Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

«Hökumətinin yeni təzyiq kampaniyasının başlanğıcı…»


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Ədliyyə Nazirliyinin qurumda yoxlamalara başlamasını Azərbaycan hökumətinin yeni təzyiq kampaniyasının başlanğıcı kimi qiymətləndirir.

RATİ-nın yaydığı bəyanatda deyilir ki, bu cür hədələyici tərzdə əsassız və yersiz yoxlamalara başlamaq Azərbaycan hökumətinin müstəqil QHT-yə qarşı olan dözümsüzlüyünün bariz nümunəsidir.

Bəyanatda xatırladılır ki, oktyabrın 29-da Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşları «RATİ-nin fəaliyyətinin nizamnaməyə və qanunvericiliyə uyğunluğunu öyrənmək məqsədi ilə» yoxlama aparmaq üçün RATİ-yə ezam olunublar. Lakin qurumun əməkdaşları RATİ-nin sədri Emin Hüseynlinin Bakıda olmadığını, onların suallarını cavablandıra bilməyəcəklərini deyiblər. Buna baxmayaraq, dünəndən nazirliyin əməkdaşları RATİ-də yoxlamaya başlayıb.

RATİ bəyan edir ki, bütün bunlar Azərbaycan Konstitusiyasının 58-ci maddəsində nəzərdə tutulmuş birləşmək hüququnun (I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir) və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 11-ci maddəsində nəzərdə tutulmuş yığıncaqlar və birləşmək azadlığının (Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ var) pozulmasıdır.

RATİ-nin bəyanatında o da xatırladılır ki, bir müddət öncə Seçki Monitorinq Mərkəzi (SMM) İctimai Birliyinin qeydiyyatı Ədliyyə nazirliyi tərəfindən ləğv edilib.

Bəyanatda qeyd olunur ki, bu ilin iyun ayında «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanuna bir çox məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilib.

RATİ bildirir ki, hazırda qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etmiş onlarla QHT-nin qeydiyyatı gecikdirilir.

RATİ Azərbaycan hakimiyyətini repressiv addımlara son qoymağa çağırmaq üçün beynəlxalq demokratik ictimaiyyətə müraciət edir və həmçinin Azərbaycan iqtidarını müstəqil QHT-lərə qarşı dözümlü olmağa çağırır.
Media Forum
XS
SM
MD
LG