Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

«Hərbi əməliyyatların başlanması ehtimalı arta bilər»


Politoloq Rasim Musabəyov
Politoloq Rasim Musabəyov
«Onlar artıq görürlər ki, Azərbaycan güc yolu ilə öz torpaqlarını azad etməyə qadirdir. Yəqin ki, Ermənistanı gizlində başa salırlar ki, bizim iradəmizdən asılı olmayaraq sən işğal etdiyin torpaqlardan çəkilməlisən. Bu hörmətli prezidentimizin hücum xarakterli qələbəsidir».

Milli Məclisdə Dağlıq Qarabağı təmsil edən deputat, hakim YAP-ın nümayəndəsi Elman Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşü barədə belə deyir. O hesab edir ki, əslində, ATƏT-in Minsk Qrupunda həmsədr olan dövlətlər də Ermənistanın tərəfindədirlər. Ancaq indi onlar da Ermənistana Azərbaycanın inkişafı qarşısında çıxılmaz vəziyyətə düşdüyünü anlatmaq məcburiyyətində qalıblar.

«MÜNHEN GÖRÜŞÜ ƏVVƏLKİLƏRDƏN XARİCİ MÜHİTİN DƏYİŞMƏSİNƏ GÖRƏ FƏRQLƏNİR»

Azərbaycan və Ermənistan prezidentlərinin Almaniyanın Münhen şəhərindəki görüşü günün müzakirə mövzusu olaraq qalmaqdadır. Politoloqların «bu danışıqları əvvəlkilərdən nə fərqləndirir?» sualına münasibətləri isə fərqlidir.

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev deyir ki, Münhen görüşü əvvəlkilərdən xarici mühitin dəyişməsinə görə fərqlənir. Hazırda Azərbaycandan kənar baş verən hadisələr, region uğrunda gedən mübarizə, Türkiyənin prosesə qoşulması və Ankara-Yerevan münasibətlərinin fonunda görüşün keçirilməsi bunu deməyə əsas verir:

«Bütün bunların, o cümlədən Azərbaycan tərəfdən səslənən bəyanatların sülh prosesinə nə dərəcədə həlledici təsir göstərəcəyi əlbəttə ki, başqa məsələdir. Çünki bu, olduqca çətin məsələdir. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə-Ermənistan protokolları imzalananda hansı güclər ayaq üstə dayanmışdılar və necə çalışırdılar ki, bu iş olsun. Azərbaycan tərəfinə indi məsləhət görülən həll variantı həmin o güclərin hamısının elə bil ki, birləşmiş fikridir».

Aydın Ağayevə görə, əslində, son vaxtlar Azərbaycan tərəfdən Qərbin ünvanına səslənən fikirlər heç də Qərbin ittihamı, ondan əl üzməsi kimi anlaşılmamalıdır. Bu qədər əməkdaşlıqdan sonra Azərbaycan özünə lazım olan mövqeyi, dəstəyi Qərbdən görməyəndə əlbəttə bunu deməlidir.

«HƏRBİ ƏMƏLIYYATLARIN BAŞLANMASI EHTİMALI ARTA BİLƏR»

İndiyədək danışıqlar prosesi barədə nə mümkün idi, hamısının artıq deyildiyini düşünən politoloq Rasim Musabəyov isə nə mövqelərdə, nə də məsələyə yanaşmada hansısa radikal yenilik, yaxud dəyişiklik gözləmir. Deyir ki, ortada olan yenilik ondan ibarətdir ki, bu danışıqlar da nəticə verməsə, Ermənistanının imkanları Azərbaycanla hərbi balansı saxlamaq üçün kifayət etməyəcək:

«Münhen görüşü bir nəticə verməsə, ən azı çox ciddi silahlanma baş verə və hərbi əməliyyatların başlanması ehtimalı arta bilər. Bu variant isə nə Rusiyanın, nə də Qərbin maraqlarına cavab vermir. Belə olan halda onların əlində kifayət qədər imkanlar var ki, Ermənistanın iddialarını hansısa bir çərçivəyə salsınlar».

Rasim Musabəyov düşünür ki, Qərb və Rusiya amili birgə işləməsə, bu prosesdən heç bir dəyişiklik gözləməyə dəyməz. Bu formulun necə işləyəcəyini və Azərbaycanın son danışıqlardan nə gözləməsi prezident İlham Əliyevin Rusiya səfərində bəlli olacaq.

PREZİDENTİN RUSİYA SƏFƏRİ


Noyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Ulyanosk şəhərinə yola düşür. Bu səfərdə onun rusiyalı həmkarı Dmitri Medvedevlə görüşü nəzərdə tutulur. Münhen danışıqlarından sonra Azərbaycan tərəfin hər hansı açıqlama verməməsini bununla izah edənlər də var.

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, 7 yaxud 5 rayonun azad olunması üçün haqqında danışılan hansısa razılaşmanın imzalanmasına şərait yaranmayıb. Onun fikrincə, bu danışıqlar hələ uzun çəkəcək.

Hələlik isə ortada olan konkret açıqlama özündən əvvəlkilərdən heç nə ilə fərqlənmir. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye prezidentlərin 4 saatlıq Münhen söhbətindən sonrakı açıqlamasında deyib ki, bu görüş irəliyə doğru addımdır.
XS
SM
MD
LG