Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 13:27

Xocasəndə evləri sökülənlər məhkəmə qarşısında


Binəqədi rayonunun Xocasən kənd bələdiyyəsinin ərazisində qanunsuz tikililərin sökülməsi zamanı hakimiyyət nümayəndələrinə xəsarət yetirməkdə təqsirli bilinən 6 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mais Muxtarov, Elçin Həsənov, Qurban Xudiyev, Məhəmməd Loğmanov, Asif Abbasov və Ramal Kərimovun iş üzrə materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmədən AzadlıqRadiosuna verilən məlumata görə, proses noyabrın 16-na təyin edilib. Məhkəmədən bildiriblər ki, həmin şəxslər mülkiyyət hüququnu pozmaqda, müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparmaqda, hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərməkdə və zor tətbiq etməkdə təqsirləndirilirlər.

İstintaqın qənaətinə görə, bu il avqustun 5-də Binəqədi rayonunun Xocasən kənd bələdiyyəsinin ərazisində Dövlət Neft Şirkətinin (DNŞ) balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsinə başlanıb. Bu zaman evləri sökülənlərlə Şirkətin ərazidəki əməkdaşları və polis işçiləri arasında qarşıdurma baş verib. Nəticədə evləri sökülənlər polis və DNŞ-in nümayəndələrinə daşla və digər küt əşyalarla xəsarətlər yetiriblər.

İş üzrə zərərçəkmiş qismində cəlb olunanlar isə DNŞ-in əməkdaşları və polis işçiləridir. Onların sayı 20 nəfərdir.
XS
SM
MD
LG