Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:22

Oğlu Kamyunun qəbrinin fəxri məzarlığa köçürülməsinə qarşı çıxdı


Alber Kamyu
Alber Kamyu
Fransa prezidenti Nikola Sarkozi məşhur fransız yazıçısı, Nobel mükafatçısı Alber Kamyunun qəbrini ölkənin cənub-şərqindəki Provans əyalətindən Parisə köçürmək istəyir.

Bu barədə “İnternational Herald Tribune” qəzeti yazır.

Sarkozi qəbrin Parisdəki Panteon məzarlığına köçürülməsini istəyir. Həmin məzarlıqda Fransanın bir çox ünlü şəxsiyyətləri dəfn edilib.

Amma yazıçının oğlu prezidentin bu istəyinin əleyhinə çıxıb. Le Mond qəzeti bunu Jan Kamyunun adı çəkilməyən dostlarından birinə istinadla yazır.

Yazıçının oğlu deyib ki, qəbrin köçürülməsi onun atasının ideallarına uyğun deyil, Alber Kamyu onun irsinin dövlət maraqları üçün istifadəsini istəməzdi.

Amma yazıçının mirasını idarə edən qızı Katerin Kamyu Sarkozi ilə danışıb və qəbrin köçürülməsinə razılıq verməyə hazırlaşır.

Fransa prezidentinin ofisindən isə deyiblər ki, qəbrin Panteona köçürülməsi ilə bağlı qərar hələ verilməyib.

Solçu müxalifət Sarkozini ittiham edir ki, o, adının Fransanın dünyəvilik simvollarından sayılan yazıçı ilə assosiasiya olunmasına, bundan siyasi dividend əldə etməyə çalışır.

Sarkozinin planına qarşı çıxanlar Kamyunun “Qiyam” əsərini oxumağı məsləhət görürlər.

"Observateur" jurnalının redaktoru Jan Daniel Nouvel deyir ki, Kamyu “kiçik miqyasda” qəhrəmanlığı mədh edirdi.

“Onun qəbrinin dövlət tərəfindən Panteona köçürülməsi belə qəhrəmanlıqların ruhuna uyğun deyil. O, dövlət aparatının insanın həyatına total təzyiqlərini, totalitarizmi rədd etdiyi üçün nə mərkəzçi, nə də sağçı hərəkatlara qoşulmuşdu”.

Kamyu Əlcəzairdə doğulub. Əvvəl kommunistlərə qoşulsa da, sonralar Kommunist Partiyasını tərk edib. 2-ci Dünya Müharibəsi vaxtı faşistlərə qarşı müxalifətdə olub.

Kamyu 1960-cı ildə 46 yaşında dünyasını dəyişib. O, Provans əyalətində avtomobil qəzasına düşüb.

Panteonda dəfn olunan fransızlar arasında Volter, Hüqo, Zolya, Maria Küri kimi dahilər var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG