Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:14

İranda həbsdə olan azərbaycanlı alimin səhhəti pisləşib


İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyevin səhhətində problemlər yaranıb. Bunu Azadlıqradiosuna onun hüquqlarının müdafiə komitəsinin rəhbəri Soltanhəmid Məlikov deyib. Komitə rəhbəri deyir ki, İran məhkəməsi Rəşid Əliyevin 100 min dollar girov müqabilində həbsdən azad oluna biləcəyini bildirib. Azərbaycanlı alimi İrana dəvət edən “Sazan Electronics İndustry Company”nin rəhbəri bu məbləği ödəməyə hazır olduğunu bildirib. Amma Rəşid Əliyev buna razı deyil. O girov qarşılığında buraxılacaqsa həmin pulu Azərbaycan hökumətinin ödəməsini istəyir. Alim hesab edir ki, İran şirkəti tərəfindən girov ödənilib onun azadlığa çıxması əslində yenidən həmin şirkətin girovuna çevrilməsi olacaq. Ona görə də Rəşid Əliyev birdəfəlik Azərbaycana qayıtmaq istəyir.

Alimin hüquqlarını müdafiə komitəsinin rəhbəri Soltanhəmid Məlikov deyir ki, onlar İrana Rəşid Əliyevin işini araşdıra biləcək vəkil göndərmək istəyirlər.

İranın Bakıdakı səfirliyindən isə AzadlıqRadiosuna məsələnin araşdırıldığını deyiblər.

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev İranda ötən il oktyabrın 6-da həbs edilib.

Bəzi xəbərlərə görə, alim viza rejimini pozduğuna görə həbs edilib.
Ancaq həm ailə üzvləri, həm də Müdafiə Komitəsi onun viza rejimini pozması versiyasına inanmırlar.

XS
SM
MD
LG