Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:27

İlqar Rəsul "Bizim məhəllə" HEKAYƏ


Bizim məhəllədə böyüyən uşaqlar iki cür tərbiyə alırdılar.

Bu tərbiyənin birini bizə evimiz, digərini isə məhəlləmiz verirdi.

Evlərin verdiyi tərbiyyə müxtəlif olub zaman - zaman müəyyən dəyişiklikərə məruz qalsa da məhəllənin tərbiyyəsindəki yazılmamış qanunlar küçəmizin bir tərəfi ilə uzanıb gedən köhnə bəy evlərinin divarlırına hörülmüş put daşlar kimi necə var, eləcə də dəyişməz qalırdı.

Onu da deyim ki, bir çox məqamlarda məhəllənin tərbiyəsi evinkini üstələyəirdi. Ev bizi ağıllı uşaq, məhəllə isə kişi olmağa çağırırdı.

Məhəlləyə gələn yad adama axtardığı kəsin qapısını göstərməzdik.

Qız dalınca gələnlər ən yaxşı halda döyülüb gedərdilər. Kimdənsə milisə şikayət eləmək qəbahət sayılırdı. Oğrunu tutanda döyüb buraxardılar. Nahaq qan yerdə qalmırdı.

Əskərliyə gedənlərə dava düşərsə birinci vurmaq, öldürsələr də döşəmə yumamaq, və ən başlıcası satqınçılıq eləməmək tapşırılırdı. Həbsxanaya düşənlər evə dönəndə yeniyeimələrə çalışıb ora düşməməyi tövsiyyə edirdilər.

Amma özləri bir müddət sonra cinayət törədib yenidən dəmir barmaqlıqlar arxasına qayıdırdılar.

Ərazi həddən artıq kriminallaşmasına baxmayaraq yay kinotetrında hind filmlərinə tamaşa etməyə gedən qadın və uşaqların sayı kişilərdən heç də az olmurdu.

Qadınlar filmə baxdıqları müddətdə xoşagəlməz hadisənin baş verməyəcəyindən arxayın idilər.

Çünki bu məsələni əsasən məhz həbsxana həyatı görmüş kəslər tənzimləyirdilər.

Filmin nümaişi ərəfəsində özünü unudub ucadan gülən oğlana qaranlıqdan eşidilən buz kimi soyuq və tükürpədici səs dərhal içəridə ağsaqqal olduğunu xatırladılırdı:

- Ə, ağsaqqal oturuf!!!

Başqa yerdən gəlib orada yaşayanlara mövcud qaydalara uyğunlaşmaq çox çətin olurdu.

Hərdən məhəlləmizdə ev yanırdı. Gedib baxanda məlum olurdu ki, kimsə evlə bərabər özünü də yandırıb.

İldə bir neçə ölüm hadisəsi baş verərdi. O vaxt milislər o qədər də qəddarlıq edə bilmirdilər.

Çünki yerli qanunların onlara da əli çatırdı. Bu gün kimisə üzünə dayanıb həbs elətdirən sahə müvəkkilini səkkiz, on, hətta onbeş ildən sonra həbsxanadan çıxıb öldürürdülər...

...cinayətkarlar "dükanın qabağı" adlanan yerdə gecə növbəsi çəkən milisi öldürüb başını kəsdikləri baltanı bizim hasarın dibi ilə axan kəhrizin kəndlə şəhəri birləşdirən körpüsünün altına atmışdılar.

Hər gün milislər xüsusi təlim görmüş itlə gəlib suda nə qədər axtarsalar da onu tapa bilmirdilər.

Qırmızı kərpic və çaylaq daşı ilə hörülmüş körpünün illərin ağırlığına dözməyib dizləri çoxdan yerə gəldiyi üçün altına girib nəsə axtarmaq xeyli çətin idi.

Ancaq buna baxmayaraq nəhayət ki, milislər axtardıqlarını tapdılar və yəqin ki, dəlil - sübut kimi işə əlavə etdilər. Həmin cinayətə görə həbs olunan üç nəfərə məhkəmədə hökm oxundu.

Sonra məhkumlar elə məhkəmə zalındaca öz hökmlərini verdilər. Həbsxanadan birinci çıxanın proses zamanı onların müqəssirliyini iddia edərək üzlərinə dayanan sahə müvəkkilini öldürəcəyinə and içdilər...

Düz 10 il sonra həmin məhkəmə prosesini və onun nəticəsini hamı yenidən xatırlamalı oldu.

O üç nəfərdən biri məhbus həyatını başa vurandan az sonra 10 il əvvəlki andına sadiq qalaraq sahə müvəkkilini öldürmüşdü...

Yarısı şəhərin, yarısı kəndin payına düşən Muratbəyli adlı bu ərazi o qədər kriminallaşmışdı ki, orada yaşayıb xatalı işlərdən və hadisələrdən kənarda qalmaq əməlli başlı qəhrəmanlıq idi.

Onu da deyim ki, belə ailələrə bütün məhəllə hörmətlə yanaşırdı.

Hətta oğrular da onların həyətinə pis niyyətlə yaxınlaşmazdılar. Ara - sıra bu səddi keçənlərin tapılıb məhəllə qanunuları ilə cəzalandırılmayanları da sonradan öz səhvlərini başa düşürdülər.

Bütün bunları müşahidə edərək böyüməyin özündə məhşur fəlsəfi cərəyanlar qədər izahı marıqlı ola biləcək bir fəlsəfə gizlənirdi.

Məhəlli qanunlara söykənən heç kimin yazmadığı amma hamının qəbul etdiyi yerli fəlsəfə.

Böyüyəndən sonra mən çoxlu fəlsəfi cəryanlarla tanış oldum.

Hamısı da bəşəri əhəmiyyət daşıyan, düyanın düzəninə təsir edən cəryanlar. Amma onların heç biri məndə bizim məhəllənin fəlsəfəsi qədər kök sala bilmədi…

Bizim məhəllənin uşaqları ayaq tutub yeriyəndən iki cür tərbiyə alırdılar.

Bu tərbiyənin birini bizə evimiz, digərini isə məhəlləmiz verirdi.

Ev bizi ağıllı uşaq, məhəllə kişi olmağa çağırırdı.

Məhəllədə böyüyənlərin çoxu ağıllı uşaq ola bilməsə də əksəriyyəti kişi olurdu...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG