Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Orxan Pamuk Bakıya nə vaxt gələcək?


Milli mükafatın təsisçisi «Əli və Nino» mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli
Milli mükafatın təsisçisi «Əli və Nino» mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli
Ötən ay təsis edilən Milli Kitab Mükafatı heç də birmənalı qarşılanmadı. Öz səhifələrində mükafata geniş yer ayıran Azərbaycan mediası onu asıb-kəsməkdən də əl çəkmədi. Milli mükafat hətta köşə yazarlarına da mövzu oldu. Həftə sonu mükafatın təqdimatına tanınmış türk yazarı, Nobel mükafatçısı Orxan Pamukun da qatılacağı xəbəri yayıldı. Xəbəri doğrulamaq, həm də mükafata təqdim olunan əsərlərin durumunu öyrənmək üçün Milli mükafatın təsisçisi «Əli və Nino» mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli ilə görüşdük. Onunla atüstü müsahibə qarşınızdadır.

S.İ.: Nigar xanım, əvvəldən başlayaq deyirəm. Qoy, bilməyənlər bilsin. Milli Kitab Mükafatı yaratmaq təşəbbüsü kimdən gəldi?
N.K.: Şəxsi təşəbbüsdür. Məndən gəldi. Amma dövlət orqanları tərəfindən də dəstəkləndi.

S.İ: Bəs münsiflər heyəti necə yığıldı?
N.K.: Azərbaycanın ən nüfuzlu insanlarını topladıq. Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Elçin Şıxlı, Ramiz Fətəliyev, Vaqif Səmədoğlu, Nərgiz Cəlilova, Hamlet İsaxanlı, Rəşad Məcid, Afaq Məsud, Rəbiyyət Aslanova, Elnur Baimov və Balakişi Qasımov.

S.İ.: Mükafatların həcmini də xatırladın. Görək, əliaçıqsınız, yoxsa yox?
N.K.: Qaliblərə 3 pul mükafatı veriləcək. Birinci yerin qalibi 3.000 manat, ikinci yerin qalibi 2.000 manat, üçüncü yerin qalibi 1.000 manat alacaq. Bundan əlavə, Gənclər və İdman Nazirliyi bir gənc yazara 1.000 manat məbləğində mükafat verəcək.

S.İ.: Azərbaycan gerçəkliyinə baxsaq, kifayət qədər yüksək rəqəmlərdir... Nigar xanım, Milli Kitab Mükafatı ötən aydan start götürüb. Və birmənalı qarşılanmayıb. Səbəbi nədir, sizcə?
N.K.: Məncə, hər böyük və uğurlu layihəyə bax belə formada reaksiya vermək yaxşıdır. Deməli, nahaq yerə əziyyət çəkmirik. Çalışırıq hər şey yaxşı olsun. Tənqid edənlər də, tərifləyənlər də çox sağ olsunlar. Çünki bizim bir məqsədimiz var - Azərbaycan ədəbiyyatına dəstək vermək. Hansı formada olur-olsun müzakirələr, diskussiyalar, debatlar olmalıdır.

S.İ.: Sizi ən çox nədə qınayırlar? Yəqin ki, haqqınızda yazılanları oxuyursunuz?
N.K.: Məncə, bəzi mətbuat orqanları ideyanı başa düşməyiblər. Sonradan zəng vuran jurnalistlərə başa salıram ki, yox, siz səhv edirsiniz. Bəziləri münsiflərin adlarını tam çəkmir. Bəziləri münsiflərin tərkibindən razı deyil. Əslində, bu 13 nəfər, məncə, normaldır. Mənim ideyam belə idi ki, hər bir peşədən, təbəqədən bir nəfər olmalıdır. Çox adam deyir ki, nəyə görə heyətdə yazıçılar azdır? Mənim ideyam ondan ibarət idi ki, bu böyük, milli layihə olsun. Əvvəlcədən bu qərarı vermişdim ki, münsiflər heyətində təkcə yazıçılar, ədəbiyyatşünaslar olmasın. Biznesmen olsun, musiqiçi olsun və s. Bu, həm maraqlı, həm də normal praktikadır. Bütün dünyada belə təcrübə var. Biz öz tərəfimizdən çalışdıq ki, münsiflər heyətində nüfuzlu və obyektiv insanlar olsun. Məncə, məqsədimizə çatmışıq.

S.İ.: Ötən həftə sonu Orxan Pamukun Bakıya gələcəyi xəbəri yayıldı. Nə dərəcədə ciddidir?
N.K.: Biz çox istərdik ki, mükafatların təqdimatı yüksək səviyyədə olsun, rezonans doğursun. O üzdən, mükafatlandırılma mərasimində dünya şöhrətli bir yazıçının olmasını istədik. Belə fikrə gəldik ki, bu ya Orxan Pamuk olsun, ya da Günter Qras. Artıq Orxan Pamuka dəvət göndərmişik. Ümidvaram ki, o mayın 1-də Bakıya gələcək və 1-ci yerin qalibi məhz onun əlindən mükafat alacaq. Ən maraqlısı da budur ki, buna görə də bizi tənqid edirlər.

S.İ.: Buna nə deyirlər?
N.K.: Deyirlər ki, o görkəmli yazıçı deyil, Nobel mükafatını siyasi prinsipə görə alıb və s. Məncə, bu ədalətsizlikdir.

S.İ: Müsabiqəyə yəqin ki, əsərlər daxil olur?
N.K.: 50-dən çox əsər daxil olub. Bu hələ başlanğıcdır. Çünki qarşıda təbliğat işi görmək fikrimiz var. Ümumiyyətlə, bu mükafatın özəyində təbliğat var. Biz hamını - istər cavan, istər qoca olsun, yenidən kitab oxumağa maraq yaratmaq istəyirik. Bu yöndə böyük iş görməyi planlaşdırmışıq. Münsiflər heyəti və təşkilat komitəsi artıq ali məktəbləri gəzir. 3 görüşümüz olub. Çox maraqlı keçib. Çünki bu yalnız təqdimat layihəsi deyil, həm də müzakirələr, diskussiyalar, debatlar layihəsidir. Şənbə günü biz Qubada olduq. Bəşir Səfəroğlu adına Mərkəzi kitabxanada görüş keçirdik. Ziyalılar, tələbələr, jurnalistlər yığışmışdı. Münsiflərdən Rəşad Məcid də bu görüşdə iştirak etdi. Məncə, bu çox çətin bir prosesdir. Gələcəkdə Naxçıvanda, Şəkidə, Şamaxıda, Lənkəranda, Qazaxda və Gəncədə bu cür tədbirlərimiz olacaq.

S.İ.: Nigar xanım, mükafat komitəsinə necə müraciət etmək olar?
N.K.: Bizim saytımızda - mkm.az saytında anketi doldurub, əsərlə bir yerdə göstərilən ünvana göndərməlisiniz. Əsərlər dekabrın 31-dək qəbul olunur. Yanvar-fevral aylarında ekspertlər şurası öz işinə başlayacaq. Şura birinci dəfə 20 ən yaxşı əsəri seçəcək. Sonra isə, 10 ən yaxşı əsər elan olunacaq. Bu 10 əsər kitab formasında çap olunacaq və kitabxanalara, ali məktəblərə pulsuz paylanacaq. Mart-apreldə münsiflər öz işinə başlayacaq. Bu 10 əsərdən üçünü seçəcəklər. Gizli səsvermə ilə. Mayın 1-də isə qaliblərin adları məlum olacaq.

S.İ.: Onda mayın 1-də görüşənədək!
N.K.: İnşallah!

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG