Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:11

«Biz demokratiyanı dəstəkləyirik»


Klinton deyib ki, Obama administrasiyası bütün dünyada demokratiyaya verdiyi dəstəyi zəiflətməyəcək
Klinton deyib ki, Obama administrasiyası bütün dünyada demokratiyaya verdiyi dəstəyi zəiflətməyəcək
ABŞ prezidenti Barak Obama Amerikanın məqsədi olan ümumdünya insan haqları ilə bağlı təzyiqlərini davam etdirəcək. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton belə deyib və bunu «praqmatizmin prinsipi» adlandırıb.

İNSANLAR QORXUDAN AZAD OLMALIDIRLAR

«Bizim XXI əsrdə insan haqları gündəliyimizdə duran əsas məsələ insan haqlarını insan reallığı etməkdir. Və birinci addım insan haqlarına geniş kontekstdə baxmaqdır. Əlbəttə ki, insanlar əsarətdən, işgəncədən, ayrı-seçkilikdən, onları həbsə atan və ya aradan götürdən rəhbərlərinin qorxusundan azad olmalıdırlar. Amma onlar həm də bəzi istəkləri, məsələn, qida, sağlıq, təhsil, qanuni bərabərlik kimi istəkləri ilə bağlı da sıxıntı yaşamamalıdırlar».

Dekabrın 14-də Vaşinqtonda Corctaun Universitetində çıxış edən xanım Klinton belə deyib. O, bildirib ki, Obama fəlsəfəsi daha çox Birləşmiş Ştatların Çin və Rusiyada insan haqları problemi kimi gördüklərinə verdiyi qiymətdə daha aydın özünü göstərəcək.

Bəzi insan haqları müdafiəçiləri və onların konqresdəki müttəfiqləri Ağ Evi tənqid ediblər ki, Çinə qarşı həddən artıq səbirlidir.

Tənqidçilər prezident Obamanın Pekinə səfərindən öncə Dalay Lama ilə görüşməmək qərarını xüsusi qeyd edirlər.

İNSAN HAQLARI İLƏ BAĞLI PRAQMATİZM PRİNSİPİ

Klinton deyib ki, Birləşmiş Ştatlar Çin və Rusiyada insan haqları məsələsinə incə yanaşmalıdır, çünki hər iki ölkə vacib müttəfiqlərdir.

«İnsan haqları ilə bağlı praqmatizm prinsipimiz bütün ölkələrə aiddir, amma Çin və Rusiya kimi hakim ölkələrə daha çox. Onların hər ikisi ilə əməkdaşlıq dünya iqtisadiyyatının sağlamlığı və silahların yayılmamasına dair bizim istədiyimiz gündəlik üçün mühümdür. Bu əməkdaşlıq Şimali Koreya və İran kimi təhlükəsizlik məsələlərinin idarə olunmasında və iqlim dəyişikliyi kimi qlobal problemlərin həllində də əhəmiyyətli rol oynayır».

Klinton söz verib ki, Birləşmiş Ştatlar Pekin və Moskva ilə insan haqlarına dair «səmimi müzakirələri» davam etdirəcəklər. O deyib ki, Vaşinqton Çini inandırmağa davam edəcək ki, tibetlilərin və uyğurların haqlarını tanısın və din, ifadə azadlığı üçün təzyiq göstərəcək.

Dövlət katibi deyib ki, ABŞ Rusiya liderlərini hələ də cəzasız qalan siyasi fəallar və jurnalistlərin öldürülməsi halları ilə bağlı sorğu-sual etməyi davam etdirir.

Amma bu heç də o demək deyil ki, Birləşmiş Ştatlar vətəndaşlarının haqlarını pozan hökumətlərlə işləməməlidir. Klinton deyib ki, insan haqlarına dair mübarizə və milli maraqların izinə düşməyin bir-birinə qarşı olması fikrində olanlarla razılaşmır.

OBAMA ADMİNİSTRASİYASI BÜTÜN DÜNYADA DEMOKRATİYAYA VERDİYİ DƏSTƏYİ ZƏİFLƏTMƏYƏCƏK

Vaşinqton bunun hər ikisini etməyin yolunu araşdırmaqda davam edəcək – deyə dövlət katibi bildirib. Daha geniş mənada Klinton deyib ki, Obama administrasiyası bütün dünyada demokratiyaya verdiyi dəstəyi zəiflətməyəcək, çünki bu, insan haqlarını irəli çəkməyin ən effektiv yoludur.

«Biz demokratiyanı dəstəkləyirik, ona görə yox ki, biz başqa ölkələrin bizə oxşamasını istəyirik, ona görə ki, Tallahassi və ya Tehranda doğulmalarından asılı olmayaraq bütün insanların tamamilə özlərinə məxsus olan haqlarının müntəzəm müdafiəsindən həzz almalarını istəyirik. Sübut olunub ki, demokratiya insan haqlarını uzun müddətə insan reallığına çevirməyin ən yaxşı siyasi sistemidir».

Amma xanım Klinton onu da vurğulayıb ki, təkcə demokratiya insan haqlarını təmin edə bilməz və nə dərəcədə demokratik olmasından asılı olmayaraq hökumətlər öz insanlarının təhlükəsizliyini və həyatlarının sabitliyini təmin edə bilmirsə demokratiya uzun sürə bilməz.

Bütün dünyada insan haqlarının müdafiəçisi olmaq asan deyil, amma Birləşmiş Ştatlar bu yolda dayanmayacaq – deyə dövlət katibi bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG