Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Yol-hərəkət qaydasını pozan piyadaya 10 manat cərimə


Respublika Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidov
Respublika Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidov
Bakı şəhər Dövlət Yol Polis İdarəsi bir neçə gün öncə «Diqqət! Piyada!» adlı aksiya keçirdi. Əslində, bu adı «Diqqət, piyada!» da oxuya bilərik. Çünki aksiyanın əsas məqsədi yol-hərəkət qaydalarını pozan piyadaları nizam-intizama çağırmaq idi.

Nəzərdə tutulmayan yoldan keçməklə piyada öz həyatına təhlükə yaradır. Məsələn, Respublika Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, bu ilin 9 ayı ərzində ölkədə baş verən 2 minə yaxın yol-nəqliyyat hadisəsinin 750-dən çoxunda piyadalar zərər çəkib. 230-a yaxın piyada ölüb, 600-ə qədəri isə yaralanıb. Onların arasında yeniyetmə və uşaqlar da var.

Aksiyanın ilk üç günündə 600-dən çox piyada 10 manat məbləğində cərimə olunub.

Aksiyayla bağlı xəbəri saytdan oxuyanların bəziləri öz şərhlərini, müşahidələrini bölüşmək istəyiblər. Onların AzadlıqRadiosuna yazdıqlarına Respublika Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidovdan cavab istədik.

«ZEBRA»LI YOLLAR TƏHLÜKƏLİDİR

Bakıdan Əli soruşur:

«Yeni yollarda insanların yol keçməsi üçün lazımi yerlər standartlara uyğun deyil. İş başa çatandan sonra yolun ortasından «zebra» (piyada zolağı) çəkiblər. Əslində, orda svetofor olmalıdır. Eni 50 m olan yolda «zebra» olar? Onsuz da ordan keçən adamı sürücünün görmə ehtimalı azdır. Ona görə də insanlar hardan gəldi keçməyə üstünlük verirlər. Məncə, düz edirlər. Mən şəxsən svetofor olmayan yerdə «zebra»ya ayaq belə basmaram, çünki əmin deyiləm».

Ərəstun Məcidov:

«Əli müəllim, konkret yer göstərsəydiz, daha yaxşı olardı. Mən Bakıda eni 50 m olan yol tanımıram ki, orda «zebra» olsun. Elə yollarda adətən ya yerüstü, ya da yeraltı keçid nəzərdə tutulub. Əslində, tikintinin qaydası belədir ki, yol çəkiləndən sonra piyada zolağı çəkilir.

Almaniyadan Fateh yazır:

«Zolaqla hərəkət edən piyadalara maşınlar yol vermir axı? Neynəsinlər bəs bu piyadalar?»

Ərəstun Məcidov:

«Mən sizinlə tamamilə razıyam. Belə vəziyyətdə piyada gözləməlidir ki, avtomobillərin hərəkəti qurtarsın. Nizamlayan yoxdursa, yol-hərəkət haqqında qaydalar deyir ki, piyada gözləsin. Sürücüyə isə deyir ki, sürücü hərəkətə başlamamış piyadaya yol verməlidir. Həm o tərəfə, həm də bu tərəfə vəzifə qoyur. Məsələn, Heydər Əliyev prospektində sürətlə hərəkət edən sürücü nizamlanmayan piyada keçidində dayanmırsa, biz onu məsuliyyətə cəlb edə bilmərik. Amma gərək sürücü fikirləşsin ki, o keçiddən onun da yaxın adamı keçə bilər.

«PİYADA ZOLAĞI AĞACLIĞA ÇIXIR»

Şahin Sumqayıtdan yazır:

«Bildiyimə görə, piyada xətlərini də Yol Polisi çəkir. Onlardan bir xahişim var: Bu xətləri piyadaların daha çox ehtiyacı olduğu yerlərdə çəkin. Şəhərdə piyada xətlərinin bir tərəfinin yol kənarındakı ağacların üzərinə gedib çıxdığı yerlər var. Heç olmazsa, növbəti dəfə bunları dəyişin».

Ərəstun Məcidov:

«Şahin müəllimdən xahiş edərdim ki, həmin yerlər barədə ya Sumqayıt yol polisinə, ya da bizə məlumat versin, tədbir görək».

«İNANMIRAM»

Bakıdan Həsən yazır:

«Şəxsən mən inanmıram ki, bu aksiyanın bir xeyri olsun, bunları cərimə etmək lazımdır...».

Ərəstun Məcidov:

«Niyə inanmırsız? İnanmaq lazımdır. Biz demirik ki, piyadalarla bağlı bütün problemləri bir həftənin içində həll edəcəyik. Amma hər halda, adamları qaydalara əməl etməyə alışdırmaq lazımdır. Haradasa bu vərdişlərin aşılanmasına artıq başlamaq lazımdır. Belə davam edə bilməz».

