Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:09

«Sumqayıtda baş vermiş hadisə ciddi xəbərdarlıqdır»


«Sumqayıt şəhərində orta məktəbdə baş vermiş kütləvi zəhərlənmə bizim hamımız üçün - həm valideynlər, həm müəllimlər, həm uşaqlar, həm də təhsili idarə edən insanlar üçün ciddi bir xəbərdarlıqdır». «APA»-nın məlumatına görə, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, zəhərlənən uşaqlara vaxtında yardım göstərilməsi və onların səhhətinə ciddi ziyan dəyməməsi sevindirici haldır: «Bu bizə çox ciddi xəbərdarlıqdır ki, nə isə alanda ehtiyatlı olmaq lazımdır. Kimsə kiməsə pulsuz bir şey verirsə, onda daha diqqətli olmaq lazımdır. Çünki müəyyən qüvvələr var ki, hər şeyi etməyə cəhd göstərə bilərlər. Ona görə də biz diqqətli olmalı və heç kimə etibar etməməliyik».

«ANS PRESS»-in Sumqayıt şəhər Polis İdarəsinə istinadən yaydığı məlumata görə isə, Sumqayıt şəhərində məktəblilər arasında kütləvi zəhərlənmə faktı ilə əlaqədar iki nəfər saxlanılıb. Məlumatda deyilir ki, saxlananlar - 23 yaşlı Sumqayıt sakini Elvin Həsənov və 35 yaşlı Bakı şəhər sakini İlkin Fətullayev şagirldləri bilərəkdən zəhərləmədiklərini deyiblər. Onların sözlərinə görə, Ukrayna şirkətinə məxsus malları reklam etmək məqsədilə həmin qida məhsullarını məktəblilər arasında pulsuz paylayıblar.

Şumqayıt şəhər Prokurorluğundan isə «AzadlıqRadiosu»-na iki nəfərin saxlanması ilə bağlı məlumatı təsdiqləməyiblər. Prokurorluğun nümayəndəsi onda bu barədə məlumatın olmadığını bildirib.

Oktyabrın 22-də günorta saatlarında Sumqayıt şəhəri 38 saylı məktəbdə ikinci növbə üçün dərsə gələn 5-6-cı sinif şagirdləri məktəbdən 50 metr aralıda “VAZ 2106” markalı avtomobillə gələn naməlum şəxslər tərəfindən pulsuz paylanan suxarılardan alıblar. Az sonra uşaqlarda sancılanma müşahidə olunub. Suxarını yemiş 50-dək uşaq xəstəxanaya yerləşdirilib, onlardan 47 nəfəri müayinədən sonra xəstəxanadan buraxılıb, iki nəfər isə həkim nəzarətinə götürülüb.
XS
SM
MD
LG