Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 00:21

YAP-çılardan YAP-çılara ittihamlar


Yeni Azərbaycan Partiyasının üzvü İsmayıl İsmayılov
Yeni Azərbaycan Partiyasının üzvü İsmayıl İsmayılov
«SÖHBƏT 70 MİN MANATDAN GEDİR»

Bələdiyyə seçkilərilə bağlı narazılıqlar indi də Yeni Azərbaycan Partiyasının üzvləri arasında başlayıb. Namizədliklərinin qanunsuz olaraq qeydə alınmadığını iddia edən bir qrup Göyçay rayon sakini Bakıda mətbuat konfransı keçirib. Rayonun Potu kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvü Rəşid Nəbiyev deyir ki, indi fəaliyyət göstərən bələdiyyə sədri artıq hər şeyin pulla həll olunduğunu heç kimdən gizlətmir:

- Hər yerdə deyirlər ki, rüşvətlə olan şeydir, pulumuzu verib həll eləmişik, özünüzü niyə yorursuz. Söhbət 70 min manatdan gedir.

Rəşid Nəbiyevə görə, onlara təsir edən odur ki, heç bir səbəb göstərilmədən namizədlikləri qeydə alınmayıb:

- Seçkili orqandır, əgər təyinatla olsa bilərik ki, filan vəzifənin qiyməti bu qədərdir. Bu, seçkili orqandır. Biz istəyirik ki, seçilək, seçilməsək belə, seçkilərdə iştirak edək. O camaatın öz işidir kimə səs verəcək-verməyəcək.

«DEDİ NAMİZƏDLİYİNİ GERİ GÖTÜR»

Yeni Azərbaycan Partiyasının daha bir üzvü İsmayıl İsmayılov isə deyir ki, bütün imzaların, sənədlərin qaydasında olmasına baxmayaraq, onun da namizədliyinin qeydə alınmaması əvvəlcə müəmma kimi görünsə də sonradan hər şey aydınlaşıb. Dediyinə görə, bu məsələnin yuxarıların razılığı ilə baş verdiyi məlum olub:

- DSK-ya müraciət elədik, sədr Eldəniz Həmidov dedi ki, yuxarıdan göstəriş var. YAP-ın Göyçay rayon təşkilatının sədri, həm də icra başçısının müavini Ramiz İbrahimov bizi yanına çağırdı və mənə dedi ki, namizədliyini geri götür. Dedi namizədliyini geri götürməsən, səni YAP-dan da xaric etdirəcəm. Mənə iş də təklif elədi, mən imtina elədim.

Hüquq müdafiəçisi Vidadi İsgəndərov
Namizədlikləri qeydə alınmayanlar Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Amma onlara deyilib ki, məhkəmədən əvvəl Mərkəzi Seçki Komissiyasına müraciət olunmadığı üçün bu işə baxa bilməyəcəklər.

«BİZ KİMİN HÜQUQUNDAN DANIŞAQ?»

Hüquq müdafiəçisi Vidadi İsgəndərov artıq bu şəxslərin müdafiəsinə başlayıb. Dediyinə görə, bu barədə ölkə prezidentinə, beynəlxalq təşkilatlara, o cümlədən seçki prosesinə müdaxilə hesab edilən rüşvət halları ilə bağlı səslənən məsələlərin araşdırılması üçün Baş Prokurorluğa müraciət edib:

- Əgər hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri öz partiya üzvlərini çağırıb deyirsə ki, namizədliyinizi geri götürməsəniz partiyadan xaric olunacaqsız, onda biz kimin hüququndan danışaq?

«ONLARIN ATAM HAQQINDA YAZMADIĞI YER QALMAYIB»

Amma namizədliyi qeydə alınmayan YAP-çı Rəşid Nəbiyev inanmır ki, belə bir siyahı, belə bir təşəbbüs partiyanın yuxarı orqanlarından gəlsin, onun fikrincə, bütün qanunsuzluqlar elə indiki 72 yaşlı bələdiyyə sədri Ağaisa Seyidovun tərtib elədiyi siyahı üzrə gedir. Amma Potu kənd bələdiyyəsinin üzvü Ağaisa Seyidovun oğlu Kərim Seyidov deyir ki, bu gün şikayətçi olan YAP üzvü İsmayıl İsmayılovun namizədliyi sənədlərindəki problemlərlə bağlı qeydə alınmayıb:

- DSK-dan gəlmişdilər - onun doğma qardaşının yoldaşı özü imza atmamışdı sənədə, onun yerinə başqası qol çəkmişdi. Akt tərtib elədilər, həm qardaşı, həm yoldaşı da ona qol çəkib. Onların atam haqqında yazmadığı yer qalmayıb, qoy yazsınlar, kim də nəyi araşdırır qoy araşdırsın.

«HANSI YAP-ÇI DEYƏR Kİ, MƏN YUXARILARA PUL VERMİŞƏM»


İndiki bələdiyyənin yenidən seçilməsi üçün yuxarılara 70 min manat pul verməsilə bağlı deyilənlərə isə Kərim Seyidovun cavabı belə oldu:

Namizədliyi qeydə alınmayan YAP-çı Rəşid Nəbiyev
- Onu hansı YAP-çı deyər ki, mən yuxarılara pul vermişəm, onu seçki göstərəcək kim seçiləcək, kim seçilməyəcək? Mənim atam mərhum Heydər Əliyevlə də işləyib, necə gəldi iş olur ki, onu bütün respublika tanıyır. Altı nəfərin mətbuat konfransı keçirməsilədir ki…

«HEÇ ELƏ QİYMƏT BAKI ŞƏHƏRİNDƏ YOXDUR»

Dairə Seçki Komissiyasının sədri Eldəniz Həmidov da narazı qalanların çox şey danışa biləcəyini deyir. Onun sözlərinə görə, həmin adamların dediklərinin heç bir əsası yoxdur. Komissiya sədri deyir ki, həmin adamların namizədliyi qanuna uyğun olaraq qeydə alınmayıb və bunu məhkəmə də təsdiqləyib. Qaldı ki, indiki bələdiyyənin yenidən seçilməsi üçün yuxarılara 70 min manat rüşvət verməsinə, Eldəniz Həmidova görə, heç belə yüksək qiymət paytaxt Bakıda yoxdur. O ki, qaldı Göyçay rayonunun hansısa kənd bələdiyyəsi ola:

- Elə şeylərə inanmayın, heç elə qiymət Bakı şəhərində yoxdur.

«GÖYÇAYIN TORPAĞI NƏDİR Kİ, ONA 70 MİN VERİB BƏLƏDİYYƏ SƏDRİ SEÇİLƏSƏN»


YAP Göyçay rayon təşkilatının aparat rəhbəri Cavid Rəhimov deyir ki, ola bilər həmin adamlar ya emosiyaya qapılıb, ya da kiminsə fitvasıyla belə hay-küy salırlar. Cavid Rəhimov bu məsələdə partiyanın hər hansı bir günahı olmadığını deyir. Cənab Rəhimov bələdiyyə sədri seçilmək üçün səslənən məbləğin çox şişirdilmiş bir rəqəm olduğunu deyir. O da DSK sədri kimi Goyçayda bələdiyyə sədrliyinə kiminsə bu qədər pul verməsinin inandırıcı olmadığını deyir:

- Həmin adamın 70 mini olsaydı gedib bələdiyyə sədri olardı. Bura Bakı deyil ki, yaxud icra hakimiyyəti postu deyil ki…Goyçay Nabran deyil, Qax deyil ki, Göyçayın torpağı nədir ki, ona 70 min verib bələdiyyə sədri seçiləsən. Sadəcə, belə hay-küy salırlar ki, sensasiya yaratsınlar.

YAP Göyçay rayon təşkilatının aparat rəhbəri Cavid Rəhimov belə deyir.

Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Seçkiyə əksəriyyəti YAP-dan olmaqla 31 mindən çox namizəd gedir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG