Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:54

«Özəlləşdirilməyən evlər vətəndaşların əlindən alınacaq»


Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov
«Bizim yol»: «Özəlləşdirilməyən evlər vətəndaşların əlindən alınacaq»

«Milli Məclisin qəbul etdiyi Mənzil Məcəlləsi artıq qüvvəyə minib. Belə ki, yeni məcəlləyə əsasən, mənzillərin sosial kirayə məsələsi həllini tapacaq, mənzili olmayan bütün vətəndaşların qeydiyyatı aparılacaq. Bunun üçün aztəminatlı ailələr müvafiq dövlət orqanlarına ərizə ilə müraciət etməli və qeydiyyata alınmalıdırlar.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov «Anspress»ə verdiyi müsahibəsində bildirib ki, Azərbaycanda artıq mövcud olan müxtəlif mülkiyyət növləri arasında münasibətləri tənzimləmək üçün Mənzil Məcəlləsinin işlənilməsinə çoxdan ehtiyac vardı.

N.Məmmədov sözlərindən o da aydın olur ki, indiyədək mənzillərini özəlləşdirməyən şəxslərin mülkləri dövlətə keçəcək:

«Hazırda Dövlət Mənzil Fondunda 15 faizdən yuxarı mənzil fondu özəlləşməyib. Yəni hələ də bir çox insanlar köhnə orderlər əsasında həmin mənzildən istifadə edirlər. Öz mənzilləri də mülkiyyət olaraq dövlətin mülkiyyətindədir. Qanunla qadağa olunmur ki, onlar özəlləşdirilməsin. Ola bilər ki, vətəndaş bu mənzilləri özəlləşdirmək istəmir. Onlarla da həmin kirayə müqavilələri bağlanacaq. Mənzil Məcəlləsinin əhatə dairəsi təkcə yeni sosial mənzillərin tikilməsi ilə yox, həm də Dövlət Fondunda olan mənzillərin və mənzil fondlarının yaxşılaşdırılmasından gedir. Bir sözlə, orderlər kirayə müqavilələri ilə əvəz olunacaq. Bu müqavilələrdə isə şərtlər daha da sərtdir. Kommunal xərclərin ödənilməməsinə və binanın cari təmiri də Mənzil Məcəlləsinin əhatə dairəsindədir. Bu məcəllədə bütün hüquqlar və münasibətlər müqavilə şəklinə düşür. Bu isə sivil dövlətin tələblərinə uyğundur».

Deputat eyni zamanda, bir neçə əmlaka malik olan şəxslərə sərt vergilərin tətbiq edilməsinə çağırır: «Əgər bir insanın adında bir neçə əmlak mövcuddursa, ona proqressiv şkala ilə vergi tədbiq etməliyik. Bu da şəffalığı artırar, insanların hərisliyinin qarşısını ala bilər».

«Yeni Müsavat»: «Mən hələ ölməmişəm...»:

«Hamı elə bilirdi ki, mən ölmüşəm. Amma məni dəfn etməyə tələsənlərin arzuları ürəklərində qaldı». Hakimiyyətə yaxın mənbələrdən redaksiyamıza daxil ola məlumata görə, son günlər yenidən canlanaraq efirdə görünən Bakı meri Hacıbala Abutalıbov fürsət düşdükcə bu sözləri təkrarlayır. Mənbə bildirib ki, Abutalıbovun hakimiyyətdəki mövqelərinin möhkəmlənməsi merin «qırışığını açıb». Mer onun postuna göz dikənlərə sanki gözdağı verirmiş kimi tez-tez küçələrə çıxır, jurnalistlərə danışmır və əvvəlki imicini bərpa etməyə çalışır. Bakı yollarının təmirinin yenidən meriyanın kurasiyasına qaytarılması, təmir işləri ilə tanış olan prezidenti müşayiət etməsi Abutalıbovu daha da ürəkləndirib. Belə görünür ki, hakimiyyət müəyyən səbəblərdən uzun müddətdir şəhər rəhbərliyindəki səlahiyyətləri əlindən alınmış Abutalıbovu yenidən «dirildir». H.Abutalıbov bu «dirilmənin» fərqindədir və onun yaxın ətrafına (və hakimiyyətdəki düşmənlərinə) «ölməmişəm» mesajı bununla bağlıdır».

«Yeni Azərbayacan»: «Şou biznes tək Azərbaycan ərazisində deyil, dünyada olan bir bəladır»

«Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli SİA-ya müsahibə verib. Həmin müsahibədə Məhərrəmli deyir ki, Ramiz Mehdiyevin «Azərbaycanın efir məkanı: problemlər və vəzifələr» adlı məqaləsi aktual, çox əhəmiyyətli bir yazıdır. Azərbaycanın teleradio məkanında baş verən mövcud vəziyyətin təhlil edilməsi, həlledici məsələlərin qaldırılması və həmin problemlərin həll olunması istiqamətində vəzifələrin müəyyən edilməsi baxımından çox əhəmiyyətli, istiqamətverici bir məqalədir. Bu məqalədə Azərbaycanın efir məkanının və problemlərinin yüksəldilməsi birinci dərəcəli məsələ kimi ortaya qoyulub. Yəni, Azərbaycanda tamaşaçının marağının artırılması məqsədilə işlər görülməsi üçün həm televiziya kanalları rəhbərlərinin, həm də bu sahə ilə bağlı olan insanların, ekspertlərin, mütəxəssislərin və xüsusilə, Milli Teleradio Şurasının üzərinə öz səlahiyyətləri çərçivəsində bir sıra vəzifələr qoyur. Biz bu cür məsələlərə göstərilən diqqətə görə, Ramiz müəllimə öz minnətdarlığımızı bildiririk. Milli Teleradio Şurası öz səlahiyyətləri çərçivəsində efir məkanımızın daha maraqlı, daha düşündürücü, daha maarifləndirici verlişlərin olması üçün müvafiq işlər görəcək».

«Azadlıq»: «Əliyevin yerişi, Mehdiyevin gedişi»

«Heydər Əliyevin çoxlarına tanış olan bir iş prinsipi var idi. Hansı addım ki, cəmiyyətdə ikrah doğururdu, ictimai etiraz yaradırdı, nifrətlə qarşılanırdı, Əliyev həmin məsələdən xəbərsiz olduğunu deyirdi. «Mənim bundan xəbərim» yoxdur kimi məşhur ifadəni dilə gətirəndən sonra ya hansısa məmuru danlamaq, ya da işdən azad etməklə məsələyə nöqtə qoyurdu. Əslində, baş verənlərin H.Əliyevin xeyir-duasıyla olduğunu hamı bilirdi, amma bu da onun iş pirinsipi idi.

İndi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də həmin gedişi edir. Bir neçə gün öncə dövlət qəzetlərinin birində onun telekanalların fəaliyyətini kəskin tənqid edən bir məqaləsi dərc edilmişdi. Ürəkdən tikan çıxarırdı.

R.Mehdiyev məqaləsində telekanalların bayağı şoulara üstünlük verməsindən tutmuş ayrı-ayrı şou-biznes nümayəndələrinin şit verilişlərinədək bir çox məqamları sərt şəkildə hədəfə almışdı. Belə aparıcı və verilişlərin ölkədə ikrahla qarşılandığını, hətta dünyada Azərbaycan haqqında mənfi rəy formalaşdırdığını yazmışdı.

Yazılanların hamısı düzdür, ancaq belə bir vəziyyətin yaranmasının səbəbləri açıqlanmır ki, əslində R.Mehdiyevin də məqsədi bunu özlərindən uzaqlaşdırmaq cəhdidir. Niyə?

Ona görə ki, artıq belə biabırçılıqların özlərinə qarşı yönəldiyinə əmin olublar. Milli Teleradio Şurasının və digər qurumların apardığı monitorinqlər bunları silkələyib. Artıq nifrətin birbaşa özlərinə qarşı oluduğunun fərqindədirlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG