Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:28

Mixay Bayer: “Nabucco” qaz kəməri Ermənistandan keçməyəcək


“Gələn il “Nabucco” layihəsi üzrə əhəmiyyətli inkişaf gözləmək olar”. APA-nın məlumatına görə, bu bəyanatla Macarıstan hökumətinin “Nabucco” layihəsi ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Mixay Bayer çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən “Nabucco” layihəsi hazırkı mərhələdə” mövzusunda təşkil olunmuş dəyirmi masada çıxış edən M.Bayer layihənin maliyyələşdirilməsinin hazırda hansı mərhələdə olması və maliyyə qaynaqları ilə bağlı geniş təqdimat verib. O qeyd edib ki, Avropa öz istehlakçılarını zəruri miqdarda enerji ilə təmin edə bilmədiyi və illik istehlakın 80%-ni başqa ölkələrdən idxal etdiyi üçün enerji təchizatı mənbələrinin diversifikasiyasına ehtiyac duyur: “2017-ci ildə idxalın həcmi 93%-ə çata bilər. “Nabucco” layihəsi isə bu baxımdan bir nömrəli prioritetdir”.

M.Bayer bildirib ki, layihə siyasi deyil, kommersiya xarakterli olduğundan, enerjidaşıyıcılarının Avropaya çatdırılması üçün digər regional layihələrə nəinki mane olmayacaq, əksinə, stimul verəcək. Onun sözlərinə görə, ilkin mərhələdə layihənin maliyyələşdirilməsi ilə bağlı problem yaranmayacaq. Artıq Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı layihəyə maraq göstəriblər və onun maliyyələşdirilməsində iştirak edəcəklər. Sonuncu “Nabuco” layihəsinin reallaşmasına 1 mlrd. avro ayıracağını bəyan edib.

Türkiyə ilə münasibətləri normallaşacağı təqdirdə, Ermənistanın layihədə iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandıran M.Bayer deyib ki, “Nabucco” layihəsinin konsepsiyası artıq formalaşdırılıb və dəyişdirilməyəcək: “Qaz kəməri istənilən halda Türkiyədən keçəcək. Düşünmürəm ki, konsepsiya dəyişdirilsin və qaz kəməri Ermənistandan, yaxud Gürcüstandan keçsin”.

Dəyirmi masada XİN-in və ADA-nın məsul əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edib.

Qeyd edək ki, səfir M.Bayer 2009-cu ilin yanvarında Macarıstanın paytaxtı Budapeştdə “Nabucco” layihəsinə dair beynəlxalq konfransın təşkilati məsələlərinə rəhbərlik edib. O, həmçinin 2009-cu ilin yanvar-iyun aylarında “Nabucco” qaz boru kəmərinin çəkilməsinə dair beynəlxalq sazişin hazırlanmasına həsr olunmuş dövlətlərarası konfransda Macarıstan nümayəndə heyətinin rəhbəri olub.

M.Bayer vaxtilə Macarıstanın Yəmən, Çin, Koreya Xalq Demokratik Respublikası və Moldovadakı fövqəladə və səlahiyyətli səfiri olub, uzun müddət Macarıstan Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.
XS
SM
MD
LG