mövqe tutmalıdır.

Polşadan olan deputat Rişard Antoni Lequtko bildirib ki, 2 nəfərin tənqidə görə tutulması Azərbaycanda avtoritar rejimin mövcudluğunu göstərir. "Biz müdaxilə etməliyik. Bəzən bu effektiv olur. Bəzən də çətin. Ona görə ki, avtoritar rejimlərdə institusional islahatlar uzun çəkir. Amma buna baxmayaraq biz tənqidləri davam etdirməliyik".

Irlandiyadan olan deputat Co Higgins Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti "dəhşətli" adlandırıb.

“Media azadlığı yoxdur, axır illərdə onlarla jurnalist tutulub, bəziləri döyülüb, öldürülən də var. Biz Əliyev rejimindən cavab tələb etməliyik".

Deputat deyib ki, hakim elita neft-qazdan varlanıb, amma əhalinin 90 faizi kasıblıq həddində yaşayır. Onun sözlərinə görə insanlar öz ölkələrinin sərvətlərindən xeyir görmür. "Əlbəttə Qərb dövlətləri və transmilli korporasiyalar bu məsələdə həmişəki kimi riyakarlıq edirlər. Onlar öz bizneslərini inkişaf etdirmək üçün rejimlə əməkdaşlıq edirlər. Azərbaycan xalqına məxsus sərvətlərdən həmin şirkətlər böyük gəlir əldə edirlər".

Deputat Tunne Kelam (Estoniya) deyib ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. "Biz ölkə rəhbərliyini həbsdə olan jurnalistləri, o cümlədən 2 bloggeri dərhal azad etməyə çağırırıq. Bundan başqa onları çağırırıq ki, Azadlıq, BBC, Amerikanın səsi kimi xarici radioların yerli tezliklərdə yayımını bərpa etsin.

Litvadan olan deputat Layma Lusie Andekiene bildirib ki, düzdür, Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın mühüm tərəfdaşıdır. "Amma bu hər şey demək deyil. Biz sözümüzü, iradımızı deməkdən çəkinməməliyik". O da Azərbaycan rəhbərliyini xarici radioların FM-də yayımının bərpasına çağırıb.

Amma sərt mövqenin qeyri-məhsuldar ola biləcəyindən ehtiyatını dilə gətirən də olub. İtaliyadan olan deputat Fiozello Provera deyib ki, bu, Azərbaycanı Avropa Birliyi ilə münasibətlərdə daha sərt mövqe tutmağa vadar edə bilər, hətta hazırda davam edən diplomatik danışıqlar, jurnalistlərin əfvi işi çətinə düşə bilər.

Qətnamə layihəsində xarici radioların FM tezliyindən çıxarılması pislənirdi. Amma deputatların bəzilərinin təklifi ilə layihəyə "həmin radioları FM tezliyinə qaytarmaq tələbi" də salınıb. Bu təklifə ümumi səsvermə zamanı "hə" deyilib.

Sonda qətnamə layihəsi ümumilikdə səsverməyə qoyulub və qəbul edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG