Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «QuestNet» firmasının işçilərinin məhkəməsi keçirilir. Valeh Ağayev, Yalçın Səmədov, Arif Babayev, Tərlan Baxşəliyev, Mübariz Quliyev, Elşən Əliyev, Vüqar Məmmədov, Zaur Babayev, Amin Hüseynov, Natiq Şiriyev, Şakir Ağayev, İran vətəndaşları Bəhram Beylami və Mahmudzadə Bağbani dələduzluqda təqsirləndirilir.
İttiham aktına görə, «QuestNet» firması adı altında fəaliyyət göstərən şəbəkə üzvləri iyirmi mindən çox vətəndaşı aldadıblar. Onlar vətəndaşlara çəkisi 3 qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən 10 dəfə baha qiymətə - 800-1500 ABŞ dollarına satıblar. Bu yolla şəbəkəyə külli miqdarda pullar daxil olub.
«QuestNet»in başçıları piramida üsulu ilə qurulan bu şəbəkəyə cəlb olunmuş vətəndaşlardan alınan pullar hesabına özlərinə yüksək əməkhaqqı təyin ediblər. Pulların bir qismini isə şəbəkə üzvlərinin yerləşdikləri ofislərin kommunal və digər məsələlərinə xərcləyiblər.