Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Dünyanın 50 möhtəşəm səsindən biri azərbaycanlı ola bilər


Alim Qasımov
Alim Qasımov
ABŞ Milli Radiosu maraqlı bir layihənin icrasına başlayıb. O gələn il dünyanın tarixə düşmüş 50 möhtəşəm səsini müəyyənləşdirmək istəyir. Artıq 130 səsin sahibinin yer aldığı siyahı üzərində iş gedir. Siyahıda Azərbaycanın görkəmli xanəndəsi Alim Qasımovun da adı var.

Alim Qasımovun mətbuat əlaqələndiricisi Səadət Möhübovanın AzadlıqRadiosuna dediyinə görə, ünlü xanəndə bu siyahıya ABŞ-a etdiyi çoxsaylı səfərlərə görə salınıb.

«Daha kimlərin adı hallanır?» - sualına Səadət xanım dünyanın ən üzdə və gözdə olan ulduzlarının adını sadalayıb: Maykl Cekson, Uitni Hyüston, Elvis Presli, Lui Armstronq, Freddi Merkuri, Bob Marley, Mariya Kallas, Frenk Sinatra, Nüsrət Əli Fətəlixan və b. Sonuncunu Alim Qasımovun da çox sevdiyini deyən mətbuat əlaqələndiricisi «Bu xəbəri haradan eşitdiniz?» -sualını da cavablayıb:

«Xəbəri xaricdən telefonla verdilər. Əvvəl təbrik etdilər. Hətta seçildiyini söylədilər. Sonra özümüz sayta daxil olub öyrəndik ki, hələ seçim qarşıdadır».

S.Möhübova Alim Qasımova səs vermək üçün saytın ünvanını da açıqlayıb: www.npr.orq «Alim Qasımov özü xəbəri necə qarşıladı, dünyanın 50 möhtəşəm səsinin sırasında olmaq perspektivi onu sevindirdirdimi - sualının cavabı da gözlənilən idi: «Özü sevindi. Bütün Azərbaycandan səs gözləyir!»

Onu da vurğulayaq ki, bir şəxs müsabiqədə yalnız bir səs verə bilər.

Mətbuat əlaqələndiricisinin fikrincə, Alim Qasımov Azərbaycanı dünyada təmsil edən və bu işin öhdəsindən layiqincə gələn sənətçi olduğundan, çağırış heç də təəccüblü qarşılanmamalıdır:

«Sizin radio vasitəsi ilə dünya Azərbaycanlılarına çağırış edək. Qoy Alim Qasımovumuza -Azərbaycanın görkəmli sənətçisinə səs versinlər!».

Xatırladaq ki, ABŞ Milli radiosu hazırda ilk yüzlüyün dəqiqləşdirilməsi üzərində çalışır. Dünyanın tarixə düşmüş 50 səsi də internet vasitəsi ilə həmin 130 səsin arasından seçiləcək.
XS
SM
MD
LG