Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:49

Polşa Azərbaycanın dörd nazirinə orden verib


 Ramil Usubov
Ramil Usubov
Oktyabrın 17-də bir neçə azərbaycanlı nazirə ”Polşa-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərinə görə” Polşa dövlətinin ordenləri verilib.

Bunlar Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubov, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, Xarici İşlər naziri Elmar Məmmədyarov, Sənaye və Energetika naziri Natiq Əliyevdir.

Amma istər Azərbaycanda, istərsə də Polşada bunu birmənalı qarşılamayıblar.

SƏNƏ GÜVƏNDİYİM POLŞA...

Müsavat Partiyasının başqanı İsa Qəmbər Polşanın azərbaycanlı nazirləri mükafatlandırmasına təəssüflənir.

O deyir ki, indiyəcən Polşa Azərbaycan xalqının gözündə demokratik islahatlar aparan və Avropa Birliyinə qoşulmağı bacaran bir ölkə olub.

“Amma Polşa Azərbaycandakı avtoritar rejimi özünün siyasi və iqtisadi maraqlarına görə mükafatlandırıb. Azərbaycan cəmiyyətinin buna münasibəti yaxşı deyil”.

Kaçinski demokratikləşmə yolu tutan və Rusiyanın hücumuna məruz qalan Gürcüstanı açıq müdafiə edir.
Polşalı ictimai fəal, yazıçı İrena Lasota xeyli vaxtdır ki, Azərbaycandakı siyasi prosesləri izləyir, o vaxtilə Azərbaycanda seçkiləri də izləyib. İndi o, Amerikada yaşayır və Vaşinqtonda Şərqi Avropada Demokratiya İnstitutuna rəhbərlik edir.

BİR ORDENİN FƏQRLİ SAHİBLƏRİ

Xanım Lasotanın özü də keçən il Polşa prezidenti Lex Kaçinski tərəfindən ordenlə təltif edilib. Onu bu mükafata 1968-ci ildə Polşada sovet istilasına qarşı çıxışlarda iştirakına görə layiq görüblər. İrena Lasota deyir ki, ona verilən ordenin azərbaycanlı nazirlərə də verilməsindən heç də məmnun deyil.

“Bunu eşidəndə şoka düşdüm. Xüsusən də həmin ordenin daxili işlər naziri Ramil Usubova verilməsi yersizdir”.

Polşadakı Şərq Fondunun direktoru Pavel Vosik də xəbərə təəccüblənib. “Bu məni çox məyus etdi. Elə nazirlər təltif edilib ki, onlar demokratik müxalifət və müstəqil mediaya qarşı təzyiqlər edən rejimin bir hissəsidirlər”.

6 İL 2 GÜN SONRA...

İrena Lasota deyir ki, təltifetmə mərasimi Azərbaycanda 2003-cü ildə keçirilmiş mübahisəli prezident seçkilərindən 6 il 2 gün sonraya tədadüf edib.

Həmin seçkidən sonra Azərbaycan hökuməti seçki saxtakarlıqlarına etiraz edərək küçələrə çıxan insanlara qarşı güc tətbiq etmişdi və həmin qanlı olaylar baş verən zaman Ramil Usubov daxili işlər naziri idi. “İndi həmin nazirə ordeni hansı xidmətlərinə görə verirlər? O, Polşa-Azərbaycan əlaqələrinin inkişafı üçün nə edib?”

"DÜNYADA QƏBUL EDİLƏN TƏCRÜBƏ"

Polşa hökumətindən Azadlıq Radiosunun məsələylə bağlı suallarına yazılı açıqlama ilə cavab veriblər.

Polşanın neft emalı zavodlarını təchiz edən Rusiyanın "Drujba" neft kəməri.
“Bu, dünyada hamı tərəfindən qəbul edilən bir təcrübədir ki, iki ölkə arasında əlaqələrin inkişafında xidməti olmuş möhtərəm şəxslərə prezidentlərin rəsmi səfərləri zamanı dövlət təltifləri verilir. Polşa və Azərbaycan arasında çox yaxşı, çoxşaxəli dostluq əlaqələri var. Polşa bizim ölkələrin yaxınlaşmasında böyük xidmətləri olan fərdləri Azərbaycanda bu məqsədlə təltif edib”.

İrena Lasota isə Polşa hökumətinin izahını əsaslandırılmış saymır.

“Bəli, siz iqtisadiyyat nazirinə, neft nazirinə orden verə bilərsiz. Bəs daxili işlər və milli təhlükəsizlik nazirləri niyə mükafatlandırılıb? Bu gülüncdür. Hətta xarici işlər naziri Elmar Məmmədyarovun adı da "Amnesty İnternational" kimi təşkilatlar tərəfindən Azərbaycanda antidemokratik hərəkətlərə rəvac verən dövlət rəsmisi kimi çəkilir”.

NEFT "İYİ GƏLƏN" ORDEN

Polşadakı Şərq Fondunun direktoru Pavel Vosik isə deyir ki, bu, Polşanın Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ neft-qaz marşrutları axtarması, Azərbaycanı belə marşrutları təmin edə biləcək ölkə kimi nəzərdən keçirməsi ilə bağlı ola bilər.

Qeyd: Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Polşa prezidentini Azərbaycanda ən ali mükafat sayılan Heydər Əliyev ordeni ilə təltif etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG