Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:41

Xəstə daşımaq pulludur…


«Yataq xəstəsi olan anamı oğlunun evinə aparmalıydıq. Amma xərək lazımıydı. Həm də təzyiqi qalxmışdı deyə təcili yardım çağırdıq. Təcili yardım gəldi, həkim anama iynə vurdu, amma onu aparmağa razı olmadı. Bir telefon nömrəsi verdi ki, burdan çağırın, gəlib aparsınlar».

Bakı sakini Əzizə Səlimova deyir ki, onlar da verilən nömrəyə zəng ediblər. Gələnlər xəstəni şəhərin mərkəzindən Maştağaya aparmaq üçün 120 manat pul istəyiblər. Özü də nə çek veriblər, nə də bunu rəsmiləşdiriblər.

«Özü də bir həkimlə sürücü göndəriblər. Bəs bu xəstəni kim düşürtməlidi? Bu, necə xidmətdi?»

Biz də 103-ə zəng edib başqa yerə aparılmalı olan xəstəmiz olduğunu söylədik. Telefon nömrəsi verdilər ki, ora zəng edək. Telefon açdığımız xidmətdən isə bizə söylədilər ki, əgər xəstəmiz Bakının Nəsimi rayonundadırsa və onu Köhnə Günəşli yaşayış massivinə aparmaq istəyiriksə, onda 70 manat ödəməliyik. Əgər daşıma həkimin müşayiəti altında olmayacaqsa, bu bizə 60 manata başa gəlməlidir.

BƏS PULLU TİBBİ XİDMƏT LƏĞV OLMAYIB?

Səhiyyə nazirinin əmriylə isə bir neçə il əvvəl dövlət tibb müəssisələrində pullu xidmət ləğv olunub. Bəs xəstənin bir yerdən digərinə daşınması üçün niyə pul tələb olunur?

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyir ki, bu xidməti göstərən serviz onların idarələrinin nəzdindədir, özü də təsərrüfat hesablıdır.
Pullu tibbi xidmət ləğv olunub, bəs niyə sizdə qalıb sualının cavabında Mürsəl Həmidov deyir ki, servisin işçiləri dövlət büdcəsindən maaş almırlar və təcili tibbi yardıma ehtiyacı olmayanlara xidmət göstərirlər.

Mürsəl Həmidovun sözlərinə görə, bu xidmətə lazım olan avadanlığı da servis rəhbərliyi alıb:
«Büdcə tərəfindən onlara nə dərman verilir, nə bir başqa şey. Elə xidmət növləri var ki, onlar təcili tibbi yardıma aid deyillər. Məsələn, ölən adama formalin vurulması, ya məscidə aparılması».

«SERVİS ÖZÜNÜ GÜCLƏ DOLANDIRIR»

Mürsəl Həmidov deyir ki, bu servisin xidmət haqqını Tarif Şurası təyin edib və digər servislərdən daha ucuzdur.

Bəs bu servis Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesabına pul köçürürmü? Baş həkim deyir ki, əvvəllər müəyyən vəsait köçürülürdü, amma son aylarda bu xidmətdən istifadə edənlərin sayı azaldığı üçün serviz özünü zorla dolandırır.

Səhiyyə məsələləri üzrə ekspert Süleyman Cəbrayılov da belə bir xidmətin pulu olmasını mümkün sayır:

«Bəzi xidmətlər var ki, bunları qeyri-tibbi xidmət saymaq olar, qanun da yol verir ki, bu xidmət növləri təsərrüfat hesablı olsun».

BƏS BU SERVİS ƏHALİNİN HANSISA KATEQORİYASINA GÜZƏŞT EDİRMİ?

Həmin xidmətdən dedilər ki, onlar qiymətdə razılaşa bilərlər, amma təlimatda əhalinin hansısa kateqoriyasına güzəşt olub-olmadığını bilmirlər.
XS
SM
MD
LG