Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:25

Ünvanlı sosial yardımlar niyə dayandırılıb?


Azərbaycanda ünvanlı sosial yardımlar 2006-cı ilin yayından verilir

Bakı sakini Surxay Rzayev iki aydır ünvanlı sosial yardımı ala bilməməsindən gileylənir:

«BELƏ YARDIM VERMƏK OLMAZ»

«Hər dəfə zəng edib soruşanda müxtəlif cavablar verirlər, nə bilim deyirlər bir az gec veriləcək. Məlum deyil. Əgər bu yardım sayılırsa, hər ay verilməlidir. Axı adamlar hər gün nə isə yeməlidirlər. İnsanlar gözünü bu pula dikib. Bu yardımları iki-üç ay saxlayırlar, amma bilinmir sonra veriləcək-verilməyəcək. Belə yardım vermək olmaz».

Surxay Rzayev yardımların verilməməsinin səbəbini heç kimdən öyrənə bilmir.

NAZİRLİK: «BU, TEXNİKİ MƏSƏLƏDİR»


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yardımların dayandırılmasını təsdiqləyirlər. Amma bunun hər hansı vəsait çatışmazlığı və ya yardımların verilməsindəki qanunsuzluqların, korrupsiyanın çoxalmasıyla bağlı olmadığını deyirlər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli deyir ki, yardımların sentyabr-oktyabr aylarından dayandırılması texniki məsələdir. Onun sözlərinə görə, 2006-cı ilin yayından verilməsinə başlanılan ünvanlı sosial yardımla bağlı yaradılan texniki şəbəkə özünü doğrultduğundan indi nazirlik bütün sosial yardımları həmin şəbəkəyə birləşdirmək üzərində iş aparır:

«Bu, həm operativlik nöqteyi-nəzərindən, həm də vaxt itkisinin aradan qaldırılması, ailələr haqqında məlumat bankının yaradılması və inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Qərara gəlindi ki, nazirliyin digər strukturları da bu şəbəkəyə qoşulsunlar. Bunun üçün də bu şəbəkə genişləndirilməli idi. Yəni yardımların dayandırılması texniki məsələlərlə bağlıdır».


Elnur Kələntərli
Elnur Kələntərli deyir ki, təxminən gələn ayın ortalarından ünvanlı sosial yardımların verilməsi bərpa olunacaq.

«YARDIMLARIN DAYANDIRILMASI BÜDCƏ KƏSİRLƏRİLƏ BAĞLIDIR»

Amma «Ekspert» jurnalının redaktoru Dünya Sakit nazirliyin bu mövqeyini bölüşmür. O hesab edir ki, yardımların dayandırılması daha çox büdcə kəsirlərilə bağlıdır:

«Çox güman ki, bu, büdcədə yaranmış vəziyyətlə bağlıdır. Amma məsələ rəsmi şəkildə prezident səviyyəsində olmalı idi. Nazirliyin özünün bu prosesi dayandırması qeyri-mümkün bir məsələdir».

Redaktora görə, ünvanlı sosial yardımların dayandırılması üçün ya qanun dəyişdirilməlidir, ya da onun icrası dayandırılmalıdır. O, nazirliyini bunu özbaşına dayandırmasını absurd sayır.

Dünya Sakit deyir ki, əgər nazirlik bütün sosial yardımları vahid pəncərə sistemilə vermək istəyirsə, onda bu, yardımların dayandırılmasına və gecikdirilməsinə də səbəb olmamalıdır:

«Bilirsiz çox xərclər ixtisara salınıb. Böhrana görə, Azərbaycan hökuməti səhiyyə ilə bağlı böyük islahatları dayandırıb, bundan başqa, maaş və təqaüd, müavinətlərdə heç bir artım olmayıb. Belə bir halda ünvanlısosial yardımlar üçün nəzərdə tutulan vəsaitlərin verilməsinin dayandırılması ədalətsizlikdir. Axı regionlarda bu yardımlar əhalinin əsas dayağıdır».

«Ekspert» jurnalının redaktoru deyir ki, lap gəlirlər çox olanda da həmişə ilin sonlarına yaxın büdcə ilə bağlı gərginlik olur. O, həmin gərginliyin bu il daha çılpaqlığı ilə göründüyünü bildirir. Bu baxımdan da Dünya Sakit hesab edir ki, çox güman ki, gələn il üçün büdcədən ünvanlı sosial yardımlar üçün ayrılan vəsaitlər azaldılacaq.

NAZİRLİK SÖZ VERİR


Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli yardımların azaldılmayacağını və qalan ayların pullarının da veriləcəyini deyir.

Azərbaycanda ünvanlı sosial yardımlar 2006-cı ilin yayından verilir. Həmin il bu məqsədlə büdcədən 39 milyon manat, bu il isə 210 milyon manat vəsait ayrılıb. Hazırda ölkədə 153 min ailə - təxminən 700 min adam ünvanlı sosial yardım alır. Hər bir üzvünün aylıq gəliri ehtiyac meyarından, yəni 60 manatdan aşağı olan ailələr ünvanlı sosial yardım üçün müraciət edə bilərlər.
XS
SM
MD
LG