Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:53

ABŞ İranın 500 milyonunu müsadirə edir


«Assa» Korporasiyasının və «Ələvi» Fondunun Nyu Yorkdakı 36 mərtəbəlik birgə göydələni
«Assa» Korporasiyasının və «Ələvi» Fondunun Nyu Yorkdakı 36 mərtəbəlik birgə göydələni
«ABŞ İranla boksçu kimi döyüşür – müxtəlif zərbə növlərindən istifadə edir, gah başa vurur, gah bədənə».

Bunu Bill Klintonun prezidentliyi dövründə İrana qarşı sanksiyalar işinə başçılıq edən Conatan Viner deyir.

«İRAN HÖKUMƏTİNİN FASADI»


ABŞ hökuməti İrana məxsus 500 milyon dollarlıq əmlakı və pulu müsadirə etmək istəyir. Artıq federal prokurorlar məhkəməyə rəsmi müraciət ediblər.

Müsadirə oluna biləcək əmlaka «Assa» Korporasiyasının və «Ələvi» Fondunun Nyu Yorkdakı 36 mərtəbəlik birgə göydələni və eləcə də fondun Nyu Yorkdakı məscidi daxildir.

«Ələvi» Fondu xeyriyyə cəmiyyəti olsa da, prokurorlar onu «İran hökumətinin fasadı» adlandırırlar.

Müstəntiqlərin şübhələrinə görə, «Assa» Korporasiyasının isə arxasında İranın dövlət bankı Bank Milli dayanır.

Bank Milli Amerikanın İrana qarşı sanksiyalar siyahısına düşən qurumdur.

Amerika Bank Millinin İranın nüvə silahı düzəltmək işinə kömək etdiyini düşünür. Amerika biznesinə, vətəndaşlarına və hökumətinə Bank Milli ilə iş görmək qadağandır.

PULLAR BANK MİLLİYƏ ÖTÜRÜLÜR

Müsadirə cəhdi təkcə Nyu Yorkla məhdudlaşmaya da bilər. «Ələvi» Fondunun Texasda, Merilenddə və Kaliforniyada da məscidləri var.

Fond məhkəməyə çəkilməsini anlaşılmazlıq adlandırır. Bildirir ki, onun işi və məqsədi Amerikada islam mədəniyyətini, fars dilini və ədəbiyyatını yaymaq, dinlərarası harmoniyaya xidmət etməkdir. Fond lazım olan pulu isə ianədən və daşınmaz əmlakı icarəyə verməkdən qazanır.

Hökumətin fikrincə, «Ələvi» Fondunun ABŞ-da milyonlarla dollarlıq əmlak almasının, icarəyə verməsinin özü də İranla ticarəti qadağan edən federal qanunların pozulmasıdır.

Prokurorlar deyirlər ki, Nyu Yorkdakı göydələnin vergi sənədlərinə görə, 2007-ci ildə bu binanın icarəsi «Assa» və «Ələvi» Fonduna 4,5 milyon dollar mənfəət gətirib. Sənədlərə görə, milyonlarla belə pul sonradan Bank Milliyə ötürülür.

Nyu Yorkun cənub rayonunun prokuroru Preet Bharara bəyanat verib ki, 20 ildir «Ələvi» Fondunun işini müxtəlif İran rəsmiləri, o cümlədən BMT-dəki İran səfirləri yönəldiblər.

Vəzifəsinə Barak Obama tərəfindən təyin olunan Bharara Fondun bütün hesablarının müsadirə olunmasını tələb edir.

ÇOX HƏSSAS MƏQAM

Amerika mətbuatı yazır ki, İrana məxsus əmlakın və pulun müsadirəsi cəhdi təxminən bir ildir ki, başlanan prosesin davamıdır. Ancaq indiki cəhdin vaxtı çox həssas məqama düşür.

Həm nüvə proqramı ətrafında İranla ABŞ-ın mübahisəsi gərgindir, həm də məscidlərin bağlanması Amerika müsəlmanlarının böyük narazılığını doğura bilər.

Adının çəkilməsini istəməyən Vaşinqton rəsmisi «Los Anceles Times» qəzetinə deyib ki, prokurorların müsadirə cəhdi Ağ Evdən idarə olunmur.

Bill Klintonun prezidentliyi dövründə Dövlət Departamentində İrana qarşı sanksiyalar işinə başçılıq edən Conatan Viner isə prokurorların son addımlarının ümumi strategiyadan kənara çıxmadığını deyir.

Vinerin sözlərinə görə, Amerika çoxdan İrana deyib ki, «əgər danışmaq istəyirsinizsə, gəlin danışaq. Yox əgər nüvə bombası düzəltmək istəyirsinizsə, Amerika sizi dayandıracaq».
XS
SM
MD
LG