Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:18

Azərbaycan zəvvarları noyabrın 11-i avtobuslarla Həcc ziyarətinə yola düşəcəklər


Noyabrın 11-i axşam saatlarında Azərbaycan zəvvarlarını Həcc ziyarətinə aparan avtobuslar «Azadlıq» meydanından yola düşməlidir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin əməkdaşı Rəhimə Dadaşova AzadlıqRadiosuna bildirib ki, ümumilikdə 27 avtobusla 800-ə yaxın zəvvar getməlidir.

Rəhimə Dadaşovanın sözlərinə görə, Səudiyyə Ərəbistanının tövsiyəsinə əsasən bütün zəvvarlar qripə qarşı peyvənd olunublar. Bundan başqa zəvvarları yol boyu həkimlər də müşahidə edəcəklər. Rəhimə Dadaşova deyir ki, əslində Səudiyyə Ərəbistanının tövsiyələri sırasına zəvvarların «donuz qripi»nə qarşı da peyvənd olması daxil idi. Ancaq hələ Azərbaycana «donuz qripi»nə qarşı peyvəndlər gətirilmədiyindən bu mümkün olmayıb.

«Səudiyyə Ərəbistanından tövsiyə olunmuşdu ki, heç olmasa zəvvarlar ümumilikdə qripə qarşı peyvənd olunsunlar. Biz bunu etdik. Ancaq «donuz qripi»nə qarşı peyvənd hələ ki, Azərbaycana gətirilməyib. Səudiyyə Ərəbistanı da öz tərəfindən bəzi profilaktik tədbirləri görüb».

Noyabrın 18-i,19-u və 20-də isə azərbaycanlı zəvvarlar təyyarə ilə həcc ziyarətinə yola düşəcəklər. Bu ilki kvotaya görə, Azərbaycandan Həcc ziyarətinə ümumilikdə 2 min zəvvar getməlidir. Ötən il bu kvota 6 min nəfər idi.
XS
SM
MD
LG