Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Əlibala Hacızadənin son müsahibəsi...


Əlibala Hacızadə
Əlibala Hacızadə
AzadlıqRadiosunun «Tanınmışlar» verilişinin budəfəki qonağı yazıçı Əlibala Hacızadədir. O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri hesab olunur. (Bu müsahibə yazıçı ilə son müsahibəsidir. Müsahibə onun ölümündən bir neçə gün qabaq alınıb).

- Əlibala müəllim, işləriniz necədir?

- Canım-başım ağrısa da əhvalım hələ ki, yaxşıdır. Təslim olmuram xəstəliyə. Amma bunların hamısına təbii baxıram.

- Bunun təbii baxmağın səbəbi nədir?

- Hər nəslin özünün şəcərə, nəsil tarixi var. 50-ci illərdə universitetdə oxuyanda öz şəcərəmi 3-cü nəslə qədər araşdırıb öyrəndim. Məlum oldu ki, ulu babam 4-cü uşaq dünyaya gələndən 1 il 3 ay sonra 35 yaşında ölüb. Babam da həmçinin. 4-cü uşaq - yəni mənim əmim doğulandan 1 il 3 ay sonra 35 yaşında ölüb. Atam da belə oldu. Əslində onun 3 uşağı var idi. Sonra anamız vəfat etdi.
Dosye
  • Yazıçı Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi olub. O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri hesab olunur. «Təyyarə kölgəsi», «İtkin gəlin», «Ayrılığın sonu yoxmuş», «Dünyanı tanı», «Vəfalım mənim» romanları dəfələrlə nəşr edilib.
O evlənmək istəmirdi. Anası və bacısı axır ki, «saqqızını oğurlayıb» evləndirdilər. 4-cü uşaq, mənim qardaşım Nizami dünyaya gəldi. Və 1 il 3 ay sonra atam gözümün qabağında öldü. 35 yaşında. Bu genetik kodun açarını mən tapmışdım.

1961-ci ildə evləndim. 3 uşaq ardıcıl gəldi. 4-cü uşaq məsələsi ortaya çıxanda bu əhvalat yadıma düşdü. Hesabladım gördüm ki, əgər bu olsa, onun 1 yaş 3 ayında mənim 35 yaşım olacaq. Arvadla məsləhətləşib burada dayandıq.

- Əgər o 4-cü uşaq gəlsəydi?

- Əgər o 4-cü uşaq olsaydı mən bu həqiqəti kəşf elədiyimə görə qorxudan bağrım çatlayacaqdı və elə 35 yaşında öləcəkdim. Adətən psixoloji durum buna gətirir.

- 4-cü nəvə təhlükəsi yoxdur?

- Yox, 4-cü nəvəm yoxdu hələ. 3 nəvəm var. Görürsünüz 35 yaşında ölməli olan Əlibala Hacızadənin indi 75 yaşı var.

- Niyə sizi hamı çox istəyir, Əlibala müəllim?

- Çünki mən hamını çox istəyirəm.

- Amma sıxışdıranlar da az olmayıb.

- Hə belə də olub. «Vəfalım mənim» romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. İlqar bəy, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.

- Onlar tut kimi töküləndə sevinmirdiniz?

- Yox, əksinə. İndinin özündə də o adamlara rəhmət oxuyuram.

- Kitablarınızın tirajı 100 minlərlə olub. Özü də dəfələrlə. Xüsusilə də bu «İtkin gəlin» romanı və onun davamı olan iki kitabın. Eşitdiyimə görə sizdən çox kitab alverçiləri qazanıb bu kitablardan.

- Hə o kitabın birinin qiyməti 1 manat 10 qəpik idi. Hər kitabdan mənə 10 qəpik qalırdı. Gəncədə isə «İtkin gəlin»nin biri 10 manata satılırdı. Gəncəli bir işbaz gəlib «Gənclik» nəşriyyatın anbardarından biri 2 manat 50 qəpikdən 35 min kitab alıb aparıb orada satırmış.

- Bəs o kitablardan sizə qalan varı dövləti neylədiniz? Hər halda 10 qəpik az deyildi 100 minlərlə tirajdan.

- Doğrudan da məni o kitabların tirajına görə çox pulu adam hesab edirdilər. Amma mən pul qədri bilən deyiləm. Elə oradan alıb buradan xərcləyərdim. «Dünyanı tanı» romanımdan özümdə qalmamışdı. Dedim alım qoyum arxivimə. Şəhəri gəzəndə gördüm bir kişi küçəyə kitab düzüb satır. Kiminsə ev kitabxanası idi, satışa çıxarmışdı. Baxdım ki, orada var mənim romanım. Qiymətini soruşdum dedi 15 manat. Pulum çatmadı, kitabı yavaşca yerinə qoyub getdim. Heç bilmədi də ki, mən onun müəllifiyəm. Yol boyu özümü söyürdüm ki, bu nə kişilikdi! Axı niyə sənin cibində öz kitabını almağa belə pulun olmasın.

- Prezident təqaüdü alırsınız.

- Hə. Çox çətin vaxtım idi. Birdən möcüzəli bir xəbər eşitdim. Fərman çıxdı ki, mənə ayda 1000 manat prezident təqaüdü kəsiblər. Özü də ömürlük. Təsəvvür edə bilməzsiniz ailəm nə qədər sevindi. Çünki mənim öz iş yerimdən aldığım maaş heç siqaretimə çatmırdı.

- Bunu o vaxt kitablardan ala bilmədiyinizin əvəzi hesab etmək olar?

- Olar.

- Sonuncu şeir kitabınızın adı «Mənim yazıq ürəyim»dir. Sizin ürəyinizi nə yazıq elədi?

- Tək özümün dərdimi çəkməmək. Ölənlə öldüm, sevənlə sevdim, ac qalanla ac qaldım.

- Nəyi unutmaq olmur?


- İlk sevgini unutmaq olmur. Sənə olunan haqsızlığı unutmaq olmur. Sənə edilən yaxşılığı da unutmaq olmur.

- Məhəbbət olmayan evdə nə olur?

- Məhəbbət olmayan evdə fəlakət olur.

- Yoldaşınızla ailə quranda onun cehizi nə idi?

- Bir köhnə «şfaner», bir də bir az qab-qaşıq. Vəssalam. Heç təmənnasında da deyildim. Elə həmin əliboş Əlibalayam ki, əliboş Əlibala. Mən söz adamıyam. Sən məni bircə sözlə yaşada da, öldürə də bilərsən. Mən belə yaşamışam.

- Həyatınız boyu ən çox nədən qorxmusunuz?


- Kiminsə qəlbinə dəyməkdən, kiminsə qəlbini qırmaqdan.

- Heç dəydiniz, qırdınız?

- Bir dəfə uşaq vaxtı dəymişəm. Birinə bir söz demişəm, 62 ildir o söz mənə əzab verir. Özümü bağışlaya bilmirəm. O adam son vaxtlara qədər yaşayırdı. Unutmuşdu. Evimə gəlirdi, mən rayona gedəndə ayağımın altında qoyun kəsirdi. Heç onun yadında da deyil. Amma mən dərd eləmişəm özümə. 75 yaşımın içindəyəm, deyirəm ki, ona mən nə cavab verəcəyəm (kövrəlir-İ.R.).

- Tanıya bildiniz dünyanı?

- Xəstələnəndən sonra daha çox tanıyıram.

- Məşhur «İtkin gəlin»in müəllifi, yaşının 74-də ən sevimli gəlinini itirdi. Bu yaxınlarda xanımınız vəfat edib.

- Bəli. Allah rəhmət eləsin. Çox gözəl insan idi, təmiz, düz. 48 il birlikdə ömür yolu keçdik. Xırda şeylərin üstündə incikliklər də oldu. O da səviyyə uyğunsuzluğundan. Yazıçının, şairin, alimin həyat yoldaşı olmaq çətin məsələdir. Hamı buna dözə bilmir.
Bir dəfə mətbəxdə oturub (mənim yazı otağım olmayıb. Elə harada gəldi, hətta dizim üstündə də yazırdım) «İtkin gəlin»i yazıram. Şahın şairi sarayına çağırdığı səhnəni yazıram. Şair içində sevinir ki, xalqın dərdini deməyə imkan yaranıb. Elə bu vaxt çiynimə bir əl qoyuldu. Çevrildim ki, uşaqların anasıdır. Dedi Əlibala bilirsən, ətimiz, kartofumuz, soğanımız qurtarıb. Qələmi qoydum yerə. Dedim «Aaz, nə ət, nə kartof, nə soğan! Sən görmürsən mən burda şahlarla saraylarda oturmuşam!» Arvad geri çəkildi. Elə bildi ki, mənim başıma hava gəlib.

Sonra day ailə başçısıyam, gedib nə lazım idi alıb gətirdim. Və şaha şairin dili ilə deyəcəklərimin hamısı uçdu getdi. 10 variant yazdım heç biri alınmadı. Axırda sonuncunu qoydum ora ki, oxucu nə biləcək mən nə fikirləşmişdim nə alındı. Bax eləcə bozbaş yedi o fikirlər…

Buna da bax:

XS
SM
MD
LG