Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

«GEN» MMC-nin məhkəməsi bir neçə ay da uzana bilər


Dekabrın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevin və daha bir neçə nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün dövlət ittihamçısının təqsirləndirilənlərə cəza istəyəcəyi gözlənilirdi. Lakin məhkəmə iclası başlayan kimi dövlət ittihamçısı Azər Osmanov başqa vəsatətlə çıxış etdi. Prokuror bildirdi ki, nə istintaq, nə də məhkəmə dövründə üzərinə həbs qoyulmuş 8-dən artıq mülkün sahibləri müəyyənləşib. Bunu əsas gətirən prokuror məhkəmə istintaqının təzələnməsini xahiş etdi.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Vidadi İsgəndərli isə məhkəmənin nəzərinə çatdırdı ki, 1 ildən artıq ibtidai istintaq, 7 aydan artıq məhkəmə davam edib. Həmin mülklərin sahibləri də bu iki istintaq dövründə aydınlaşmalı idi. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir və prokurorun məqsədi məhkəmənin müddətini bir neçə ay da uzatmaqdır.

Vidadi İsgəndərlinin etirazına baxmayaraq hakim prokurorun vəsatətini təmin etdi.

Növbəti məhkəmə iclası dekabrın 21-nə təyin olundu. Bundan sonrakı proseslərdə məhkəmə üzərinə həbs qoyulmuş mülklərin sahiblərini araşdıracaq. Prosesdə təqsirləndirilən şəxslər həmin epizodla bağlı yenidən dindiriləcək, şahidlərin ifadələri dinləniləcək.

Vidadi İsgəndərli AzadlıqRadiosuna bildirib ki, «GEN» MMC işi üzrə məhkəmə prosesi demək olar ki, 50 gündür faktiki dayandırılıb. Prokuror hər məhkəmə iclasında bir vəsatət verməklə prosesin yekunlaşmasına mane olur. Vidadi İsgəndərlinin sözlərinə görə, dekabrın 18-də zərərçəkmişlərin keçirəcəkləri mətbuat konfransında prokurorun bu addımının səbəbləri açıqlanacaq.

Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu külli miqdarda ziyan vurmaqla mütəşəkkil dələduzluqda təqsirləndirilirlər. İttihama görə, onlar ev tikmək adı ilə 300-dən artıq vətəndaşın pulunu mənimsəyiblər.

8 aya yaxındır ki, bu iş üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.
XS
SM
MD
LG