Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:25

Güllələdikdən sonra ruhundan da əl çəkmədilər…


Xalid Səid Xocayev
Ötən əsrin 30-cu illərinin repressiya qurbanlarının evdən aparılma tarixi uzun illərdir ki, yazılan kitablarda, çəkilən filmlərdə, hazırlanan verilişlərdə xüsusi vurğulanır. Bu son yolçuluğun biri bizləri daha çox üzür: 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə həbs olunan Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin qara maşınlara doldurularaq aparıldığı gecə... Nə yazıq ki, indiyəcən heç birimiz bilməmişik ki, o məşhur və məşum gecədə əbədiyyətə göndərilənlərin sayı xeyli çoxmuş. Onların arasında görkəmli türkoloq, dünyada ilk dəfə Kaşqarlı Mahmudun «Divan»ınını Azərbaycan türkcəsinə çevirmiş Xalid Səid Xocayev də varmış... Bu «İz»də Səid Xalid Əfəndinin izinə düşməyə qərar verdik. Yenicə çapdan çıxmış «Xalid Səid Xocayev-Şəhid türkşünas» kitabının müəllifi, Hüseyn Cavid və Əli bəy Hüseynzadə irsinin yorulmaz araşdırıcısı Azər Turan bu «İz»də bələdçimiz oldu...

- Azər bəy, siz Hüseyn Cavidin və Əli bəy Hüseynzadənin tanınmış araşdırıcısınız. Görkəmli türkşünas Xalid Səid Xocayevin izinə necə düşdünüz?

- Cavid Əfəndinin həbsindən sonra Azərbaycanda milli-humanitar təfəkkürün üzərində bir təcavüz baş verdi. Adətən, biz 3 nəfərin--Hüseyn Cavidin, Əhməd Cavadın və Mikayıl Müşfiqin iyunun 3-dən 4-nə keçən gecə həbs olunduğundan danışırdıq. O dövrün istintaq materiallarını araşdıranda, 4-cünün - Xalid Səidin də adına rast gəldim. Onun adını bir də, 1926-cı ildə keçirilən Birinci Türkoloji qurultayın stenoqramında gördüm. Stenoqramda Xalid Səid qurultayın Bakıdan nümayəndəsi kimi təqdim olunur və qeyd olunur ki, o özbək dilində çıxış etdiyi üçün stenoqrama alınmadı. Yəni Xalid Səid yenə məchul, bilinməz qaldı mənim üçün. Bir müddət keçdi və nəhayət, mən onun adına Əli Bəy Hüseynzadənin arxivində rast gəldim. Türkoloji qurultayla bağlı gündəliyində Əli Bəy yazır ki, özbək Xalid Səid fasih (bəlağətli, örnək, mənalı-S.İ. ) türkcə danışdı. Ortaq ədəbi türkcənin, ortaq türk mədəniyyəti coğrafiyasının yaradılmasının zəruriliyini qeyd etdi və s. Beləcə, mən bu şəxsiyyətin izinə düşdüm və gördüm ki, əslində Xalid Əfəndi bizim ən böyük şəhidlərimizdəndir. Xalid Səidin haqqı 37-ci il repressiya qurbanlarından daha çox əzilib, daha çox danılıb. Onların yaradıcılığı heç olmasa üzə çıxarıldı, çap olundu. Xalid Səidin böyük elmi yaradıcılığı isə tamamilə sıradan çıxarıldı, məhv edildi. Sağlığında nəşr olunan kitabları istisna olunmaqla, əldə 3 kitabı var. Bir də, mən deməzdim ki, Xalid əfəndinin irsi NKVD-nin zindanlarında yandırılıb, məhv olub. Xeyr, onun irsi repressiyalardan sonra da əllərdə olub, kimlərsə ona baxıb, ondan istifadə edib. Yəni Xalid Səid yaradıcılığı diqqətdə olub, amma özü diqqətdə olmayıb... Yəni bütün əsərləri itkin düşməyib. Xalid Səid dünyada ilk dəfə Kaşqarlı Mahmudun «Divanü-lüğət-it-türk» əsərini Azərbaycan türkcəsinə çevirən bir adamdır. Həm də, bunu Besim Atalaydan (Türkiyədə «Divan»ın tərcüməçisi-S.İ.) əvvəl edən tərcüməçidir. Besim Atalay özü yazıb ki, məndən əvvəl Azərbaycanda bu işi Xalid Səid Xocayev gerçəkləşdirib.

- Daha kimlər «Divan»dan soraq verir?

- Xalid əfəndinin «Divan» tərcüməsi 3 cilddən ibarət olub. 80 çap vərəqi həcmində. Mən onun qızı ilə də görüşmüşəm. Bir yazım çıxmışdı. Ondan sonra özü məni tapdı. Təsəvvür edin, 37-ci ilin sənədlərindən oxuyub tanıdığım 13 yaşlı Bəhicə xanımı 85 yaşında gördüm. Dedi ki, atam həbs olunacağını bilirdi. Bir dəfə onu «Kommunist» qəzeti reaksiyasına çağırıb söhbət eləmişdilər. Evimizdə üç qovluq var idi. «Divan»ın tərcüməsi həmin qovluqlarda idi. Qovluqları anama göstərib dedi ki, məndən sonra bu qovluqları istəsələr vermə. Vermək məcburiyyətində qalsan, onları tərəzidə çəkdirərsən, nə qədər gəlsə, o ağırlıqda da qızıl istəyərsən. Yəqin ki, atam anama «Divan»ın nə qədər qiymətli olduğunu anlatmaq istəyirdi. Ancaq həbs olunan gecəsi o qovluqları da apardılar...

- Xalid Əfəndinin daha nəyi aparılıb o gecə?


Xalid Səid və Bəkir Çobanzadə, 1937
- «Divan»dan başqa 11 böyük elmi əsəri yağmalanıb. «Orxon kitabələrinin izahlı tədqiqi», “Türk dilinin tarixi qrammatikası», «Cığatay ədəbiyyatı haqqında mühazirələr», «Türküstan tarixinin qısa icmalı», «Müfəssəl sintaksis» və s. Sən demə, Xalid Səid həm də, Rəşad Nuri Güntəkinin «Çalıquşu» romanının ilk tərcüməçisi olub. Kitab 1930-cu ildə nəşr olunub. Hənəfi Zeynallının yazdığı müqəddimə ilə və qısaldılmış şəkildə. 59-cu ildə çıxan nəşrdə bu fakt ötəri xatırlansa da, tərcüməçinin adı çəkilməyib. Bəhicə xanımın sözünə görə, bir dəfə kitabın tərcüməçisi Cəlal Məmmədov ona deyib ki, mənə halallıq ver. Romanın ilk tərcüməçisi sənin atan olub...

- Azər bəy, mən unutdum, bəlkə Xalid Əfəndinin harda doğulduğu, oxuduğu barədə də danışasınız.


- Xalid Əfəndi özbək türküdür. 1888-ci ildə Özbəkistanın Bustanlıq nahiyəsinin Çir-Çik şəhəri yaxınlığındakı Koşkurqan qışlağında doğulub. Atası Seyid Əli Xoca dövrünün nüfuzlu ruhanilərindənmiş. Xalid kənd məktəbini bitirib. Daşkənddə mədrəsə təhsili alıb. Mədrəsəni yarıda buraxıb, ailədən gizlin İstanbula qaçıb. 3 il tibb fakültəsində təhsil alıb, sonra oranı buraxıb, İstanbul Universitetinin tarix-ədəbiyyat fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra geri qayıtmaq üçün heç bir sənədi olmadığından, 1918-ci ildə Azərbaycana gələn Qafqaz-İslam Ordusuna yazılıb və Nuru Paşanın himayəsində Gəncəyə gəlib. Orda da, təbii ki, ordu içləri ilə məşğul olmayıb. Amma sonralar istintaq materiallarında onu bu ordunun əsgəri olmaqda, xüsusi şöbənin əməkdaşlığında suçlayıblar. Gəncədə seminariyada müəllim işləyir. Sonra Bakıya gəlib müəllimlik fəaliyyətini davam etdirir. 1920-ci ildə bolşeviklər Cümhuriyyət hökumətini devirəndə, Xalid Səid Özbəkistana gedir. Daşkənddə Müəllimlər İnstitutunun direktoru olur. 1922-ci ildə, özünün yazdığına görə, «əlverişsiz iqlim şəraiti ucbatından» Bakıya dönməli olur. 1937-ci ilə kimi Bakıda yaşayır. Müəllimlər İnstitutunda, ADU-da dərs deyir. Özbəkistanın Azərbaycanda seçilməmiş elçisi olur. Özbəkistanın istedadlı gənclərinin Bakıda təhsil almasına şərait yaradır. Opera müğənnisi Nəzirə Əliyeva, akademik Hadı Zərifinin Bakıya yerləşməsinin səbəbkarı olur. Eyni zamanda Azərbaycan ədəbi mühitində, elmi fikrində mühüm xidmətlər göstərir. Birinci Türkoloji Qurultaydan sonra latın əlifbasına keçid mərhələsində həlledici simalardan biri olur. O dövrdə MİK sədri olan Səmədağa Ağamalıoğlu Xalid Səidin diktəsi ilə bu işləri görürdü. Bunu təsdiq edən sənədlər var. Bunlardan ən mühümü 1926-cı ildə Krımda nəşr olunmuş, Azərbaycanda latın qrafikası ilə çıxan ilk kitab--Xalid Səidin «Yeni əlifba yollarında əski xatirə və duyğularım» kitabıdır.

- O kitab əldə varmı?

- Var. Mən o kitabın üzərində çalışmışam. Bu yaxınlarda təzədən nəşr edəcəyik. Repressiya qurbanlarından olan Əziz Ubeydulin deyib ki, bizdə səyahətnamələr yoxdur. Bu kitab elmi dəyərindən başqa çap olunmuş ilk səyahətnaməmizdir. Daha bir maraqlı fakt o vaxtkı Əlifba Komitəsinin üzvlərinin--Cəlil Məmmədquluzadə, Xalid Səid, S. Ağamalıoğlu, Vəli Xuluflunun Bakıdan Krıma, Krımdan Türküstana səfəridir. Onlar yerli əhali ilə, ziyalılarla görüşlər keçiriblər. Bəkir Çobanzadənin Bakıya gəlişinin də səbəbi həmən səfər olub. Xalid Əfəndi o dövrdə latın qrafikasına keçid hərəkatının ən parlaq, ən həlledici simalarından biri idi. 1937-ci ilin iyunun 3-dən 4-nə keçən gecə onu həbs elədilər. Həmin gecə Bakıda şıdırğı yağış yağırmış. İyun və yağış... Oktyabrın 12-dən 13-nə keçən gecə isə güllələdilər...Xalid Səidi Vəli Xuluflu ilə bir yerdə güllələdilər. Bəkir Çobanzadə, Məmməd Kazım Ələkbərli ilə - SSRİ Eləmlər Akademiyasının Azərbaycan filialının görkəmli simaları ilə bir yerdə qanına qəltan elədilər... Güllələdikdən sonra ruhundan da əl çəkmədilər. Güllələnənlərin xanımlarını da ayın 13-də tutub Sibirə sürgün etdilər... Xalid Səidin ömür yoldaşı Sitarə xanım Azərbaycanın iftixar qaynağı olan Səməd Bəy Mehmandarovun bacısı qızı idi. Sitarə xanım məşəqqətli bir sürgün həyatı yaşadı...

Buna da bax:

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG