1954-cü il noyabrın 20-də Münhenin Alpenplat meydanındakı mənzillərin birində amansız qətl hadisəsi baş verdi. Uzun zaman dünya mətbuatının gündəmindən düşməyən qətl «siyasi qətl» kimi dəyərləndirildi. Öldürülən şəxs Azərbaycan legionerlərinin başçısı, AzadlıqRadiosu Azərbaycan xidmətinin rəhbəri Əbdürrəhman (Abo) Fətəlibəyli-Düdənginski idi. 55 il öncə baş vermiş bu qətl barədə nələr bilirik? AzadlıqRadiosunun «İz» proqramı bir daha, bu dəfə yazıçı-jurnalist Həmid Herisçi ilə bu qətlin nüanslarına toxunmaq qərarına gəldi.
Bir neçə il öncə Düdənginski haqqında veriliş hazırlayan Həmid bəyə keçmiş DTK polkovniki zəng çalıb...Qoca polkovniki dindirən nə idi? Ömrünün ahıl çağlarında o necə yaşayırdı? Dünyaya səs salan, Azərbaycan mühacirətini yasa boğan bu qətllə bağlı nələr bilirdi? Həmid Herisçi həm bu suallara cavab verəcək, həm də Ə.F.Düdənginski haqqında fikirlərini bölüşəcək. Səs bölümündə verilişi dinləyə də bilərsiniz.
- Həmid bəy, Əbdürrəhman Fətəlibəyli-Düdənginskini nə vaxtdan tanıyırsınız? Demək istədiyim odur ki, onun haqqında nə zamandan bilginiz var?
- Mənə elə gəlir ki, Fətəlibəyli-Düdənginskini hər gün, hər zaman yeni çalarlarla özüm üçün aşkarlayıram. Əvvəla, mən bu fikrə gəldim ki, nəyə görə biz jurnalistlərə olan təzyiqi, qətl hadisəsini təkcə Elmar Hüseynovla bağlayırıq. Sən demə, 1954-cü il noyabrın 20-si Azərbaycan tarixində qələm ustasına, söz ustasına qarşı olan təzyiqin, cinayətin ildönümüdür. Bəs elə isə, biz o uzun siyahını niyə qısaldırıq? Qətl olunmuş, tutulmuş, döyülmüş, qovulmuş jurnalistlərin siyahısını biz niyə Elmar Hüseynovdan başlayırıq? Elmara böyük ehtiramla deməliyəm ki, siyahı Ə.F.Düdənginskidən başlayıb! Sizin AzadlıqRadiosunun ilk baş redaktorundan! Bəs siz özünüz ona qarşı niyə bu qədər haqsızsınız, niyə ondan danışmağa çəkinirsiniz? Niyə onu unutmusunuz? Birinci dəfə görürəm ki, AzadlıqRadiosu, Qərbpərəst Azərbaycan jurnalistikası onu bu cür yada salır - bir söz qurbanı kimi, bir şəhid jurnalist kimi!
- Həmid bəy, mən heç deməzdim ki, unutmuşuq! Elə ötən il 100 illik yubileyində onun haqqında bu proqramda böyük veriliş hazırladıq. Bu ilin iyununda - 101 yaşı olanda iki bölümlü yazı yazdım «Can Bakı»da. Bu il ölüm gününü andıq. Bu bazar efirə gedəcək veriliş də onun 55 illik xatirə gününə həsr olunacaq...
- Mən istəyirəm ki, AzadlıqRadiosu öz qurbanı haqqında həmişə danışsın və siyahını ondan başlasın. Bəlkə biz Konqresə bu barədə bir çağırışda bulunaq? Mən istəyirəm ki, AzadlıqRadiosunun girişində onun şəklini görüm. Orada yazılsın ki, bu bizim ilk şəhid jurnalistimizdir. 55 il öncə qanına qəltan edilib...
- Bax, bunu etməyə söz verirəm! Yəqin rəhbərlik də alqışlayar. Keçək telefon söhbətinə.
- Hə, mən Ə.F.Düdənginski haqqında bir neçə il öncə veriliş hazırlayanda, qəribə əhvalat oldu. Mənə dedilər ki, bir nəfər səninlə görüşmək istəyir. Telefonla danışdıq. Dedi yaşlı adamam, mənimlə görüşsən sənə yaxşı olar. Danışığından da hisss elədim ki, dünyagörmüş adamdır. «Qara Qarayev» metrosu tərəfdə yaşayırdı. Getdim, gördüm çox kasıb vəziyyətdə yaşayır. Təqaüdçüdür, keçmiş DTK polkovniki olub. Mənə dedi ki, sən səriştəli adamsan, verilişini bəyəndim. Onu da bil ki, mən o işi aparan adamam. Mən təəssüfləndim. Yaxşı olardı ki, onu verilişə dəvət edəydim. Dedi ki, dəvət etsəydin də gəlməzdim! Mən soruşdum ki, elə isə o verilişdə sizi nə tutmuşdu? Dedi, özün düşün. Mən də orda belə bir düşüncə etmişdim ki, Əbdürrəhman bəy nəyə görə qətlə yetirilmişdi? Məsələn, Stepan Bandera da 1959-cu ildə Münhendə öldürülmüşdü. O, siyasi xadim idi, silahlı müqavimət iştirakçısı idi, terror siyasəti yürüdürdü. SSRİ ərazisinə təyyarə ilə casuslarını atırdı. Bəs Fətəlibəylini niyə öldürdülər? Verilişdə demişdim ki, Fətəlibəyli şair deyildi, yazıçı deyildi, hərbçi idi. Moskva Hərbi Akademiyasını bitirmişdi. SSRİ-nin keçmiş müdafiə naziri Qreçko ilə bir yerdə oxumuşdu. Qreçko özü xatirələrində deyir ki, hərbi təfəkkür taktikası və strategiyası baxımından ondan güclü insan yox idi. Ümumiyyətlə, bizdə hərbi təfəkkürlü insan az olub. Ona görə də, bu fikrə gəldim ki, Düdənginskini hərbi təfəkkürünə görə öldürüblər. Azərbaycana öz casuslarını göndərirdi təyyarə ilə - Mİ-6 ingilis kəşfiyyatı onunla bir yerdə işləyirdi. Çox siyasi adam idi. Çörçilə, Klement Etliyə məktub yazmışdı. Qoca polkovnik mənə baxıb dedi ki, düz tapmısan. Elə buna görə də...Sonra soruşdu ki, bunu necə başa düşmüsən? Mən dedim, bu, bizim köhnə faciəmizdir. Hərbi təfəkkürlü adam olduğu üçün də onu aradan götürdülər. Özü də, təkcə o öldürülmədi. Azərbaycan mühacirətinin bir neçə nümayəndəsi də öldürüldü. Bu siyahını da, əməlli-başlı bilmirik. Bizim təfəkkürümüz zəifdir. Hərbi təfəkkürdən məhrum, dövlətçilik ənənələri itmiş, imperiya anlayışından uzaqlaşmış, Şərqdən qopmuş, qədim fədai məktəbini itirmiş və yabançı mədəniyyətlərin təsiri ilə özünü humanist, tolerant göstərməyə məhkum bir kütlənin nümayəndəsiyik biz. Hə, bizim Əfrayim müəllimlə söhbətimiz tutdu. Başqa məsələlər də bəlli oldu.
- Hansı məsələlərdən söhbət getdi?
- Bəlli oldu ki, Abo bəyin doğulduğu Düdəngə kəndinin böyründə Bəzz qalası olub. Bildiyiniz kimi, Bəzz qalası Azərbaycanın hər tərəfində var və fədailərin paytaxtı sayılır. Bəzz sözü baza, bazis, əsas deməkdir. O yerdə ki, Bəzz qalası var, orda fədailər də var. Demək, Fətəlibəyli qədim fədai nəslindəndir.
- Onun ata-babaları Səfəvi nəslindənmiş, atası Əli bəy isə hərbçi imiş.
- Gördünüzmü? Bəlli oldu ki, Əfraim müəllim mənim atamı da yaxşı tanıyırmış. Bir müddət EA-da DTK-nın nümayəndəsi olub. Orada olan alimlərə, o cümlədən mənim atama nəzarət edirmiş...(Gülüşmə) Ancaq bir tərəfdən də baxırdın ki, Fətəlibəyli-Düdənginskinin qanı...Əlbəttə ki, mən ona baxanda düşünürdüm ki, bəlkə heç danışmayım. Çünki çox qoca idi. Çox kövrək idi. Hiss olunurdu ki, bir az dərinə getsəm, o dözə bilməz. Bir tərəfdən də, istəyirdi ki, bildiklərini mənə desin.
- Sizə daha nə dedi qoca polkovnik?
- Bilirsiniz ki, Düdənginskini öldürən adam onu tanıyırmış. Öldürəndən sonra üzünü tanınmaz hala salıb, öz paltarını ona geyindirib aradan çıxıb. Çox əcaib və orijinal bir əməliyyatdır. Bir detektiv filmin mövzusudur. O dövrdə Almaniyanın nüfuzlu «Der Ştern» qəzeti də ilk səhifəsində bu qətldən yazmışdı.
- «Divanın altındakı kişi» başlığı ilə...
- Onu qətlə yetirən adam əvvəlcə legioner olub, müharibədən sonra bir italyan qadınla evlənib, SSRİ-yə qayıda bilib. Elə burda da Sovet Məxfi Xidmət İdarəsi onu ələ keçirib Düdənginskini öldürmək üçün əvvəlcə «Valka» düşərgəsinə salıb, sonra Münhenə göndəriblər. O, qurbanı ilə çox yaxın münasibət qurur, sonda onu öldürüb qaçır. Qayıdır Bakıya. Zığ şosesində Tağıyev Toxuculuq Kombinatının yanında KQB-nin bir gizli mənzili varmış. Buna orada yer verirlər. Bir müddət orda qalır. Sonra onu çıxarıb gətirirlər indiki Dərnəgül tərəfə. Axundov adına Pedaqoji İnstitutun yataqxanasında komendant işləyir. Gecələr işlədirlərmiş onu, istəmirlərmiş ki, adamlarla danışsın. Çünki çox ciddi bir informasiya daşıyıcısı idi. Bir az içməyi də varmış. Qoca polkovnikin danışığından hiss etdim ki, müəyyən qurumlar təkcə onu öldürməyiblər. Onun qatili də gec-tez öldürülməliydi. Çox şey bilirdi. Bir gün qərara gəlirlər ki, onu elə yox etsinlər...
- Əfraim müəllimin sözündən belə çıxdı ki, onu özləri öldürüb? Axı, onu bağda özünü asmış vəziyyətdə tapıblar...
- O, açıq demədi. Gözləri ilə söylədi. Belə adamlar heç nəyi açıq demirlər. Onun deməyindən belə çıxdı ki, ona özünü asmağa yardım ediblər...İzi itirmək üçün bu yolu seçiblər. Əməliyyat həddindən artıq məxfi olub. İşi ləğvetmə şöbəsi aparıb...
- Həmid bəy, siz həmin qoca polkovnikin telefonunu bizə vermişdiniz. Ancaq bu səhər mən onun evinə zəng çaldım və öyrəndim ki, o bir neçə ay öncə vəfat edib.
- Çox təəssüf. Ruhu şad olsun Əfraim müəllimin. Biz onunla 10-15 dəfə görüşmüşdük.
- Davam edək. Qatilin (Mikayıl İsmayılovun) ölümündən sonra ailəsinin başına nələr gəldi?
- Onun həyat yoldaşı və qızı qalırdı. Həyat yoldaşı İtaliyaya dönmək istəyirdi. Qızı sonralar Partiya Tarixi İnstitutunda işləyirmiş. Deyilənə görə, yaxşı bir işçi də deyilmiş, amma onu orada saxlayırlarmış. Sonra onlar guya Azərbaycandan İtaliyaya gediblər. Kim bilir, getdilərmi? Hər halda atası elə getmişdi...
Mən Fətəlibəylinin bioqrafiyasını öyrənəndə gördüm ki, o Hitlerin daha çox xoşuna gəlib, nəinki Məhəmməd Əmin Rəsulzadə. Çünki Hitler hərbi təfəkkürlü adamları çox istəyirdi. Əmin bəy isə siyasətçi idi, partiyaçı idi, demokratik fikirli idi. Siz bilirsinizmi ki, Elbrus dağına çıxan Edelveys diviziyası ilə birlikdə Şimali Qafqazın azad olunmasında Düdənginskinin - bu azadlıq fədaisinin çox ciddi xidməti olub? Hərbçi kimi böyük şücaətlər göstərib, ordenlər alıb. Alman Ordu Baş Qərargahında layihələrin, xəritələrin hazırlanmasında iştirak edib. Çünki tam yetişmiş bir hərbçi idi. 1954-cü il noyabrın 20-də onu sıradan çıxaranlar bilirdilər kimi çıxarırlar. Tam mənada bir generalı! Məncə, onun aradan götürülməsi ilk növbədə Azərbaycan hərbi təfəkkürünə bir zərbə idi. O zərbə indi də hiss olunur. Düdənginski kimi adamların məhvi ona gətirib ki, Azərbaycan xalqı hərbi təfəkkürdən məhrumdur.