Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:06

Sovet Azərbaycanından yerinə düşən plakat


«Sayıq ol! Artıq-əskik danışma!»
«Sayıq ol! Artıq-əskik danışma!»
Əli Novruzovun yerləşdirdiyi bu plakat Sovet dövründə yaşayanlara tanışdır. Plakatın özü köhnə olsa da, mənası öz aktuallığını itirməyib – bloqçu bu fikirdədir.

«Bu plakat 1941-45-ci illərin Sovet Azərbaycanında nəşr olunub. Məqsəd sıravi vətəndaşları müharibə dövründəki çətinliklərlə bağlı narazılıqlarını içlərində saxlamağa, sakit olmağa təbliğ etmək idi: «Sayıq ol! Artıq-əskik danışma!»

Bloqçu yazır ki, bu gün Sovet Azərbaycanından uzun müddət keçsə də, gənc bloqçular Emin Milli və Adnan Hacızadənin həbsi göstərdi ki, hazırkı Azərbaycan hökuməti də bu plakatdakı mesajı verir : «Sayıq ol! Artıq-əskik danışma! Yoxsa səni həbsə atarıq!»

***

«Gənclər hərəkatına müqavimət göstərmək üçün Azərbaycan yenidən özünün Komsomolunu yaradır». Bu da Əli Novruzovun bloqundandır. Yazıda bu günlərdə Azərbaycanın Tələbə-Gənclər Təşkilatları Birliyinin yaradılmasından danışılır. Bloqçu hesab edir ki, «hökumət bununla Komsomol ya da ölkə gəncləri adından danışacaq yarımrəsmi qurum yaradır».

Əli Novruzov yazır ki, bloqçuların həbsindən sonra Azərbaycan gəncləri ilə üz-üzə qalan hökumət indi gənclərlə daha ciddi məşğul olmağa qərar verib.

***
Qoyun və Azərbaycanlı

Elnur Məcidli Qurban Bayramını özünəməxsus qeyd edib, yazısında Azərbaycanda qoyuna olan sevginin «görünməyən» tərəflərini açıb:
«Azərbaycan xalqı qoyunları çox sevir. Sevgi qarşılıqlıdı deyiblər, elə qoyunlarımız da bizi ən az o qədər sevir. Azərbaycan xalqı qoyunu sadəcə yağlı ətinə, kababına görə sevmir, bəlkə də gücü çatdığı 3-5 canlıdan biri olduğu üçün sevir…

Hər bir azərbaycanlı ömründə ən az bir dəfə Biz nə Qoyun Millətik deyir. Çünki, gözünü açandan mələşmədən, bir-birinə buynuz soxmadan başqa bir şey görməyib.

Qoyun elə qoyun olsa da, lap iki yüzü bir arada olsun otarmaq üçün bir çoban bəsdi. İki yüz baş qoyunun hər birinə çoban gündə bəlkə də elə iki yüz dəfə kötək vurur, içlərindən biri qayıdıb demir ki, yekə kişisən ala yunum sənin, südüm sənin, yağım, ətim-budum sənin – sən hələ də utanmadan məni kötəkləyirsən, çomaqla o qədər vurmusan ki, belim Qaraçuxurun yoluna bənzəyir…»

***
Santak da qoyunlardan yazıb və heyvanların kütləvi kəsilməsinə etiraz edənlərə öz cavabını verib: «Nəzərə alın ki, mal-qara ətlik, südlük, yunluq cinslər olaraq yetişdirilir, onlardan həmişə qida və ya geyim məhsulu alınır. Heç kəs onları dekorativ məqsədlərlə saxlamır» deyir.

***
Alov hansı alovdur?

İlqar Məmmədov sual edir ki, prezident Əliyevin Münhendən öncəki Yerevana savaş hədəsinin arxasında hansı hesablama durur? Bloqçunun öz sualına cavabı da hazırdır:

«Məncə o, doğrudan da savaşa hazırlaşsaydı, dünya xəritəsində mövcudluğumuzun bir tək xarici dayağı olan Türkiyənin bayrağını ötən ay Bakıda endirməzdi.

Prezidentimizin Türkiyəyə qarşı məlum duyğuları təkcə Susurlukdan sonra yetişməyib.

Xatırlayırsınızsa, 2005-də Türkiyə detektivləri Bakıya gəlib Beynəlxalq Bankın başçısının həyat yoldaşını Hacı Məmmədovun dəstəsindən qurtarandan sonra onların təmsilçisi, bir polis generalı Türkiyəyə qayıdıb bəyan etdi ki, biz həm də Elmar Hüseynovun öldürülməsinin üstünü açdıq... Bakı bu bəyanata çox hirsli idi, onu tezliklə ört-basdır elədilər.

Bəs indi nə baş verir? Ankara Yerevana qarşı öz tələblərində çox ciddidir. Ermənistanla qapılarını Kəlbəcərdən sonra qapatmışdı, Kəlbəcərdən sonra da açmaq istəyir. Düşünürəm, Əliyev bunu bilə-bilə Münhendən öncə alovlu bəyanatı verib ki, sonra xalq deməsin «Türkiyənin sayəsində torpaqlarımız azad olunmağa başladı». Desin «prezidentimiz bir xox gələn kimi ermənilər qoyub qaçdılar».

Həddindən artıq optimist görünmək istəmirəm, amma son zamanların hərəkətliliyi məni çox ruhlandırır».

***
RaufRay bloqunda Azərbaycanda bələdiyyəyə namizədliyini vermiş bəzi gənclərin təbliğat materiallarını yerləşdirib. Bloqçu yazır ki, namizədlikləri qeydə alınmış bəzi gənclər artıq İnternetdə fəaliyyətə başlayıblar. Bu baxımdan Facebook xüsusi aktivliyi ilə seçilir. «Burada namizədlərin həvəskar hazırlanmış posterləri, sloqanlar, qruplar və fan page-ləri görmək olar».

***
Polisi döymək olar

Devrimsol yazır ki, bu günlərdə Rusiyanın Daxili İşlər naziri Rəşid Nurqəliyev deyib ki, əgər vətəndaş cinayətkar deyilsə və hüquq müdafiəçisi ona sataşır, onu vurursa, vətəndaş da cavab verə bilər. Yəni vura bilər...

«Bir yeniyetmə nazirə sual verib ki, milisin vətəndaşlara hücum çəkməsi ilə bağlı çoxlu misallar var. Bu milisləri toxunulmazlıq hüququndan məhrum etmək olarmı?

Nurqaliyevin cavabı belə olub: «Sən soruşursan ki, ona milisioner hücum çəkirsə, vətəndaş cavabını verə bilərmi? Əgər vətəndaş cinayətkar deyilsə, sakitcə öz yolu ilə gedirsə, heç bir qaydanı pozmursa – bəli. Əgər bu, hücumdursa, özünümüdafiə də olmalıdır».
Yəni təkcə polisə yox, həm də polisi vurmaq olar.

Bəs sonra vətəndaş necə sübut edəcək ki, o, cinayətkar deyildi? Bu haqda nazir heç nə deməyib.
Fikirləşirəm ki, bu qayda Azərbaycanda işləsəydi, polislərin nə qədər hissəsi sarğıda və göyərmiş sifətlə gəzməli olardı?!»

Lüğət:

Bloq
– internetdə gündəlik. Adamlar yaşadıqlarını, düşündüklərini internet vasitəsilə digərləri ilə bölüşürlər.

Bloqosfera - bloqların açıldığı virtual məkan (Bloq sizin mənzilinizdirsə, bloqosfera da virtual məhəllələrdir).

Post – Bloqda təqdim olunan hər yeni yazı, ismarış, yaxud şəkil.

Yuzer – İnternet istifadəçiləri.

Maraqlı bloqlar haqqında bizə yazın. Bizim təqdim etdiyimiz bloqları isə burada şərh edə bilərsiniz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG