Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:29

«Doğum evinin yerində dəmirçixana açmayıblar ki?»


Doğum evi təmirə dayananda işçilərin hamısını ayrı-ayrı xəstəxanalara bölüşdürüblər
Doğum evi təmirə dayananda işçilərin hamısını ayrı-ayrı xəstəxanalara bölüşdürüblər
Ötən ay Səhiyyə nazirinin sərəncamı ilə Respublika Doğum Evinin adı dəyişdirildi. İndi onun yerində Respublika Prenatal Mərkəzi yaradılır. Nazirlik mərkəzdə işləmək üçün yeni işçi heyət yığır. Respublika Doğum Evinin köhnə işçiləri isə narazıdırlar ki, onlar dura-dura nəyə görə kənardan işçi gətirilir? Adının açıqlanmasını istəməyən bir tibb bacısı deyir ki, doğum evi təmirə dayananda işçilərin hamısını ayrı-ayrı xəstəxanalara bölüşdürdülər:

- Amma biz Respublika Doğum Evinin işçisi kimi maaş alırdıq. İndisə bizim əmək kitabçalarımızı özümüzə qaytarıb deyirlər ki, işdən azadsız, bir aylıq müavinətinizi də alacaqsız. Mən 20 ildir ki, burda işləyirəm. Doğum evinin yerində dəmirçixana açmayıblar ki? Bizə deyirlər ki, müsahibədən keçməlisiz. Biz müsahibədən qorxmuruq, amma Azərbaycanda işə qəbul zamanı keçirilən müsahibələrin obyektivliyinə inanmırıq. Deyirik ki, heç olmasa, bizə vəsait verin görək müsabiqədə nə soruşacaqsız? Cavab verirlər ki, heç bir vəsait yoxdur.

«DOĞUM EVİNİN ƏKSƏR İŞÇİLƏRİ YERİNƏ QAYIDACAQLAR»

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva isə keçmiş işçilərin narazılığını əsassız sayır, deyir ki, elə nazir Oqtay Şirəliyev də təcili iclas keçirib bildirib ki, doğum evinin əməkdaşlarının əksəriyyəti işlə təmin olunacaq:

- Yeni mərkəz açıldığı üçün qanunvericiliyə uyğun olaraq onlar işdən çıxarılıb. Mənə də zəng eləyirlər, amma narahatlığa əsas yoxdur. İndi mərkəz açılana qədər belə ajiotaj olacaq. Kiçik bir müsahibədən keçəcəklər.

- Müsahibəylə bağlı bir vəsait varmı? Onlara veriləcəkmi?

- Nə vəsait? Testlə imtahan vermirlər ki…Soruşulacaq ki, hansı şöbədə işləmisən, neçə il işləmisən? Çətin bir şey yoxdur. Əksəriyyəti qəbul olunacaq.

- Elmira xanım, «əksəriyyətə» düşməyən tibb işçilərinin taleyi necə olacaq?

- İndi onların arasında təqaüdçülər, yaşı 70-dən yuxarı olanlar var…

- Onlar işdən çıxarılacaqlar?

- Mən indi sizə dəqiq bir söz deyə bilmərəm.

Bərdə sakini Ağalar Ağalarov Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovdan şikayətçi düşüb. Onun sözlərinə görə, bir arayış üçün icra başçısına müraciət edən bacısı Saday Ağalarova Ramiz Cəbrayılovun qəzəbinə tuş gəlib:

- Əvvəlcə o, bacımı mehribanlıqla qəbul edib. İşçisinə də tapşırıb ki, Sadayın istədiyi sənədi düzəltsinlər. Bacım onun qəbulunda olanda icra başçısının yanında bir neçə polis əməkdaşı, bir də icra hakimiyyətinin başqa işçiləri olub. Bacım çıxandan sonra yəqin, yanındakılar Ramiz Cəbrayılova bacımın kimlərdən olduğunu söyləyiblər, başçı bacımı geri çağırtdırıb, hamının gözünün qabağında onu təhqir edib, hətta əlindəki qələmlə onun başından vurub.

«ARAMIZDA ƏDAVƏT OLUB»

Suallarınızı hüquqşünas Azər Nağıyev cavablandırır
İçra başçısı niyə qəzəblənməliymiş ki? Ağalar Ağalarov deyir ki, onunla Ramiz Cəbrayılov arasında ədavət var, 2005-ci ilin parlament seçkisində yolları toqquşub:

- O, seçki məntəqə komissiyasının sədriydi, mən də onların istəmədiyi bir adamın vəkili. Seçki zamanı baş verən saxtakarlığa etiraz edirdim, onunla da sözüm çəpləşdi. Ona görə də Ramiz Cəbrayılov bizim nəsillə düşmənçilik edir.

Amma Saday Ağalarova döyülməsilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib. Yalnız ölkə prezidenti İlham Əliyevin rəsmi saytına yazıblar.

Ağalar Ağalarov deyir ki, bacısı polis əməkdaşlarının gözü qarşısında təhqir olunduğu, döyüldüyü üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi mənasız sayıblar.

«AĞALAROV NARAHAT ADAMDIR»

Şikayətə Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun münasibətini eşitmək istədik. Amma icra hakimiyyətinin ümumi şöbəsinin müdiri Eldəniz Qasımov dedi ki, o özü də həmin vaxt Ramiz Cəbrayılovun otağında olub və deyilənlər cəfəngiyyatdır:

- Saday Ağalarova oğuna və gəlininə məcburi köçkün sənədi almaq üçün icra hakimiyyətinə müraciət eləyib. Həmin vaxt başçının müavinləri də orda olub. Döyülməklə, təhqirlə bağlı deyilənlər ağ yalandır. Sadayın oğlu bir yerlisini gülləylə vurub öldürüb, indi həbsdə yatır. Qardaşı Ağalar da narahat adamdır. Seçkilərdə də pozucu hərəkətlər eləyib, qərəzli mövqe tutub, bax belə…

- Müxalifət yönümlü olmaq qərəzli olmaqmı deməkdr?

- Sağlam müxalifət demirəm də. Parlament seçkisində qanunsuz hərəkətlərə yol verib.

- Ramiz Cəbrayılovla Ağalar Ağalarovun hər hansı şəxsi problemi varmı?

- Yox, heç bir şəxsi problemləri yoxdur.

«ŞAHİDLƏRİN İFADƏLƏRİ HƏQİQƏTİ ÜZƏ ÇIXARA BİLƏR»

Hüquqşünas Azər Nağıyev deyir ki, Saday Ağalarovanın icra başçının otağında təhqir və təzyiqlə üzləşməsi halı baş veribsə, o, öz haqqını məhkəmədə müdafiə edə bilər:

«Ola bilsin ki, onun əlində sübutu yoxdur. Hətta hesab eləyir ki, yeganə şahidlər icra başçısının işçiləridir və onlar qorxularından həqiqəti danışmazlar. Amma ədalətli məhkəmə araşdırması aparılarsa, həqiqət üzə çıxa bilər. Şahidlərin ifadələrini tutuşdurmaq yolu ilə bilmək olar ki, Saday Ağalarova təzyiqlə üzləşib, ya yox».

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG