Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Sahibkarın qətli ilə bağlı şübhəli şəxslər saxlanıb


Şəxsi avtomobilində qətlə yetirilən və yandırılan sahibkar Xanbəyi Zamanovun işi ilə bağlı şübhəli şəxslər saxlanıb. Bu barədə birgə məlumat yayan Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi bildirir ki, sahibkarın meyitinin tapıldığı Balaxanı qəsəbəsindəki zibilliyin ərazisinə baxış və axtarış-əməliyyat tədbirləri keçirib:

«Aparılmış istintaqla müəyyən edilib ki, həmin gün Balaxanı qəsəbəsindəki donuzçuluq fermasında işləyən və orada yaşayan Nemət Abdullayev Xanbəyi Zamanovu qəsdən öldürmək məqsədilə, onu fermada birgə işlədiyi və ər-arvad kimi yaşadığı Samirə Əzimova ilə tanış etmək bəhanəsi ilə aldadaraq, görüşə dəvət edib. Balaxanı qəsəbəsində Nemət Abdullayev Xanbəyi Zamanovu Samirə Əzimova ilə tanış edib və Samirə Xanbəyinin idarə etdiyi avtomaşının qabaq oturacağında, Nemət isə arxa oturacaqda əyləşiblər».

Hüquq-mühafizə orqanları güman edir ki, qətlin motivi Nemət Abdullayevlə Xanbəyi Zamanovun biznes maraqlarının toqquşması olub. Onlar bir müddət öncə məhkəmədə üzləşiblər və məhkəmə mərhum sahibkarın xeyrinə qətnamə çıxarıb.

Məlumatda o da deyilir ki, iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XS
SM
MD
LG