Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Özbək və türkmən qardaşlarımız Bakıya niyə gəlmədi?


Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri və bir qrup deputatının iştirak etdiyi plenar iclasda Özbəkistan və Türkmənistanın yeri görünürdü
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri və bir qrup deputatının iştirak etdiyi plenar iclasda Özbəkistan və Türkmənistanın yeri görünürdü
«Artıq Türk Parlament Assambleyasının katibliyi var, büdcəsi müəyyən olunub. Önümüzdəki illərdə Türk PA-nın özbək və türkmən qardaşlarımızla birlikdə daha da güclənəcəyinə inanıram. Xeyirli olsun». Bu Türkiyə Böyük Millət Məclisinin sədri Mehmed Əli Şahinin fikirləri idi.

DAŞKƏNDDƏN VƏ AŞQABADDAN GÖZLƏNƏN QARDAŞLAR…

Sentyabrın 29-da Milli Məclisdə Türkdilli Dövlətlərin Parlament Assambleyası ilk iclasını keçirdi. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri və bir qrup deputatının iştirak etdiyi plenar iclasda necə deyərlər Özbəkistan və Türkmənistanın yeri görünürdü. Çünki çıxışlarda, eləcə də fasilə vaxtı foyedə söhbətləşdiyimiz 4 iştirakçı dövlətlin təmsilçilərinin demək olar ki, hamısı bu iki dövlətin nümayəndələrinin də tezliklə assambleyada təmsil olunmasını arzulayırdılar. Amma heç kim, Daşkənddən və Aşqabaddan gözlənən qardaşların niyə Bakıda olmadıqlarını konkret deyə bilmirdi.

Spikerlərin çıxışında ekologiyadan tutmuş təhlükəsizlik sahəsinə qədər əməkdaşlığı genişləndirmək, türk dünyasının birliyini daha da möhkəmlətmək istiqamətində zəruri addımlardan danışıldı. İqtisadi, siyasi, mədəni əlaqələr də ki, öz yerində.

Ancaq əlbəttə ki, Türk PA-nın ilk iclası əslində onun katibliyinin yaradılması və baş katibinin kim olacağı ilə yadda qalmalı idi. Belə də oldu. Foyedə dayanıb nəticəni gözləyən jurnalistlərin bəziləri baş katibin Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov olacağını ehtimal etsələr də, proqnoz özünü doğrultmadı.

KATİBLİK DAİMİ OLARAQ AZƏRBAYCANDA YERLƏŞƏCƏK

Ramil Həsənov
Türk PA-nın baş katibi YAP gənclərinin rəhbəri Ramil Həsənov oldu. Cənab Həsənovun sözlərinə görə, onun namizədliyi MM rəhbərliyi tərəfindən verilib. Deyir baş katibin digər ölkələri təmsil edən 3 müavini olacaq. Katiblik daimi olaraq Azərbaycanda yerləşəcək. Və daimi işçi orqan olaraq türk dünyasının bütün sahələrdə birliyinin inkişafına çalışacaq:

«Türk PA-ya hər ölkədən 6 millət vəkili, üstəgəl spikerlər seçilib. Assambleyaya spikerlər rəhbərlik edəcəklər. Baş katib 1 dəfədən artıq seçilə bilməz. Əlifba sırası ilə Qazaxıstan, Qırğızıstan, sonra isə Türkiyə nümayəndəsi seçiləcək. Və həmin vaxt artıq Azərbaycanın nümayəndəsi baş katibin müavini olacaq. Katibliyin bir işi də ondan ibarət olacaq ki, Türkmənistan, Özbəkistan kimi digər türkdilli dövlətlər də bu assambleyaya üzv olmaq üçün proseslərə qoşulsunlar. Biz icraedici orqanıq. Qərarverici orqan assambleyadır».

Ramil Həsənov deyir ki, baş katibin müddəti başa çatdıqdan sonra o onu bu postda əvəzləyən şəxsin müavini olacaq. Və Azərbaycanda səlahiyyət müddəti başa çatan bəzi vəzifə sahibləri kimi nizamnaməyə dəyişiklik edərək öz postunda qalmağa çalışmayacaq.

Ramil Həsənov 1978-ci ildə anadan olub. O həm də Diaspora ilə iş üzrə Dövlət Komitəsində departament direktorudur.

ARTIQ PROSES BAŞLAYIB

Qazaxıstan Parlamentinin İqtisadi Reforma və Regional İnkişaf komitəsinin üzvü Amangəldi Momışev deyir ki, artıq türkdilli dövlətlərin birliyi istiqamətində proses başlayıb. İndi hər şey Assambleya üzvlərinin bu istiqamətdə təbliğatı necə qurmasından ansılıdır.
Amangəldi Momışev
Ancaq gec-tez təkcə Özbəkistanla Türkmənistan yox, bütün türkdilli dövlətlər assambleyaya qoşulacaqlar və hər şey yaxşı olacaq: «Bizim – türk xalqarının birliyi daimi olsun və belə də olacaq».

«4 ÖLKƏNİN YALNIZ BİRİNDƏ – HƏQİQİ, REAL PARLAMENT VAR»

Politoloq İlqar Məmmədov isə bu məsələdə Amangəldi Momışev kimi optimist deyil. Deyir Türk-PA-nın yaradılması uğurlu ideya deyil. Yaxşı olardı ki, bu assambleya parlamentləri yox, cəmiyyətləri, xalqları təmsil edəydi. Hörmətli şəxslər orada təmsil olunmalıdır. Ancaq bunu etmədilər və işi parlament səviyyəsində qurdular:

«Assambleyaya daxil olan 4 ölkənin yalnız birində – Türkiyədə həqiqi, real parlament var. Azərbaycan, Qırğızıstan və Qazaxıstanda parlament faktiki olaraq icra hakimiyyətinin bir notariol kontorudur. Bu baxımdan PA–nın yaradılması uğurlu ideya deyil. Sonra da katiblik yaradıb bir gənci ora baş katib qoydular. Bu da iştirakçı dövlətlərin özlərinin də bu işə hörmət qoymadıqlarının göstəricisidir».

Türk PA–nın ideyası Qazaxıstan prezidenti Nursultan Nazarbayevə məxsusdur. Onun yaradılması barədə razılıq isə 2006-cı ilin sentyabrında İstanbulda imzalanıb. Katibliyin işi 2010-cu ildən başlayacaq.
XS
SM
MD
LG