Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:16

Müxalifət nə istəyir?..


Müxalifət referendum kampaniyası zamanı tərəfdarları ilə görüşür, 15 mart 2009
Müxalifət referendum kampaniyası zamanı tərəfdarları ilə görüşür, 15 mart 2009
Qarabağ və Respublika Uğrunda Hərəkat parlamentə Seçki Məcəlləsi ilə bağlı yeni qanun layihəsi təqdim edib.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, həmin layihədə müxalifətin prinsipial mövqeyi öz əksini tapıb. Söhbət ilk növbədə seçki komissiyalarının yenidən formalaşması ilə bağlı müxalifətin ənənəvi istəyindən gedir. Hərəkat hesab edir ki, komissiyalar hakimiyyətlə onların arasında bərabər bölünməlidir.

Arif Hacılı deyir ki, hər şey hakimiyyətin iradəsindən asılıdır. Əgər hakimiyyət komissiyalardakı yerlərin 50 faizini müxalifətə verərsə, onlar sonradan bu yerlərin öz aralarında bölüşdürülməsini həll edə bilərlər.

MÜXALİFƏT HƏM KOMİSSİYALARIN, HƏM DƏ SEÇKİ SİSTEMİNİN DƏYİŞDİRİLMƏSİNİ İSTƏYİR

Ancaq müxalifət tək komissiyaların yox, həm də seçki sisteminin dəyişdirilməsi təklif edir:

Arif Hacılı
«Biz seçki sisteminin də dəyişməsini istəyirik. Yəni parlament seçkilərində də, bələdiyyə seçkilərində də proporsional sistemin tətbiq edilməsini təklif edirik. 50 faiz proporsional sistem olsun, 50 faiz majoritar».

Mövcud qanunvericiliyə görə, seçkilər yalnız majoritar qaydada keçirilir. Yalnız fərdi qaydada namizədlər irəli sürülür. Bundan başqa komissiyaların 3-də biri hakim partiyanın, 3-də biri parlamentdəki bitərəflərin, 3-də biri də azlığın payına düşür.

Seçkiqabağı kampaniya dövrü isə 75 gün müəyyən edilib. Onun da yalnız 28 günü təbliğata ayrılır. Arif Hacılı deyir ki, onlar kampaniya müddətinin yenidən 4 aya qaytarılmasını təklif edirlər.

MÜXALİFƏT ÖZ GÜCSÜZLÜYÜNÜ ÖRT-BASDIR ETMƏK İSTƏYİR?

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Quliyev isə deyir ki, seçkiyə 4 ay qalmış yox bundan əvvəlki seçki qurtaran kimi hazırlaşmaq lazımdır. