Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:47

Dünyada müsəlmanların sayı dəqiqləşdi


Müsəlmanlar əsasən Asiyada yaşayırlar
Müsəlmanlar əsasən Asiyada yaşayırlar
«Pew» Araşdırma Mərkəzinin Dini və İctimai Həyat Forumunun oktyabrın 8-də yayılan hesabatına əsasən, dünyanın 200-dən çox ölkəsində 1.57 milyard müsəlman yaşayır. Bu, dünyanın 6.8 milyard əhalisinin təxminən 23 faizi deməkdir.

Müsəlmanlar əsasən Asiyada yaşayırlar. Burada onlar əhalinin 60 faizini təşkil edirlər. Yaxın Şərqdə və Şimali Afrikada da əhalinin 20 faizi müsəlmanlardır. Müsəlmanların 2.4 faizi Avropada, 0.3 faizi Amerikada yaşayır.

Dünya üzrə 300 milyon müsəlman yaşadıqları ölkədə dini azlıqdadırlar. Amma onlar azlıqda olduqları ölkələrdə kifayət qədər saya malikdirlər. Məsələn, Çində Suriyadan daha çox müsəlman yaşayır. Rusiyada yaşayan müsəlmanların sayı isə İordaniya və Liviyada birlikdə olan müsəlmanlardan daha çoxdur.

Müsəlmanların 10-13 faizi şiələr, 87-90 faizi isə sünnilərdir. Şiələrin 80 faizə yaxını yalnız dörd ölkədə - İran, Pakistan, Hindistan və İraqda yaşayır.

Bundan əvvəl müsəlmanların sayının 1-1.8 milyard olduğu güman edilirdi. Üç il aparılan araşdırmalardan sonra müəyyənləşib ki, bəzi xristian ölkələrində müsəlmanların sayı müsəlman ölkələrindəkindən daha çoxdur:

- Almaniyada müsəlmanların sayı Livandan daha çoxdur.

- Çində Suriyadan daha çox müsəlman yaşayır.

- Rusiyada olan müsəlmanların sayı İordaniya və Liviyadakı müsəlmanların birlikdə sayından daha çoxdur.

- Efiopiyada Əfqanıstanda olan qədər müsəlman var.

- Dünyadakı müsəlmanların üçdə ikisi 10 ölkədə yaşayır. Həmin 10 ölkənin də 6-sı Asiyada (İndoneziya, Pakistan, Hindistan, Banqladeş, İran və Türkiyədə) yaşayır.

- Dünyadakı müsəlmanların 13 faizi təkcə İndoneziyada yaşayır.

- Avropa 38 milyon müsəlmanın vətənidir.

«Pew» Mərkəzinin növbəti araşdırması müsəlmanların artım tendensiyası və gələcəkdəki mümkün saylarına yönəlib. Bu hesabat 2010-cu ildə açıqlanacaq.
XS
SM
MD
LG