Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:57

Azərbaycandan Çexiyaya istirahətə getmək asanlaşacaq


RADEK MATULA
RADEK MATULA

İndi Azərbaycandan Çexiyaya getmək, məsələn Avropanın ən gözəl şəhərlərindən olan Praqanı gəzmək, yaxud Karlovı Varıda istirahət etmək istəyən Azərbaycan vətəndaşları çex vizası almaq üçün Tbilisyə - Çexiyanın Gürcüstandakı səfirliyinə getməyə məcburdular.

Amma bu ilin noyabrında Bakıda Çexiya səfirliyi fəaliyyətə başlayacaq. (Caspian-plaza biznes mərkəzində yerləşəcək).

“Əgər hər şey plan üzrə getsə, tezliklə səfirlikdə viza şöbəsi fəaliyyətə başlayacaq və artıq gələn ilin fevralında, yaxud martın əvvəlində Azərbaycan vətəndaşlarına viza verilməsinə başlanacaq”.

Bunu Azadlıq Radiosuna verdiyi eksklüziv müsahibədə Çexiya səfiri Radek Matula deyir, onunla Çexiyanın Xarici İşlər Nazirliyində söhbətləşirik.

Cənab Matula hələ ki qeyri-rezident səfirdir, yəni loru dildə desək, Bakıda oturmur, öz diplomatik missiyasına aid işləri ayda bir dəfə Azərbaycana gedərək görür.

YENİ SƏFİR KİMDİR?

Çexiya Azərbaycana kifayət qədər təcrübəli diplomat göndərir. Təkcə onu demək kifayətdir ki, cənab Matula beş ildən artıq Çexiyanın Rusiyadakı səfirliyində çalışıb və hətta səfirin müavini olub.

Bundan qabaq isə o, Çexiyanın Xarici İşlər Nazirliyində Şərqi Avropa və Balkan ölkələri üzrə departamentin rəhbəri vəzifəsində çalışıb. Moskvada işlədiyi müddətdə o bir müddət həm də Cənubi Qafqaz regionu ilə bağlı işlərə rəhbərlik edib.

Çexiyanın istehsal etdiyi ən son tramvay, Škoda 14 T

2007-ci ilin axırında cənab Matulaya Azərbaycanda işləmək təklif edilib və o, keçən ilin iyulunda səfir kimi öz etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.

Şəxsi həyatına gəldikdə, cənab Matula ailəlidir, iki övladı ali təhsil alır. İkinci dəfə ailə qurub. Azərbaycanda üst-üstə 15 dəfədən çox olub, bu müddətdə təkcə Azərbaycan mədəniyyəti haqda yox, milli mətbəxi ilə tanış olmağa vaxt tapıb. Deyir ki, Azərbaycan yenəklərindən, xüsusən qutab və lüləkababdan çox xoşu gəlir.

BÜLLUR, PİVƏ... ÇEXİYANIN DAHA NƏYİ VAR?

Azərbaycanda sovet dövründən bəri çex bülluru, Karlovı Varı kimi kurort şəhərləri məşhurdur. Bir də çex pıvəsi bütün dünyada, o cümlədən Azərbaycanda tanınır.

Amma cənab Matula deyir ki, bu onların Azərbaycana təklif etmək istədikləri yalnız bunlarla məhdudlaşmır.

“Əməkdaşlıq üçün imkanlar çoxdur. Bizim səfirliyimizin yaxın gələcək üçün planlarına həm də çex biznesmenlərini Azərbaycana cəlb etmək daxildir. Onlar üçün Azərbaycanda tərəfdaşlar tapmaq asan deyil, çünki Azərbaycanla əlaqələri çox zəifdir”.

Səfir hesab edir ki, çex iş adamları Azərbaycanda nəqliyyat, tikinti, kimya sənayesi kimi sahələrdə işləyə bilərlər.

“Amma əvvəlcə onları Azərbaycan haqda dəqiq məlumatlarla təchiz etmək lazımdır, Çexiyada Azərbaycandakı biznes mühiti, biznesi tənzimləyən qanunlar haqda çox az məlumat var.

Azərbaycan biznesmenlərində də Çexiyanın biznes mühiti haqda məlumat çox deyil”.

Səfir onu da yada salır ki, bu yaxınlarda Azərbaycana Çexiya Senatının rəhbəri cənab Sobotka da getmişdi. Onu 45 iş adamı müşayiət edirdi.

ÇEXİYANIN İŞLƏTDİYİ NEFTİN 20 FAZİ AZƏRBAYCANDAN GƏLİR

Indi Azərbaycanla Çexiya arasında əsas əməkdaşlıq enerji sahəsindədir. Cənab Matula deyir ki, onun ölkəsinin istifadə etdiyi neftin 20 fazi Azərbaycandan gəlir.

Praqda Avropa Birliyinin Qaz Sammiti. Avropa Komissiyasının prezidenti Barrozo, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdulla Gül. 8 May 2009

Bundan başqa səfiri enerji daşıyıcıları ilə bağlı əməkdaşlığın genişlənəcəyinə ümid edir. İndi Avropa Birliyi Xəzər qazını ayrıca kəmərlə almaq üçün NABUCCO layihəsini reallaşdırmağa çalışır. Layihənin baş tutacağına şübhəylə yanaşanlar da var. Amma Avropa Birliyinin üzvü olan Çexiyanın səfiri layihənin baş tutacağına inanır.

“Biz istərdik ki, bu layihə Avropanın enerji təhlıükəzliyində öz yerini tutsun. Bu mənada Azərbaycan Çexiya üçün çox vacib tərəfdaşdır. İnanırıq ki, bu proyekt işə düşəcək. Biz bilirik ki, Azərbaycan layihədə iştirak etməyə hazır olduğunu bəyan edib”.

BƏS İNSAN HAQLARI?

Çexiyanin Azərbaycan neftinin müştərisi olması bu Avropa ölkəsinin Azərbaycanda insan haqlarının pozulması halları haqda danışmasına mane olmur ki?

Cənab Matula deyir ki, Çexiya ilk növbədə Azərbaycana ölkənin transformasiyası və islahatların aparılması üçün öz təcrübəsindən istifadə etməyi təklif edir.
“Eləcə də biz Azərbaycana ölkənin Avropa strukturları ilə yaxınlaşması üçün lazım olan təcrübəni təklif edirik. Biz Azərbaycanı strateji tərəfdaş hesab edirik və bütün mövzularda ünsiyyətə hazırıq.

Düşünürəm ki, yaxşı tərəfdaşlar arasında istənilən mövzuda açıq dialoq təşkil etmək mümkündür. Hesab edirəm ki, indi müxtəilif səviyyələrdə aparılan danışıqlar da məhz bu aspektdə gedir. Bu həm enerji, həm humantar, həm də Azərbaycanda insan haqlarının vəziyyətinə aid sahələri əhatə edir".


Çexiya səfiri deyir ki, bundan başqa onlar Avropa Birliyinin özünün şərqdəki qonşularına, o cümlədən Azərbaycana təklif etdiyi proqramları dəstəkləyirlər. Belə əməkdaşlıq həm də effektiv idarəçilik və demokratiyanın inkişafı sahələrini də əhatə edir.

Bəs məsələn indi Bakıda gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi gedir. Onları xuliqanlıqda ittiham edib tutublar, özləri isə siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Səfir bu məsələ haqda nə düşünür.

“Mən hələ ki Azərbaycanda daimi fəaliyyətə başlamamışam və Bakıda oturmuram. Ona görə də bu suala cavab vermək mənim üçün çətindir. Həmin hadisənin necə baş verməsi haqda dolğun məlumatım yoxdur. Amma biz dünyanın hansı ölkəsində baş verməsindən asılı olmayaraq, belə halların şəffaf araşdırılmasının tərəfdarıyıq”.

“Bəs indi keçirilən proses şəffafdırmı?” sualına səfir “Məndə hələ ki bu barədə dolğun məlumat yoxdur” cavabını verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG