Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 18:05

İpoteka kreditlərinin verilməsi dayandırılıb?


Bu ilin iyun ayından bərpa olunan ipoteka kreditləşməsindən isə rəsmi məlumata görə, artıq 1100 nəfər bəhrələnib, 300-dən artıq ailə mənzillə təmin olunub
Bu ilin iyun ayından bərpa olunan ipoteka kreditləşməsindən isə rəsmi məlumata görə, artıq 1100 nəfər bəhrələnib, 300-dən artıq ailə mənzillə təmin olunub
«İpoteka krediti verilirdi, amma indi dayandırılıb, müraciətlər çox olduğuna görə».

«AZƏRDƏMIRYOLBANK»DA SƏNƏDLƏRİ DƏ QƏBUL ETMİRLƏR


«Azərdəmiryolbank»dan ipoteka krediti almaq istəyimizə bu cür cavab verdilər. Bankın əməkdaşı bildirdi ki, artıq bir neçə həftədir vətəndaşların ipoteka krediti almaq üçün təqdim etdikləri sənədləri də qəbul etmirlər. Səbəb müraciətlərin çox, ipoteka krediti üçün ayrılan vəsaitin isə məhdud olmasıdır. Bank əməkdaşı sənəd qəbulunun nə vaxt bərpa olunacağının da hələ ki məlum olmadığını dedi.

Mətbuatda da bir neçə gündür ki, ipoteka kreditlərinin artıq verilməməsi barədə məlumatlar yer alıb. İpoteka Fondu isə bu deyilənləri təkzib edir. Fonddan bildirirlər ki, bu ilin iyun ayından başlanan ipoteka kreditləşməsi bu gün də davam eləyir.

Amma ekspertlər də vəziyyətin ürəkaçan olmadığını deyirlər. Kreditin verilməsi üçün tələb olunan tapşırıq, rüşvət bir yana, indi sənədlərin qəbulunun da müşğülə çevrildiyini deyirlər.

«İPOTEKA PROQRAMI DAVAM ETMİR»


İqtisadçı Vüqar Bayramov deyir ki, İpoteka Fondunun gəlir mənbələri məhdud olduğundan prosesin davamlılığını təmin edə bilmirlər:

- Əgər bu gün banklar ipoteka kreditinin verilməsi üçün sənədləri qəbul etmirlərsə, banklara daxil olmuş ərizələrdə göstərilən məbləğlər İpoteka Fondunun büdcəsindən dəfələrlə çoxdursa, demək ipoteka proqramı real olaraq davam etmir.

Vüqar Bayramov
İpoteka Fondu ipoteka kreditlərinin verilməsi üçün ipoteka istiqrazlarının satışını həyata keçirir. Başqa sözlə, 55 milyonluq ipoteka istiqrazının satışından əldə olunan məbləğ ipoteka kreditlərinin verilməsinə yönəldilir. Sonuncu belə hərrac sentyabrın 28-i keçirilib və yalnız 3 milyonluq ipoteka istiqrazı satılıb. Ümumilikdə isə 55 milyonluq ipoteka istiqrazının 33 milyonu artıq satılıb.

«İPOTEKA PROQRAMININ SONUNA SAYILI GÜNLƏR QALIB»

Vüqar Bayramov deyir ki, bu istiqrazlara marağın az olması da bir daha onu göstərir ki, ipoteka proqramının sonuna sayılı günlər qalıb. Baxmayaraq ki, fonddan ipoteka kreditləşməsinin bundan sonra da davam etdirilməsi üçün kifayət qədər vəsaitin olduğu deyilir:

- İpoteka istiqrazlarının yerləşdirilməsi ilə bağlı hərraclarda qeydə alınan passivlik, istiqrazların satışı prosesi göstərir ki, İpoteka Fondunun ipoteka istiqrazlarına marağı olduqca aşağıdır. Bu isə o deməkdir ki, ipoteka proqramı bərpa olunsa da gələcəyə işləməyəcək. Yəni banklar ya sənədləri qəbul etməyəcəklər, ya da qəbul olunmuş sənədlərə əsasən ipoteka krediti verə bilməyəcəklər.

Vüqar Bayramov çıxış yolunu fondun müxtəlif gəlir mənbələrinə malik olmasında görür. Onun fikrincə, hər şeydən əvvəl İpoteka Fondunun dövlət büdcəsindən asılılığı aradan qaldırılmalıdır. Bundan başqa, ipoteka istiqrazlarına marağı artırmaq üçün həmin istiqrazların illik gəlir faizini artırmağa ehtiyac var.

Azərbaycanda ilk dəfə İpoteka Fondunun xətti ilə kreditlər 2006-cı ildən verilməyə başlanıb. Ancaq bir il sonra dayandırılıb. Bu ilin iyun ayından bərpa olunan ipoteka kreditləşməsindən isə rəsmi məlumata görə, artıq 1100 nəfər bəhrələnib, 300-dən artıq ailə mənzillə təmin olunub. Ümumilikdə 47 milyon manat ipoteka krediti verilib.
XS
SM
MD
LG