Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

«İşləməsəydim əsl əlil olardım...»


Kifayət Quliyeva
Kifayət Quliyeva
«İş mənim üçün ətrafı, cəmiyyəti tanımaqdır, yeni-yeni nələrləsə qarşılaşmaqdır. İşləməsəydim əsl əlil olardım. İşlədiyim üçün çox vaxt əlil olduğumu unuduram».

Bunu ikinci qrup əlil Kifayət Quliyeva deyir. Kifayət 10 ildir ki, qeyri-hökumət təşkilatında işləyir. İşi, cəmiyyət arasında olmağı özü demiş ona əlilliyini unudur:

«İşləməyən əlil qapalı, bədbin olur. Ona görə dövlət əlil olan adamlara diqqət göstərməlidir. Mən özüm bu işə gəlməmişdən əvvəl Məşğulluq Şöbəsinə müraciət eləmişdim. Dedilər gözlə, o vaxtdan heç axtarmadılar da».

ƏLİLLƏR ÜÇÜN KVOTA

Qanunvericiliyə görə, əlillərin işləməsi üçün iş yeri kvotası müəyyən olunur. Bu kvotyla iş yerində hər 25 nəfər sağlam işçidən biri əlil ola bilər. Ancaq buna əməl olunmur. Respublika Əlil Qadınlar Cəmiyyətinin rəhbəri Məhluqə Rəhimova deyir ki, dövlət və özəl sektorda əlil adamları işə götürməkdə maraqlı deyillər:

«Sahibkarların özlərinin də marağında deyil ki, əlil insanlar onlarda işləsin. Kvotadan başqa digər hüquqlar da var. Məsələn, əlil adam 8 saat yox, 7 saat işləməlidir. Ancaq ona da başqa adamlar kimi maaş verilməlidir. Vəziyyətinə uyğun şərait yaradılmalıdır, imtiyazlar olmalıdır. Məzuniyyət günləri artıq olmalıdır. Bizdə isə bunları qəbul etmək istəmirlər».

ƏLİLLƏR HARDA İŞLƏYİR?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirdilər ki, kvotayla işə götürülən əlillərin sayı çox olmasa da, bu kvotanın artırılması planlaşdırılır. Bu nəyi dəyişəcək, dövlət müəssisələrinə təsir etmək mexanizmi varmı? Sahib Məmmədov nə deyir?
Statistikaya görə, Azərbaycandakı 400 mindən artıq əlilin 3 faizi - 1,3 faizi dövlət qurumunda, 1,7 faiz özəl sektorda işləyir.

Əlil adamlar iş yerinə gedib çıxana qədər də müxtəlif problemlərlə qarşılaşır. Əlillər üçün xüsusi yollar yoxdur, nəqliyyat vasitələrində, liftlərdə əlillər nəzərə alınmır. Kifayət Quliyeva deyir ki, üstəgəl adamların münasibəti əlillərin psixoloji vəziyyətini lap çətinləşdirir:

«Əlillərə yazıq kimi baxırlar, deyirlər ki, belə adaları niyə bayıra buraxırlar. Belə sözləri çox eşidirik. Bu adama psixoloji cəhətdən mənfi təsir göstərir. Əksinə eləmək lazımdır. Yazığı gəlmək yox, yol göstərmək lazımdır. Ona dilənçi kimi yox, bir insan kimi yanaşmaq lazımdır».

Kifayət Quliyeva əlilliyinə görə dövlətdən 35 manat pul alır. Deyir ki, işləməsəydi, bu onun çörək puluna zorla çatardı.

Azərbaycanda 468 min nəfər əlil var. Onlardan 168 mini qadın, 50 mini uşaq, qalanları kişilərdir.
XS
SM
MD
LG