Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:09

Fərdi mənzillərdə məskunlaşan məcburi köçkünlər çıxarılacaq


Hüquqşünas Azər Nağıyev
Son illərdə Azərbaycanda məcburi köçkünlər evlə təmin olunur. Hələlik vaqonlarda, «fin» evlərində yaşayanlar yurd yiyəsi olur. Amma başqasına mənsub olan mənzillərdə məskunlaşmış məcburi köçkünlər də var. Bu mənzillərin sahibləri isə evsizlikdən əziyyət çəkir. Məsələn, Mayisə adlı bir Bakı sakini yazır:

«Azərbaycanda vətəndaşların mülkiyyət hüquqları qorunmur... «AzTV»nin redaktoru olaraq illərlə növbədə gözləyib payçılıq təşkilatından 5-otaqlı mənzil aldıq. Lakin bu günədək mənzilimdə qaçqın ailəsi qeydiyyatdadır. Mən də uşaqlarımla kirayələrdə sürünəcəyəm?! 57 yaşındakı ananın mənzil hüququnu qorumayan prezident nə vaxt bizi düşünəcək? Pozulmuş mülkiyyət hüququmuzu nə vaxt qoruyacaq?!».

Fərdi yaşayış mənzillərində məskunlaşan məcburi köçkün ailələrinin sayı nə qədərdir? Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat almaq istədik. Amma dedilər ki, komitə bu problemin həlliylə bağlı tədbir görmək istəyir, buna görə də siyahını dəqiqləşdirir, ancaq belə ailələr çoxdur.

Komitənin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov deyir ki, hökumət hələlik fin evlərində və yataqxanalarda yaşayan köçkünlərin mənzil problemini həll etmək istəyir.

«Bizə də şikayət eləyənlər var, hətta əllərində məhkəmə qətnamələri olanlar da var. Bu problemi də həll etmək üçün tədbirlər nəzərdə tutulur».

Amma nə vaxt? Bax, bu, yenə də sual altındadır.

Hüquqşünas Azər Nağıyev isə deyir ki, bu, məcburi köçkünlə yerli sakinin problemi deyil:

«Məcburi köçkünün mənzillə təminatı vətəndaşın problemi deyil. Hökumətin siyasətinə aiddir».

QANUNSUZ EVİ QANUNİLƏŞDİRMƏYİN BİR YOLU

Bakı sakini Mustafa Əhmədov ev və torpaq sahəsini qanuniləşdirməyin yolunu soruşur. Onun sualları belədir:

«Mənim daş hasara alınmış 8-9 sotluq bir torpaq sahəm və orada tikilmiş bir evim var. Lakin evin layihəsi yoxdur və torpağın ancaq 6 sotunun şəhadətnaməsi var. Məsləhət verə bilərdinizmi bu torpağı və evi qanuniləşdirməyin ən qısa və ya əlverişli yolu necədir?».

Sualları hüquqşünas Azər Nağıyev cavablandırır:

- Təəssüf ki, Mustafa Əhmədovun dedikləri əsasında konkret rəy vermək mümkün deyil, mütləq sənədlərə baxmaq lazımdır. Araşdırmaq lazımdır ki, evə, torpağa dair hansı sənədi var, evin tikildiyi torpaq Torpaq və Xəritəçəkmə Komitəsində hansı rayonun ərazisi kimi göstərilir, həmin rayonda o, neçə ildir yaşayır.

- Torpaq şəhadətnaməsi sənəd deyilmi?

- Sənəddir.

- Bəs evin layihəsinin olmaması evin özəlləşdirilməsinə maneə yarada bilərmi?


- Ev həqiqətən də şəhadətnamə olan sahədə tikilibsə, Mülki Məcəlləyə əsasən, məhkəmə yoluyla qanunsuz tikiliyə onun mülkiyyət hüququ tanına bilər.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG