Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:19

ANAR "Xaqani - 25"


Yetmiş ildir ki, Azərbaycan Yazıçılar təşkilatı Xaqani küçəsində, 25 nömrəli evdə yerləşir.

Xaqani küçəsi Bakının mühüm özəlliklərə malik küçəsidir. Məhz bu küçədə bir neçə Yaradıcılıq İttifaqı, bir neçə mədəniyyət ocağı fəaliyyət göstərir.
Xaqani küçəsinin o başında – Rəsul Rza və Nigar Rəfibəyli küçələri kəsişdiyi yerdə məşhur kitab pasajı yerləşir.

Mən bu kitab pasajının üstündəki evin üçüncü mərtəbəsində, atamın mənzilində böyümüşəm və ilk kitabları da aşağıdakı dükandan almışam.

Xaqani küçəsinin bu başından o başına gedən yol – müəyyən mənada elə mənim ömür yolumdur.

Kitab pasajından bir tin o yana Xaqani küçəsində Səməd Vurğun adına Rus Dram Teatrı yerləşir.

Bu teatrda mənim iki pyesim tamaşaya qoyulub. Teatrla bitişik binada, indi İraq səfirliyi olan binada, vaxtilə Memarlar İttifaqı yerləşirdi.

1967-ci ildə “Qobustan” toplusu yaradıldı və mən onun baş redaktoru təyin olundum.

Memarlar İttifaqı redaksiyamızı qonaqpərvərliklə qəbul etdi, işləməyimiz üçün iki otaq ayırdı.

Bu binayla üzbəüz Teatr Xadimləri İttifaqı və Aktyor evi yerləşir.

Sonralar “Qobustan” redaksiyası Aktyor evinə köçdü, bir müddət sonra isə mən Teatr cəmiyyəti (o vaxt belə adlanırdı) sədrinin birinci müavini seçildim.

Xaqani küçəsiylə bir tin də getsək, Rəssamlar İttifaqının qarşısına gələcəyik.

Yazıçılarla rəssamlar arasında sıx dostluq əlaqələri var, tez-tez bir-birimizin tədbirlərində iştirak edirik.

Eynilə Xaqani küçəsi 27 nömrəli binada yerləşən, qapı qonşumuz Bəstəkarlar İttifaqıyla da mehriban münasibətlərimiz var. Azərbaycan bəstəkarlarının bir çox mahnıları, opera və operettaları şairlərimizin, yazıçılarımızın iştirakıyla yaranıb.

Bəstəkarlar İttifaqına bitişik bina M.F.Axundzadə adına Dövlət Kitabxanasıdır. Buradakı zəngin kitablıqda bizim əsərlərimiz də qorunub saxlanılır, oxuculara çatdırılır. Burada oxucularla görüşlərdə, ayrı-ayrı tədbirlərdə yazıçılar fəal iştirak edir.

Sözümün canı isə əlbəttə, Xaqani küçəsində 25 nömrəli evdə yerləşən Yazıçılar Birliyidir. Bu il təşkilatımız yaranmasının 75 ilini qeyd edir.

Bu yetmiş beş ilə nəzər salanda Yazıçılar İttifaqının tarixində şərəfli, qürur doğuracaq səhifələrlə yanaşı, uğursuz illərin acıları da yada düşür.

Şükür ki, 37-ci ilin o amansız, qəddar toplantıları bu binada keçirilməyib.

Doğrudur, sonrakı illərdə də burada qalmaqallı iclaslar az olmayıb. Yadımdadır, hələ Yazıçılar İttifaqında işləmədiyim vaxtlarda buradakı bir toplantıda çıxış edərək demişdim ki, mənim dünyada qorxduğum bir yer varsa, o da Yazıçılar İttifaqının bu Natəvan klubudur.

Çünki yeniyetməlik dövründən burada keçirilən iclaslara gələrdim və burada kimlərin kimlər haqqında nələr dediyini yada salanda, doğrudan da vahimələnirsən.

Amma nə olur-olsun, əsəb gərginliyi də, yersiz didişmələr də, bir-birinə atılan daşlar da zaman keçdikcə unudulub gedir, yalnız həqiqi ədəbi meyarlar və ədəbi dəyərlər qalır.

1991-ci ildən etibarən Birlik adlanan Yazıçılar İttifaqının fəaliyyətində hər halda işıqlı cəhətlər qaranlıq məqamlardan qat-qat çoxdur.

Sovet dövründə ən nüfuzlu ictimai təşkilat kimi Yazıçılar İttifaqı hər zaman dilimizin, mənəviyyatımızın, milli varlığımızın keşiyində durub, xalqımızın mühüm taleyüklü məsələləri meydana çıxanda ən gur səslənən yazıçı sözü olub. 1990-1991-ci illərdə Azadlıq meydanına gedən yollar bir çox hallarda Yazıçılar ocağından başlanır.

O illər Xalq hərəkatının önündə ilk növbədə Azərbaycan yazıçıları gedirdilər.

Amma ondan qabaqkı illərdə də xalqın milli şüurunun yetkinləşməsində, həqiqi mənəvi dəyərləri mənimsəməsində şerimizin, nəsrimizin, dramaturgiyamızın, tənqidimizin müstəsna rolu var. Unudulmaz öndərimiz Heydər Əliyev çıxışlarında bu cəhəti dönə-dönə qeyd edib.

Çox çətin vaxtlarda Yazıçılar təşkilatına rəhbərlik edən insanların xidmətlərini unutmaq olmaz.

Mən onların adlarını hörmət və ehtiramla çəkirəm: Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza , Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı...

1987-ci il iyunun 18-də Yazıçılar İttifaqının plenumunda mən təşkilatın rəhbəri seçiləndən sonra iş kabinetimdə İttifaqa müxtəlif illərdə rəhbərlik etmiş bu doqquz yazıçının portretlərini asdım. Onların yanında bir portret də asılıb – 1993-cü ildən Birliyin birinci katibi vəzifəsini icra edən, vaxtsız itirdiyimiz əziz dostumuz, gözəl yazıçımız Yusif Səmədoğlunun portreti.

Bu gün Yazıçılar Birliyinin birinci katibi vəzifəsini başqa bir istedadlı sənətkarımız, xalq şairi Fikrət Qoca icra edir, onunla və Yazıçılar Birliyinin digər üç katibi – Arif Əmrahoğlu, Çingiz Abdullayev, Rəşad Məcidlə, sədrin müavini Nazim İbrahimovla – bəziləriylə uzun illər, bəziləriylə son illər tam anlaşıqlıq və səmimi əməkdaşlıq şəraitində işləyirik.

Yazıçılar Birliyinə rəhbərlik etdiyim 22 il həm mənim tərcümeyi-halımda, həm də Yazıçılar Birliyinin tarixində yəqin ki, ən çətin illər idi.

Bu illər ərzində biz bir-biriylə daban-dabana zidd olan, iki çox fərqli ictimai quruluşda yaşadıq və fəaliyyət göstərdik – Sovet sistemində və Azərbaycanımızın müstəqilliyi dövründə.

Kökündən dəyişən ictimai-siyasi anlayışlar, iqtisadi durum, mənəvi iqlim şəraitində Yazıçılar Birliyinin yaradıcı təşkilat kimi sifətini və bütövlüyünü qoruyub saxlamağa çalışdıq və buna nail olduq.

Qarabağ məsələsi ortaya atılan kimi buna qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat Yazıçılar Birliyi oldu. O vaxtkı mərkəzə – Moskvaya, ölkə rəhbərliyinə göndərdiyimiz məktublar, müraciətlər, Azərbaycan, Moskva, Türkiyə televiziya kanallarıyla çıxışlarımız, respublika, Rusiya, Türkiyə, bəzi Avropa ölkələri mətbuatında çap etdirməyə nail olduğumuz yazılarla Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırdıq və xalqımızı ayıq-sayıq olmağa çağırırdıq.Xalq o vaxtkı iqtidardan əlini üzəndə yolunu Yazıçılar Birliyinə salırdı.

Gündə neçə-neçə qaçqını, köçkünü qəbul edir, onların problemlərini imkanlarımız daxilində həll etməyə cəhd göstərirdik ki, bir qismini Şüvəlandakı Yaradıcılıq evində yerləşdirdik.

Kommunist partiyasından başqa heç bir siyasi partiya fəaliyyət göstərmədiyi illərdə Yazıçılar Birliyi siyasi məsələlərə fəal müdaxilə etməyi də öz boynuna götürmüşdü. 1990-cı ilin Qanlı yanvar müsibəti haqqında, Xocalı faciəsi haqqında Moskva mətbuatı vasitəsilə dünyaya car çəkən də Azərbaycan Yazıçılar Birliyi oldu.

Hazırkı dövrdə siyasi partiyaların fəaliyyət göstərdiyi, müxtəlif ictimai qurumların bolluğu, mətbuat və söz azadlığı dövründə Yazıçılar Birliyi xalqımızın taleyüklü problemlərindən yayınmadan əsas diqqətini yaradıcılıq məsələlərinə yönəldir.

Yazıçılar Birliyi öz üzvlərinə də onların partiya mənsubiyyəti və siyasi əqidələri baxımından deyil, yaradıcılıq nöqteyi-nəzərindən yanaşır.

Yəqin elə buna görə də Moskvanın, Rusiyanın, əksər keçmiş sovet respublikalarının yazıçılar təşkilatlarından fərqli olaraq bizim Birliyimiz dağılmadı, parçalanmadı, bölünmədi, əmlakını hərraca çıxarmadı.

Əgər sovet dövründə dörd filialımız (o cümlədən erməni yazıçılarının Dağlıq Qarabağ filialı) vardısa, indi, Azərbaycanın bütün bölgələrini, o cümlədən Qarabağı əhatə edən on bir filialımız var, Naxçıvan filialı Yazıçılar Birliyi statusu alıb. Moskvada, Borçalıda, İstanbulda şöbələrimiz fəaliyyət göstərir.

Mədəniyyət Nazirliyilə şərikli orqan olan “Ədəbiyyat və incəsənət” qəzeti indi yalnız Yazıçılar Birliyinin orqanı – “Ədəbiyyat qəzeti”dir. Son zamanlar “Ədəbiyyat qəzet”inin bazasında rus dilində aylıq “Mir literaturı” qəzeti də nəşr olunur.

Əvvəllər yalnız Mədəniyyət Nazirliyinin orqanı olan “Qobustan” toplusu indi ancaq Yazıçılar Birliyinin nəşridir.

Ənənəvi “Azərbaycan”, “Literaturnı Azərbaycan”, “Ulduz” jurnallarına “Qobustan”dan başqa “Dünya ədəbiyyatı”, “Körpü”, “Mütərcim” topluları da əlavə olunub. Azərbaycan Yazıçılar Birliyinin israrlı və inadlı səylərilə Yazıçılar Birliyi nəzdində Tərcümə və ədəbi əlaqələr Mərkəzi yaradıldı.

Mərkəzin ilk sədri görkəmli alim və tənqidçi, rəhmətlik Aydın Məmmədov Mərkəzin işini Yazıçılar Birliyi rəhbərliyilə qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində qurmuşdu. Mərkəz dünya ədəbiyyatının bir çox örnəklərini orijinalın dilindən çevirir, ayrıca kitablar şəklində və ya “Xəzər” toplusunda nəşr edir.

Birliyimiz Rusiyanın, Türkiyənin, Ukraynanın, Gürcüstanın, Polşanın, Rumıniyanın yazıçı təşkilatlarıyla əlaqələr saxlayır, qarşılıqlı nəşrləri təşkil edir. Moskvanın “Drujba narodov” jurnalı, heç sovet dövründə də baş tutmamış təşəbbüsdə bulundu – bir nömrəsini bütünlüklə Azərbaycan ədəbiyyatına həsr etdi.

Azərbaycan yazıçılarının əsərləri Türkiyənin müxtəlif jurnallarında dərc olunur, kitablarımız qardaş ölkədə nəşr edilir.

Azərbaycanda da bir çox türk yazıçılarının kitabları Yazıçılar Birliyinin təşəbbüsüylə və maliyyə yardımıyla çap olunub. Son illərdə Yazıçılar Birliyi Nazim Hikmətə, Çingiz Aytmatova həsr olunmuş kitabları, rus dilində üç cildlik Azərbaycan şeiri antologiyasını və başqa sanballı nəşrləri meydana çıxarmışdır.

Azərbaycan yazıçıları müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edir və bir sıra xarici yazıçıları Azərbaycana dəvət edirik. Nizamnaməmizə son qurultaylarda edilən əlavəyə görə dünyanın bir sıra ölkələrinin görkəmli yazıçıları, o cümlədən Çingiz Aytmatov, Oljas Süleymenov, Cavad Heyət Birliyimizin fəxri üzvü seçilmişlər.

Birliyimizin ilk fəxri üzvü isə ümummilli liderimiz Heydər Əliyev oldu. Sovet dönəmindən sonra və 1993-cü ilə qədər təşkilatımız maddi baxımdan çox çətin dövrlər yaşadı. Binamızın birinci mərtəbəsini icarəyə verərək jurnallarımızı, qəzetimizi saxlaya bildik.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Yazıçılar Birliyinin özü də, onun ədəbi orqanları da dövlət büdcəsinə qəbul edildi və beləliklə, ədəbi mətbuatımız, deməli ədəbiyyatımız və dolayısıyla ədəbi dilimiz xilas olundu.

Əvvəlki qurultaylarda iştirak edən Heydər Əliyevi vəzifə başında olmayanda da IX qurultayımıza dəvət etdik və o, qurultayda iştirak etdi. 1997-ci ildə X qurultayımızda Azərbaycanın Prezidenti kimi çıxış edən Heydər Əliyev bu faktı minnətdarlıq hissiylə xatırlayırdı.

Heydər Əliyevin Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilməsində onun illər boyu ədəbiyyat məsələləri haqqında, ayrı-ayrı klassik və müasir yazıçılarımızın yubileylərində etdiyi dəyərli çıxışları və məruzələri də nəzərə alınırdı.

Ulu öndərimizin yolunu layiqli şəkildə davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev də yazıçıların və Yazıçılar Birliyinin problemlərinə daima böyük diqqətlə və qayğıyla yanaşır.

Təklifimizlə Tərcümə Mərkəzinin büdcəyə salınması, binamızın əsaslı şəkildə təmir olunması, 70 nəfər yazıçıya, o cümlədən 20 gəncə təqaüdlər verilməsi bu diqqətin və qayğının bariz örnəyidir.

Gənclərlə işi Yazıçılar Birliyi fəaliyyətinin ən mühüm sahələrindən biri sayır. X və XI qurultaylarda Birliyin gənclər üzrə katibləri seçildilər, Yazıçılar Birliyində Elçin Hüseynbəylinin rəhbərliyi ilə Gənclər şurası yaradıldı, “Ulduz” jurnalı bütünlüklə gənclərin ixtiyarına verildi.

Aydın dərk edirik ki, gənclər ədəbiyyatımızın gələcəyidir. Bu gələcəyin necə, nə qədər sağlam və xalq üçün gərəkli olması isə əhəmiyyətli dərəcədə bizlərdən – yaşlı nəslin nümayəndələrindən asılıdır. Biz bu missiyanı layiqincə yerinə yetirməyə çalışırıq.

Xaqani – 25... Əvvəllər İttifaqın sıravi üzvü kimi gəlib-getdiyim bu binaya son 22 il ərzində məsul vəzifə sahibi kimi gəlirəm. Neçə nəsil böyük yazıçılarımızın ruhu yaşayan bu binanın pilləkənlərilə qalxarkən düşünürəm ki, divarlar, daşlar insan ömründən etibarlıdır. Bizdən əvvəlkilər getdiyi kimi, bir gün biz də gedəcəyik və bizdən sonra gələnlər də gedəcək.

Bina isə qalacaq. Yalnız memarlıq abidəsi kimi yox, mənəviyyat ocağı kimi nəsillərdən-nəsillərə keçəcək. Nəsil-nəsil insanların görüşdüyü, bəzən sevindiyi, bəzən incidiyi, bəzən küsdüyü, bəzən barışdığı bir məkan kimi ömür sürəcək.

Xaqani – 25 nömrəli ev də şəhərimizin tarixi yerlərindəndir və bu ünvan daima ədəbiyyatımızın müqəddəs məbədi kimi yazıçıların adıyla bağlı yaşayacaq.

"525-ci qəzet"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG