Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Qızmar qum və həyata keçməyən arzular


Aşxabadda Müstəqillik Günü bayramı, 27 oktyabr 2009
Aşxabadda Müstəqillik Günü bayramı, 27 oktyabr 2009
Qaraqum çölünün ortasında gecələr də üfüqdə işıqlar görmək olar. Yaxınlaşanda məlum olur ki, bunlar qaz məşəlləridir. İlk dəfə 30-40 il əvvəl səhrada peyda olan bu məşəllər demək olar ki, Türkmənistanın sərvətinin simvoludur.

Yerin altındakı qaz ehtiyatlarına görə Türkmənistan dünyada 4-cüdür. Yerin üstündə isə… 18-ci əsrdə yaşamış türkmən şairi Maktum Kulinin dediyi kimi, «yandırılmış və xaraba qalmış ölkə də görmək olar, cah-calal da».

İldə milyardlarla dollar qazanan Türkmənistanda adambaşına düşən gəlir heç 300 dolları keçmir. Sayları 5 milyonu keçməyən türkmənlərin çoxu kasıb yaşayır. Təmizlənməmiş su içir, ayaqyalın, başaçıq, normal təhsilsiz böyüyür.

Əvəzində Aşqabadın mərkəzində Türkmənbaşının 12-metrlik qızıl heykəli ucalır. Sovet İttifaqı yıxılandan ölkəyə rəhbərlik etmiş Saparmurat Niyazov özünün bu heykəlini «müstəqillik abidəsi» adlandırmışdı...

Ancaq Niyazov öldü və onun ölümündən sonra sanki səssiz bir saray çevrilişi baş verdi. Hakimiyyətə keçmiş Səhiyyə naziri Qurbanqulı Berdıməhəmmədov gəldi.

İlk baxışdan daha çox islahat vəd edən Berdıməhəmmədov sözlərini yerinə yetirirdi. Türkmənbaşının tətbiq etdiyi təqvimi dəyişdi, vətəndaşlara xaricə çıxmaq qadağasını yumşaltdı, Niyazovun bəzi büstləri yığışdırıldı və s.

Ancaq ölkədəki Sultan üsul idarəsi olduğu kimi qaldı. İslahatlar isə ancaq gözdən pərdə asmaq üçün idi. Xarici müşahidəçilərdən birinin dediyi kimi,
Aşxabadda Saparmurat Niyazovun heykəli, 1 noyabr 2001
Berdıməhəmmədov anadangəlmə lider olmadığı üçün özünü nəsə iş görürmüş kimi göstərməyə məcbur idi. Amma daha çox iş görmək, islahat aparmaq özünün hakimiyyətinin zəifləməsi ilə nəticələnə bilərdi. Odur ki, islahatlar elə başlamamış dayandı. Türkmənistan xarici universitetlərdə təhsil alan 150 tələbəsini ölkədən çıxmağa qoymadı. Yenə kimlərsə həbs olunmağa başladı...

2020-ci ilə qədər qeyri-qaz sektorunun sənayedə payı 70 faiz olmalıdır və prezident bunun üçün çalışır. Yerli mediada çıxan xəbərlərə inansaq, sanki ölkədə hər şeyi Berdıməhəmmədov görür. Televiziyalar hər gün onun mistik qəhrəmanlıqlarını göstərir. Məsələn, son reportajların birində prezident həkim qiyafətində kiçik bir cərrahiyyə əməliyyatı keçirir. Ancaq tərslikdən səhər tezdən xüsusi xidmət orqanları bu əməliyyatdan şəkilləri dərc edən bütün qəzetləri yığışdırır. Sən demə, prezident əlində tutduğu rentgen şəkli baş-ayaq imiş, Berdıməhəmmədovun isə bundan xəbəri olmayıb.

Elə bilməyin ki, ancaq yerlilər prezidentə xoş gəlmək üçün yarışa giriblər. Əsla yox. Sonuncu investisiya forumunda dünyanın aparıcı kompaniyalarının təmsilçiləri də Türkmənistan liderinin şərəfinə gözəl sözlər deyib, onun siyasətini alqışlayırdılar. Amma hələ bir dənə də olsun Qərb şirkəti Türkmənistanda qaz çıxarmağa icazə ala bilməyib.

Ancaq çinlilərə belə bir hüquq verilib, üstəlik, qaz kəməri çəkmək sazişi də.

Dekabrın 14-də 1800 kilometrlik Türkmənistan-Çin kəmərinin təməlqoyma mərasimi olub. Mərasimdə Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çin prezidentləri iştirak edib. Bu kəmərlə iki il sonra ildə 40 milyard kubmetr qaz ixrac etmək nəzərdə tutulub. Faktiki olaraq, bu, Rusiya marşrutundan imtina deməkdir.
Türkmənistanın ümumdaxili məhsulunun 70 faizi Rusiyadan asılıdır
Çünki müqaviləyə əsasən, Türkmənistan bu gün çıxardığı qazın 90 faizini - 50-65 milyard kubmetrini Rusiyaya verməliydi. Ya da ki, türkmənlərin özünə qaz qalmayacaq. İstənilən halda həm türkmənlər özləri, həm də xarici ekspertlər bu kəməri böyük uğur sayırlar.

Türkmənistanın əsas qaz ixracı kəməri Rusiyadan keçir. Yəni, Rusiya «Qazprom»u Türkmənistan qazının yeganə alıcısıdır və bu üzdən ölkənin ümumdaxili məhsulunun 70 faizi ruslardan asılıdır. Düzdür, türkmənlər son illər qazın qiymətini artırdılar və «Qazprom» bununla razılaşdı. Ancaq dünya bazarında qiymətlər düşən kimi, «Qazprom» da müqavilə öhdəliklərini yerinə yetirmədi. Türkmənistandan Rusiyaya gedən kəmərdə partlayış oldu və aprelin 9-dan bu yana «Qazprom» türkmən qazını almır.

Bundan sonra Berdıməhəmmədov qazını Avropaya - «Nabukko» kəmərinə vermək haqda danışmağa başlayıb. Amma bunun üçün Xəzərin dibiylə kəmər çəkilməlidir ki, Rusiya buna çətin icazə versin.

Bu arada isə Türkmənistan qaz sata bilmədiyi üçün ayda 1 milyard dollar itirir. Rusiyaya gedən kəmər bərpa edilsə də, «Qazprom» hələ ki qazı almır.

Türkmənistan rəsmiləri üçün bu ciddi problemdir, elə xalq üçün də. Çünki qaz olmasa, türkmənlərə yanıb kül olan məşəllər və soyuq mərmər heykəllərdən başqa heç nə qalmayacaq. Lap 18-ci əsrdə olduğu kimi, «yandırılmış və xaraba qalmış ölkədən başqa»...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG