Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

«Gün batdı həyətə düşə bilmirik»


«Silahı hökumətimiz icazə vermir gəzdirməyə, canavarı da icazə vermirlər vurmağa. Bəlkə bundan sonra icazə verərlər vurarıq»
«Silahı hökumətimiz icazə vermir gəzdirməyə, canavarı da icazə vermirlər vurmağa. Bəlkə bundan sonra icazə verərlər vurarıq»
Sabirabadın Moranlı kəndinin camaatı yırtıcı canavarların əlində aciz qalıb. Qaş qaralandan ta gün çıxanadək yırtıcı canavarlar həyətlərə soxulur, adamlara hücum çəkir. Camaat deyir ki, canavarlar bir gecədə Moranlının dörd, qonşuluqdakı Rüstəmlinin isə bir sakinini dişləyiblər. Kənd sakinləri indiyədək kənddə belə hadisəylə üzləşmədiklərini söyləyirlər. Onlar deyirlər ki, bu ayın 8-dən bəri sanki kəndə sürüylə yırtıcı canavar gətirib buraxıblar. Adamların gözü necə qorxubsa, günün gündüz çağında belə burunlarını çölə çıxara bilmirlər.

Canavar hücumuyla üzləşənlərdən biri Gülər Mansurovanın qayınanası Tamella Novruzova deyir ki, gəlinin başına bu hadisə gələndən sonra həmkəndliləri kimi o, da nəvəsini məktəbə göndərməyə qorxur:

«Səhər-səhər aparıb körpə uşağı qoyuram küçənin o başında, kol-kosdur, böyürtkəndir hər yer. O, gəlincə mənim canım qalır yanında».

TÜFƏNGLƏRİMİZİ QAYTARIN

Gəlini Gülərsə başına gələni belə danışır:

Gülər Mansurova
«Səhər saat 6 idi, həyətə düşdük, gördüm ki, üstümə nəsə tullandı, sifətimə tullanmaq istəyirdi, qolumu qabağa verdim, qolumu aldı ağzına. Əvvəl elə bildim itdir, sonradan bildik ki, canavardır».

Canavar digər kənd sakini İsmixan Şıxəliyevi isə başından yaralayıb:

«İtin səsinə çıxdım həyətə, pilləkəndən iki metr aralanmışdım, şığıdı üstümə, məni yaraladı, ailəm-uşağım tökülüşdü, qaçdı getdi».

Zərərçəkmiş deyir ki, kəndlinin özünü müdafiə etməsi üçün ən yaxşı vasitə tüfəngdir, amma:

«Dədə-babadan qalma tüfəngləri də yığıb aparıblar, kəndi silahlandırmaqdansa silahları yığıblar».

ÇOBANLA QURDUN NAĞILI

Rüstəmli kəndinin sakini Vahab Soltanov çobançılıqla məşğul olur. Canavar onu qoyun otardığı sahənin yaxınlığında, daldalanacaq kimi istifadə etdiyi vaqonun qarşısında haqlayıb. Çobanla qurd əməlli-başlı süpürləşiblər:

«Döndü lopatkaya baxdı, sonra cumdu qıçımdan yapışsın, imkan vermədim, qolumdan yapışdı. Haradasa 4 metr sürüdüm onu vaqona tərəf. Burdan keçəndən sonra gedib atın ağzını cırmışdı».

Zərərçəkmiş deyir ki, həmin hadisədən sonra canavarlar sürü şəklində yaxınlıqdakı həyətlərə də hücum çəkiblər. Həm silahın olmaması, həm də canavarların məhv edilməsi ilə bağlı hökumətin qadağaları kəndlilərin əl qolunu bağlayır:

«Silahı hökumətimiz icazə vermir gəzdirməyə, canavarı da icazə vermirlər vurmağa. Bəlkə bundan sonra icazə verərlər vurarıq».

NİZAMİ VƏ SƏRXANBƏYLİ CANAVARLARIN HƏDƏFİNDƏ

Canavar Rüstəmli kəndinin sakini Vahab Soltanovu qoyun otardığı sahənin yaxınlığında, daldalanacaq kimi istifadə etdiyi vaqonun qarşısında haqlayıb
Kənd xəstəxanasının baş həkimi Qara Qarayevsə hesab edir ki, canavar sürüləri kəndə kənardan axışıb:

«Bunlar tamamilə nabələd canavarlardır, giriblər kəndə, indi də çıxa bilmirlər. Ayın 8-dən bəri hər gecə məlumat alırıq ki, filan yerə gəldi, filan yerdə göründü. İndi də Nizami, Sərxanbəyli kəndlərinə hücum ediblər. Hələ ki, insanlardan zədə alan yoxdur. Camaatın qorunması, təhlükədən xilas olması Ekologiya Nazirliyinin işidir, bizə kömək eləməlidirlər, ancaq eləmirlər. Gəlsinlər bizə göstəriş versinlər ki, biz neyləməliyik ki, bu bəladan uzaqlaşaq».

SƏN DEMƏ...


Hökumət kəndlilərin silahlanmasını mümkün saymasa da, canavarların vurulmasına hələ Moranlının başına gələnlərdən də əvvəl icazə veribmiş. Sadəcə, moranlılar bundan xəbərsizdi.

Sabirabad rayon Baytarlıq İdarəsinin həkimi Fikrət Rəsulov deyir ki, bir müddət əvvəl Dövlət Baytarlıq Xidməti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında razılaşma olub. Vəziyyəti nəzərə alaraq vəhşi canavarların, tülkülərin, çaqqalların və digər heyvanların vurulmasına icazə ilə bağlı məktub daxil olub. Rayon Baytarlıq İdarəsi də öz növbəsində yerli bələdiyyələrə məktub yollayıb ki, bələdiyyələr kəndlərdəki vəhşi heyvanların məhv edilməsinə başlasın:

«Məktub daxil olandan sonra biz də məktub göndərmişik bütün bələdiyyələrə ki, sahibsiz itlərin, vəhşi heyvanların sayının nizamlanıb zərərsizləşdirilməsi işini başa çatdırsınlar. Yerlərdə bunu bələdiyyələr edir, onlar eləməlidirlər».

F.Rəsulov deyir ki, Moranlıya darışan canavarlar adamlarla yanaşı, 18 baş iribuynuzlu heyvanı, 35 iti, iki atı, 1 qoyunu da dişdən keçiriblər. Heyvanlar vaksinasiya olunub və hazırda da vaksinasiya mərhələ-mərhələ davam edir.

BİR QARAQULAQ, BİR CANAVAR, BİR ÇAQQAL

Moranlı Kənd Xəstəxanasının baş həkimi Qara Qarayev hesab edir ki, canavar sürüləri kəndə kənardan axışıb
Moranlı kənd bələdiyyəsinin sədri Xudaverdi Talıbov isə camaatın narazılığını əsassız sayır. Deyir ki, axı onlar tədbir görürlər:

«Heç kim narazılıq eləyə bilməz. Qruplar yaratmışıq. Elə o qrupun içərisində mən özüm də varam, oğlum da var, müavinim də. Hər gecə saat 3-ə, 4-ə kimi kəndi gəzirik. Tədbir görürük, bir qaraqulaq vurmuşuq, bir canavar, bir dənə də çaqqal. Çaqqalı elə dünən vurulub. Heç kim narazılıq eləyə bilməz».

1 İLDƏ 257 ADAM VAKSİNASİYA OLUNUB

Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlifağa Nadirov deyir ki, canavar dişləmiş yaralılar həkimlər tərəfindən ciddi nəzarətdə saxlanılırlar:

«Bu günə qədər həmin xəstələr 4 vaksin alıb, 2 vaksinləri qalıb. Xəstələrin vəziyyəti yaxşıdır. Artıq ambulator müalicə qurtarıb».

Baş həkim deyir ki, ilin əvvəlindən bu günə kimi vəhşi heyvanların hücum etdiyi 257 adama vaksin vurulub. Onlardan yalnız beş nəfərinə canavar dişləməsi diaqnozu qoyulub ki, həmin faktlar da bu ay qeydə alınıb.

İndi moranlılar səksəkə içindədirlər. Onlar hər halda görülən tədbirlərin yetərli olmadığını, canavar hücumunun bitmədiyini düşünürlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG