Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:15

«Ermənistan «Holland sindromuna» yoluxub»


Ermənistanda dram qiymətdən düşür, 3 mart 2009
Ermənistanda dram qiymətdən düşür, 3 mart 2009
Ermənistanın nefti olmasa da, «Holland sindromuna» yoluxub.

Ermənistanın Siyasi-İqtisadi Araşdırmalar İnstitutunun direktoru Andranik Tevanyan AzadlıqRadiosunun «Qafqaz Qovşağı» verilişində belə deyib. O bildirib ki, qlobal iqtisadi böhranın təsiri nəticəsində Rusiyadan xeyli asılı olan Ermənistana pul köçürmələrinin həcmi azalıb:

«Dünya bazarlarında neftin qiyməti yüksək olanda biz proseslərin müsbət istiqamətdə təsirini hiss edirdik və Rusiyadan pul köçürmələri artırdı. Amma indi vəziyyət elə yaranıb ki, nefti olmaya-olmaya Ermənistan «Holland sindromu» ilə xəstələnib. Rusiya iqtisadiyyatı yuxarı qiymətlərdən gəlir götürdüyü kimi, Rusiyada işləyən ermənilər də bunun müsbət təsirini hiss edirdi. Bu, dollarla müqayisədə Ermənistanın milli valyutası - drama mənfi təsir göstərirdi. Dramın məzənnəsi qalxırdı. Bizdə ixracatla problem vardı, idxal daim artırdı. İndi idxal ixracdan 5 dəfə artıqdır. Rusiyadan pul köçürmələri 30 faiz azalıb».

İqtisadçı Bloqqerlər Mərkəzinin rəhbəri Natiq Cəfərli deyir ki, Rusiyadan Azərbaycana da pul köçürmələri azalıb. Ancaq bunlara baxmayaraq, qlobal iqtisadi böhran Ermənistan və Gürcüstan qədər Azərbaycana təsir etməyib:

«Bu, neftin sayəsində olub. Neftin qiyməti yüksək olanda Azərbaycan təxminən 18 milyard dollar ehtiyat yığıb. Bu «təhlükəsizlik yastığı» iqtisadi böhranın təsirini azaldıb».

Gürcüstandan olan iqtisadçı ekspert Revaz Sakevareşvili isə bildirir ki, ölkəsinin əsas ticarət-iqtisadi tərəfdaşı Türkiyədir. Gürcüstanın xarici ticarət dövriyyəsində Rusiyanın payı isə ildən-ilə məlum səbəblərdən azalmaqdadır, o, hazırda 5-ci yerdədir:

«Demək olmaz ki, Türkiyə biznesi Gürcüstanda fəal deyil. Türklər enerji, turizm, infrastruktur, bank sektoruna investisiya yatırırlar. Rusiya və Türkiyə şirkətləri hazırda Gürcüstan iqtisadiyyatını bölüşdürür. Görünən budur…».
XS
SM
MD
LG