Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:24

«Qızlarımın məsləhətlərinə tez-tez qulaq asıram»


«Bizim yol»: «Qızlarımın məsləhətlərinə tez-tez qulaq asıram»

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın «Harpers Bazaar» jurnalına müsahibə verib. O ailə həyatından, həyata keçirdiyi mədəniyyət layihələrdən bəhs edib.

- Mehriban xanım, sizin qızlarınız Arzu və Leyla etiraf edir ki, qeyri-rəsmi şəraitdə sizi üç rəfiqə kimi qəbul edirlər. Siz çox tez ana olmusunuz. Bu, sizin həyatınızı necə dəyişdi?

- Leyla dünyaya gələndə mənim 19 yaşım var idi və erkən ana olmağın mənə bağışladığı hədsiz sevinci heç vaxt unutmayacam. İndi mən uç uşaq anasıyam və onların həyatı ilə bağlı olan hər şey mənim üçün qiymətlidir. Onların öz problemlərini mənimlə bölüşmələri sevindiricidir. Lakin mən öz fikirlərimi zorla onların beyinlərinə yeritmirəm, onların şəxsi fikirlərinə hörmətlə yanaşıram və onlar üçün seçim hüququ saxlayıram. Bu, onların həyatıdır və onlar bunu müstəqil şəkildə qurmalıdır.

- Uşaqlığınızı tez-tez xatırlayırsız?

- Mənə elə gəlir ki, uşaqlıq həyatımızın özümüzü tam xoşbəxt hiss etdiyimiz bir hissəsidir.

- Sizin qızlarınız xaricdə, Londonda təhsil alıb. Onları ora göndərmək sizin üçün çətin olmadı ki?

- Təsəvvür edin: Arzunun 9, Leylanın isə 11 yaşı var idi. Oğlum Heydər Londonda doğulub və qızlarımız həmin məqamda bizimlə idi. Sonra tədris ili başlandı və mən qərara aldım ki, onlar müvəqqəti olaraq London məktəbində təhsil alsın. Həmin zaman qaynatam Heydər Əliyev Azərbaycan prezidenti idi və təbii ki, müəyyən həyat tərzimiz var idi. İndi mən başa düşürəm ki, o zaman biz ağıllı qərar qəbul etmişik. İndi onlar beş dildə, doğma Azərbaycan dilindən savayı, rus, ingilis, ispan və fransızca sərbəst danışır. Onlar özlərini dünya vətəndaşı kimi hiss etməyə başladılar. Bütün bu illəri mən qızlarımın evə qayıtmasını gözləyirdim. Lakin Leyla ərə getdi və hazırda Moskvada yaşayır. Arzu isə hələ Londonda təhsil alır.

- Siz qızlarınızın məsləhətlərinə qulaq asırsınızmı?

- Bəli, olduqca tez-tez. Qızlarımın köməkliyi ilə mən fəal şəkildə internetdən istifadə etməyə başladım. Və indi kompyuterdə işləyərkən köməyə görə, onlara tez-tez müraciət edirəm».

«Yeni Müsavat»: «Qaralov niyə «ömürlük» olur?»

«Srağagün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında «Prokurorluq haqqında» qanuna əlavə və dəyişikliklər layihəsinin parlamentin plenar iclasına tövsiyə edilməsi haqda qərar çıxarılıb. Nəzərə çatdıraq ki, qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyevin parlamentə göndərdiyi layihədə eyni şəxsin iki dəfədən artıq baş prokuror, hərbi prokuror, Naxçıvan Muxtar Respublikasının prokuroru və hərbi prokuroru vəzifəsinə təyin olunmasına tətbiq edilən məhdudiyyətin aradan qaldırılması da nəzərdə tutulub. Parlamentin növbəti iclası oktyabrın 13-də keçiriləcək. Təbii ki, bu qanun layihəsi «Təhsil haqqında» qanun layihəsi kimi illərlə müzakirə olunmayacaq. O, qısa bir müddətə qəbul ediləcək. Axı Zakir Qaralovun baş prokuror səlahiyyətlərinin başa çatmasına cəmi altı ay vaxt qalır. Məsələ ondadır ki, mövcud qanuna görə bir şəxs iki dəfədən artıq baş prokuror vəzifəsinə təyin oluna bilməz. Z.Qaralovun isə ikinci səlahiyyət müddəti 2010-cu ilin aprel ayında başa çatır. Bir çox ekspertlər bildirir ki, hakimiyyət sadəcə, Z.Qaralovu bu postda növbəti dəfə saxlamaq üçün məhdudiyyətləri aradan qaldırmaq istəyir. Düzdür, belə məlumatlar da var ki, yeni qanunun bir şəxsin iki dəfədən artıq baş prokuror təyin edilməsinin mümkünlüyü özündə ehtiva edən müddəası Z.Qaralova şamil oluna bilməz. Amma bununla bağlı birmənalı qayda müəyyən deyil. Şübhə yoxdur ki, növbəti il biz yeni qanunun verdiyi hüquqlardan istifadə edilərək Z.Qaralovun yenə də baş prokuror təyin olunmasına şahid olacağıq.

Qaralovun keyfiyyətləri təkcə prokurorluq sistemini məhv etməklə yekunlaşmır. O, hakim komandanın bir əhəmiyyətli fiquru olsa da, heç zaman hansısa bir məsələdə müqavimət göstərməyib. Həmçinin, istər siyasi, istərsə də qruplaşma baxımından iddialı olmayıb».

«Azadlıq»: «Bir ailənin universiteti»

«AISU-da tələbələr təhsil haqqını tez ödəməli; müstəqil və müxalifyönlü qəzetlərlə əməkdaşlıq etməməli; qırmızı diplom üçün 200 manat verməlidir! Bu universitetin auditoriyaları hətta Zimbabvenin ən kasıb universitetinin auditoriyasından da kiçikdir.

Azərbaycan İctimai Siyasi Universitetini (bundan sonra AISU) yəqin ki, çoxlarınız tanımır. Əvvəllər bu ali məktəbə «Elmlər Akademiyası» metrosunun yaxınlığında, BDU-ya gedən yolun sol tərəfində kiçik bir cığırla getmək olurdu. 2008-ci ildə Moskva Dövlət Universitetinin Bakı filialı ora köçdükdən sonra AISU «İçərişəhər» metrostansiyasının yaxınlığında, M.F.Axundov adına parkdan yuxarıda məskən saldı. Şəhərin mərkəzindən xeyli aralıda məskunlaşmanın səbəbi illik kirayə haqqının az olmasıdır - 10000 manat. Universitetin pilləkanlarına ayaq basanda gözümə bir elan sataşdı: «Tələbələrin nəzərinə! Azərbaycan İctimai Siyasi Universitetin tələbələri 2009-2010-cu tədris ilinin təhsil haqqını oktyabr ayının 10-na kimi ödəməlidirlər. Təhsil haqqını oktyabr ayının 10-dan sonra ödəyən tələbələrə sanksiyalar tələb olunacaq. Belə ki, bu qism tələbələr illik təhsil haqqının 10%-i həcmində əlavələr ödəməli olacaqlar».

Bu da sizə özbaşınalığın bariz nümunəsi. Daima tələbələrə iqtisadiyyatımızın, dövlətimizin inkişafından söz açan rektor R.Nəbiyev indi pul qazanmaq üçün yeni metodlara keçib. Bütün tələbələri «yaplaşdırmaq» istəyən rektor bu yöndə səylərini cəmləyir. Hər dəfə də lazımı orqanlara universitetin təhsilindən deyil, neçə tələbənin yapçı olduğu haqda hesabat verir».

«Yeni Azərbaycan»: «Zəriflik və nəciblik simvolu»

«Oktyabrın 10-u XX əsrin tanınmış ziyalılarından biri, böyük şərqşünas alim Aida İmanquliyevanın doğum günüdür. Aida xanımın doğum günü təkcə onun övladları, yaxınları üçün deyil, bütün elmi ictimaiyyət, bütün qadınlarımız üçün əlamətdar bir tarixdir. Ən yüksək insani keyfiyyətlərin bir nəfərdə toplanması çox nadir hal olsa da, belə adamların varlığı bizi həmişə sevindirib. Aida İmanquliyeva da belə ziyalılardan olub.

Onun adının qarşısında bütün yaxşı, meyar ola biləcək insani xüsusiyyətləri yazmaq olar; gözəl insan, qayğıkeş ana, zərif xanım, vəfalı ömur-gün yoldaşı, sədaqətli dost, məhsuldar alim, əsl vətəndaş və s. Onu yaxından tanıyanlar təsdiq edirlər ki, bu nəcib xanımı bircə dəfə görüb ünsiyyət quran kəs ömrüboyu onu unuda bilmirdi. Bəlkə də ona görə ki, Aida xanımın zahiri və daxili gözəlliyi bir-birini ahəngdar surətdə tamamlayırdı. Ötən əsrin böyük ziyalıları Mir Cəlal Paşayevin və Nəsir İmanquliyevin ocaqlarında böyüyən, Püstə xanımla Gövhər xanımın mənəviyyatından güc alan Aida xanım başqa cür ola da bilməzdi».
XS
SM
MD
LG