«YERALTI KEÇİDLƏR YERÜSTÜNDƏN TƏHLÜKƏLİDİR»

Bakıdan Puparo yazır:

«Piyadaları qayda-qanuna öyrətmək üçün əvvəl yeraltı tunellərdəki dükanları yığışdırsınlar. O keçidlər əvvəldən mağazalara hesablanmamışdı. Buna görə də yerüstü təhlükə yeraltındakı basa-basdan və hər hansı bir fors-major hadisədən təhlükəli deyil».

Ərəstun Məcidov:

- Mən sizinlə razıyam. Hazırda şəhərdə iki keçiddə belə vəziyyət qalıb. Bizim idarə müvafiq icra strukturuna müraciət edib, yaxın vaxtlarda bu keçidlər də təmizlənəcək.

- Bu iki keçid haradadır?

- Biri Füzuli meydanında idi, artıq oranı təmizləyirlər. Yeraltı keçid təmir olunur. «20 yanvar» dairəsində ticarət qalıb, yaxın vaxtlarda burda da ticarət ləğv olunacaq.

«3 MİNDƏN ÇOX MAŞININ SİQNALI DƏYİŞDİRİLİB»

Bakıdan Q-z yazır:

«Bu çox yaxşı tədbirdir. Yaxşı olar ki, sürücülər işıqforun icazə verən siqnalında (yaşıl işığında), sağa və sola dönərkən piyada yolundakı (zebra) adamlara yol versinlər. DYP-nin nümayəndələri müxtəlif heyvan səsləri çıxaran səs siqnallarına qarşı sərt tədbirlər görsünlər. Bəzən belə siqnallarla «avtoş»lar yol polisini salamlayırlar.

Ərəstun Məcidov:

«Sözün tam mənasında razıyam. Sürücülər sağa-sola dönəndə piyadalara, velosipedçilərə yol verməlidilər. Təəssüf ki, sürücülər bu qaydaya əməl etmirlər, hərəkətdə olan piyadaya yol vermirlər…

Son 10 gün ərzində biz şəhərdə kütləvi reydlər keçirmişik. Yüksək tonlu, müxtəlif canlıların səslərini çıxaran siqnallar quraşdırılmış 3 mindən çox avtomobil aşkarlamışıq. Həmin sürücülər qanunla nəzərdə tutulan məsuliyyətə cəlb olunub».

YOL POLİSİ SƏKİDƏKİ MAŞINA BATA BİLMİR

Bakıdan doktor Qalib Əliyev yazır:

«İnsanların xilasına və xeyrinə atılan hər bir tədbir, addım dəstəklənməlidir. Yol Polisi İdarəsinə uğurlar. Son zamanlar yollarda qarşılıqlı olaraq nizam-intizam xeyli yaxşılaşıb. Yaxşı olar ki, «Piyada yollarının təşkili» ayları da keçirilsin. Zənnimcə, hazırda ən çox rast gəlinən qayda pozuntusu döngələrdə lazımi zolaqların vaxtında seçilməməsi və döngələrin taksilər tərəfindən tutulmasıdır».

Ərəstun Məcidov:

- Tamamilə razıyam sizinlə. Eləcə də sərnişindaşımaya cəlb olunmuş avtobuslar da nəzərdə tutulmayan yerlərdə maşını saxlayırlar, bununla piyadanın hərəkətinə problem yaradırlar.

- Bəs niyə buna qarşı tədbir görmürsünüz?

- Götürək avtobusları. Onların son dayanacağı dəyişdirilməlidir. Qrafik elə tərtib olunmalıdır ki, son dayanacaqda birdən-birə 4-5 avtobus dayanmasın. Gələk taksilərə… onların da nizamlanması, dayanacaqların ayrılmasına ciddi ehtiyac var. Bununla da müvafiq qurumlar məşğul olur.

- Çox vaxt şahid oluruq ki, maşınlar səkilərdə dayanıb. Piyada bir-birinin yanında dayanmış maşınların əlindən səkiylə hərəkət edə bilmir, yola da çıxa bilmir, yolda maşın gedir… Piyada üçün belə problem də var.


- Var, bəli. Bu xüsusilə şəhərin mərkəzi hissələrində müşahidə olunur. Təəssüf ki, biz həmin avtomobilləri səkidən evakuasiya edə bilmirik. Sürücünü məsuliyyətə cəlb etmək üçün gərək bizim əməkdaşımız maşın sahibinin sənədlərinə baxsın, amma sürücülər də avtomobilinin yanında yol polisi görəndə yaxınlaşmır. Əməkdaşımız da orda neçə saat sürücü gözləsin? Xarici ölkələrdə bu problemi yoluna qoymaq üçün üsullar var: yol polisi cəriməni yazıb kağızı da avtomobilin şüşəsiləninin altına qoyur. Bizdə isə bu üsuldan istifadə olunmur.

- Nə mane olur bu üsulun istifadəsinə?

- Bunun tətbiqi üçün böyük problemlər var. Birincisi, avtomobillərin çoxu etibarnaməylə idarə olunur. İkincisi, Bakıdakı əksər maşınların qeydiyyatı ölkənin başqa yerlərinə aiddir. Problem çoxdur…

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG