Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:49

Onlar hələ də Sovet dövründə yaşayırlar


Ekspertlər hesab edirlər ki, Azərbaycanda istehsalat müəssisələri azaldığı üçün qiyabi təhsil sistemi də əhəmiyyətini itirib
Ekspertlər hesab edirlər ki, Azərbaycanda istehsalat müəssisələri azaldığı üçün qiyabi təhsil sistemi də əhəmiyyətini itirib
Qulam Hüseynov (ad şərtidir-M.A.) Bakıdakı texniki universitetlərdən birində 5-ci kursda qiyabi təhsil alır. Deyir ki, beş ilini boş-boşuna keçirdi. Birincisi, qiyabi oxuduğu, ildə iki dəfə dərsə getdiyi üçün keyfiyyətli təhsil ala bilmədi. İkincisi, ixtisasını yaxşı bilmədiyi üçün özünə normal iş yeri tapa bilmir.

QİYABİ TƏHSİL KORRUPSİYA MƏNBƏYİDİR?

Təhsil üzrə ekspert Etibar Əliyev də hesab edir ki, qiyabi təhsil səmərəsizdir, çünki bu sahəyə dövlət vəsaitinin ayrılması pulların göyə sovrulması deməkdir. Ekspert onu da qeyd edir ki, qiyabi təhsil universitetlərdə rüşvətxorluq hallarının artmasına səbəb olur.

Etibar Əliyev
Təhsil Nazirliyinin rəsmi internet saytında deyilir ki, dövlət ali təhsil məktəblərində təkcə bakalavr pilləsində 21 minə yaxın qiyabiçi tələbə var. Bunun da 9 minə yaxını dövlət hesabına təhsil alır.

Qiyabi təhsil Sovet dönəminin planlı iqtisadiyyat modelindən miras qalan bir təhsil formasıdır. Bu, istehsalatdan ayrılmamaq şərtilə təhsil almaq imkanı yaradırdı. Qiyabiçilər universitetlərə ildə iki dəfə gəlirlər, əyani şöbənin tədris saatlarının üçdə biri qədər mühazirə və seminarlarda iştirak edirlər.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda istehsalat müəssisələri azaldığı üçün qiyabi təhsil sistemi də əhəmiyyətini itirib.

Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Fakültəsinin dekan müavini Şamo Cəbrayılov deyir ki, Sovet dönəmində bu fakültədə qiyabi təhsil almaqla bərabər işləyənlərin sayı 95-100 faiz idi. İndi isə bu rəqəm 40-50 faizə çatmır.

Azərbaycan Texniki Universitetinin Radiotexnika və rabitə fakültəsinin 3-cü kursunda qiyabi oxuyan 17 tələbənin yalnız 4-ü öz ixtisası üzrə çalışmaqdadır. 5-ci kursda qiyabi təhsil alan 32 tələbədən isə yalnız 10-u öz ixtisası üzrə işləyir.

Texniki Universitetin tədris şöbəsinin müdiri Sübhan Namazov qiyabi təhsilin tərəfdarıdır. O deyir ki, qiyabi təhsil müstəqil təhsildir:

«Qiyabi oxuyan tələbə birinci semestrin əvvəlində 10-15 gün dərsə gəlib proqramı əldə edir və qarşıdakı aylarda rahat-rahat o proqram əsasında hazırlaşır.
Qulu Məhərrəmli
Həm də qiyabiçilər tələbəliyin gündəlik dərdlərindən, problemlərindən uzaq olurlar».

QULU MƏHƏRRƏMLİ: «FİKRİMCƏ QİYABİ TƏHSİL MƏNASIZ BİR İŞDİR»

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi professor Qulu Məhərrəmli isə qiyabi təhsili bakalavr pilləsi üçün mənasız hesab edir:

«Qiyabi təhsil magistr bölümündə olsa yaxşıdır, çünki tələbənin bakalavr bölümündən ixtisası ilə bağlı kifayət qədər bazası olur. Amma bu təhsil forması normal ölkədə, normal cəmiyyətdə effekt verə bilər. Azərbaycanda isə ümumilikdə təhsil sistemi zəif olduğundan qiyabi təhsil forması səmərəsizdir».

Dünyanın bir çox inkişaf etmiş ölkələrinə «qiyabi təhsil» anlayışı yaddır, həmin ölkələrdə distant –məsafədən təhsil forması tətbiq olunur. Yəni, tələbənin universitetə getmədən internet vasitəsilə mühazirələri mənimsəmə imkanı olur.

Bu təhsil formasında dərslər bilavasitə internet vasitəsi ilə həyata keçirilir. İnternet-dərs xüsusilə video, səs, konfranslar və multimedia vasitəsilə təqdim olunur.
XS
SM
MD
LG