Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

«Azərbaycanda quldarlığın, feodalizmin və kapitalizmin əlamətləri var»


Azər Rəşidoğlu və Məmməd Süleymanov
Azər Rəşidoğlu və Məmməd Süleymanov
«Azərbaycanda quldarlığın, feodalizmin və kapitalizmin əlamətləri var».

Bu fikri «Panorama» verilişində jurnalist Məmməd Süleymanov deyib. Onun fikrincə, indi Azərbaycandakı quruluşu dəyərləndirmək o qədər də çətin deyil:

«Azərbaycanda işçiləri işlədib, onların qanuni haqlarını vermirlər. Demək, onların hüquqları elə qulların hüquqlarına bərabərdir. Azərbaycanda hərə bir ərazini əlinə keçirib, orada istədiyini həyata keçirir. Orada qanun yox, feodal təfəkkür hökm sürür. Azərbaycanda həm də kapitalizmin əlamətləri var. Yəni fabriklər, zavodlar fəaliyyət göstərir və orada muzdlu işçilər çalışır. Bir də ölkəni bürokratik məmurlar idarə edir. Onların sovet dövründəki bürokratik məmurlardan fərqləri var. Əslində, onlar elə sovet dövründəki bürokratik məmurların uşaqlarıdırlar. Ancaq bunlar tək məmur deyillər, həm də oliqarxdırlar. Özlərinin istehsalat müəssisələri var».

Məmməd Süleymanov deyir ki, Oktyabr inqilabı bütün dünyaya, o cümlədən də Azərbaycana öz töhfəsini vermişdi:

«Burda həm müsbət, həm də mənfi məqamların üzərində dayanmaq olar. Ancaq indiyə qayıtsaq cəmiyyətdə böyük sosial ədalətsizliklər hökm sürür. Buna ona görə ciddi etirazlar yoxdur ki, Azərbaycan cəmiyyətində solçu hərəkat yoxdur. Solçular var, ancaq onların təşkilatları, liderləri yoxdur».

Azər Rəşidoğlu isə düşünür ki, totalitarizmi doğuran bir inqilabi günün unudulmasına sevinmək lazımdır:

«Mən Azərbaycanda nə həqiqi solçuların olduğuna inanıram, nə həqiqi liberalların, nə də əsil islamçıların. Yalnız 5-3 nəfər ola bilər. Azərbaycanda nə solçuların, nə sağçıların, nə də islamçıların mübarizə aparmaq üçün fəaliyyət imkanları var. Əslində mən bəyənməsəm də Cəlil Məmmədquluzadənin bir fikri ilə razılaşmaya bilmirəm. Bizə sillə vuranda bir qədər də başımızı aşağı tuturuq ki, sillə vurana daha rahat olsun. Ancaq bu hamıdan çox hakimiyyəti narahat etməlidir. Çünki müqəddəs yerlər boş qalmır. Xomeyni kimi bir adam bu boşluğu dolduranda indiki hakimiyyət onunla dil tapa bilməyəcək. Bütün hallarda dünya hələ ki, demokratiyadan münasib yaşam tərzi kəşf edə bilməyib. Azərbaycanda da buna yol verilməlidir».

Məmməd Süleymanov isə düşünür ki, Azərbaycan ideologiyaların dəfn olunduğu bir qəbiristanlıqdır:

«Sadəcə, burada adamları ölmədən basdırırlar və onlar reanimasiya oluna bilər».

Buna da bax:

XS
SM
MD
LG