Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Bakı nəyin bahasına və neçəyə «gözəlləşir?»


«Moskva» mehmanxanasının yerində tikilən kompleksi Ərəb ölkələrində, Dubayda görmək olar. 28, 30, 32 mərtəbəli bu əcaib binaların Bakının arxitekturasına qətiyyən dəxli yoxdur!»

Bu sözlər dekabrın 4-də İslam, Demokratiya və İnsan Haqları Komitəsinin keçirdiyi Dəyirmi Masada səslənib.

Komitənin ABŞ səfirliyinin yardımı ilə gerçəkləşdirilən «Vətəndaşların Bakının həyatındakı iştirakı. Şəffaf büdcə» layihəsinin «Bakı nəyin bahasına və neçəyə «gözəlləşir?» mövzusunda təşkil etdiyi masaya toplaşanlar son illər paytaxtı bürüyən xaotik tikililərin şəhərin ansamblına, onun ekologiyasına vurduğu zərbədən danışdılar.

Layihənin eksperti Qubad İbadoğlu şəhərdə tikilən və tikilməsi nəzərdə tutulan -maketi təsdiq olunmuş binaların slaydlarını da nümayiş etdirdi. «Neft şirkəti bir yandan işçilərini ixtisar edir, maaşları verməyə pul tapmır, bir yandan da gördüyünüz 35 mərtəbəli ofis tikdirir. Və ya bu Xalça muzeyinin Dənizkənarı Bulvar ərazisində nə işi var? Yenə orada tikilən Muğam Evinə 22 milyon niyə və necə xərclənib? Heydər Əliyev muzeyinin bu qədər ərazini tutmasına ehtiyac varmı? Gələcəkdə tikilməsi nəzərdə tutulan, göydələn binanın içini yarıb keçən bu körpüyə nə gərək var?»

Qubad İbadoğlu Bakı sakinlərini öz şəhərlərinə biganə olmamağa, qeyri-hökumət təşkilatlarını isə bu mövzunu daim diqqət mərkəzində saxlamağa çağırdı. «Piketlərin, mitinqlərin keçirilməsi, məlumatlandırma materiallarının nəşr edilib yayılması, sosial çarxların efirə verilməsi, kütləvi imzaların toplanması, ictimai kampaniyaların təşkili və s. vasitələrdən yararlanmaq lazımdır».

Ekoloq Telman Zeynalov vətəndaş cəmiyyətini bir yumruq halında birləşməyə, gücə çevrilməyə çağırdı. «Vətəndaş cəmiyyəti nə qədər müxtəlif qruplara bölünsə, biz heç bir şeyə nail ola bilməyəcəyik. Liderlik iddiasını bir kənara qoymaq lazımdır».

Telman Zeynalov «Gələcəkdə Bakını nə gözləyir?» sualını özü də cavablandırdı. «Alisa möcüzələr ölkəsində» cizgi filmi yadınızdadırmı? Bax, Bakının halı da o cür olacaq. Yüksək mərtəbəli evlər, qızılı fəvvarələr, nəhəng körpülər şəhərinə çevriləcək. Çirkin zövqün məhsulu olan naşı tikililər artacaq. Bu, neft qurtarana qədər davam edəcək».

Ekoloq xaotik binaların küləyin istiqamətini dəyişdirəcəyinə, epidemiyaların yayılmasına şərait yaradacağına, yağışlar mövsümündə şəhərin suyun içində qalacağına diqqət çəkdi.

Milli Dəyərlərin Qorunması İB-nin rəhbəri Dilarə Nağıyeva babası - məşhur milyonçu Musa Nağıyevin Bakını avropalaşdırmaq istəyindən danışdı. «O, bənzəri İtaliyanın Venesiya şəhərində olan elə bir bina tikdirdi ki, (İsmailiyyə) indi də baxanlar heyran qalırlar».

Dilarə xanım babasının tikdirdiyi xəstəxana binasının tarixini də söylədi. «Babam yer seçmək üçün Bibiheybət yolunda, Qaraşəhərdə və indiki xəstəxananın yerində heyvan kəsib saxlayır. 1-ci gün Bibiheybət yolundakı ət xarab olmağa başlayıb. 2-ci gün Qaraşəhərdəki. Uzun illər «Semaşko» çağırılan binanın yerində saxlanan qoyun isə 3- cü gün iylənməyə başlayır. Musa Nağıyev oranın havasının təmiz olduğunu yəqin edib, elə orada da xəstəxana binası tikdirir».

Musa Nağıyev Xəstəxananın həyətində küknar bağı da salıb. Çünki küknar vərəm çöpünü udur. Dilarə xanımın dediyinə görə, babasının adını öz tikdirdiyi xəstəxanaya vermədikləri bir yana, o küknarlığı da qırıb, yerində 17 mərtəbəli bina tikiblər...

Dilarə Nağıyeva babasının digər bir binasının - hazırda «Üns» teatrının yerləşdiyi binanın onun səyi nəticəsində xarici görünüşünü saxladığını da diqqətə yetirdi və bakılıları hər bir daşın uğrunda mübarizəyə səslədi.

Sonda bir daha problemləri sadalayan ekspert Qubad İbadoğlu Büdcədə investisiya xərclərinin təsnifatının verilmədiyini, NK-nin qərarı ilə aparılan bölgünün qapalı saxlandığını bildirdi.

Dövlət maliyyə nəzarətini «imitasiya» adlandıran ekspert, bu nəzarətin az əhəmiyyətli, az məbləğli layihələr üzrə aparıldığını, bəzən layihə-smeta dəyəri məlum olmayan obyektlərə tendersiz vəsait ayrıldığını, bunun da korrupsiyaya yol açdığını dilə gətirdi.
İctimai nəzarət və ictimai iştirakçılıq imkanları zəif olan şəhərdə hələ də müstəqil büdcəyə malik meriyanın yaradılmamasını xüsusi vurğuladı.

«Büdcə Qanununda şəffaflığın və ictimai iştirakçılıq formalarının tətbiqi üçün hüquqi əsaslar yaradılmalıdır. Elektron hökumətin qurulması işi sürətlənməlidir. Bakı şəhərinin meriyası və büdcəsi formalaşmalıdır. İctimai iştirakçılıq formaları genişləndirilməlidir».
XS
SM
MD
LG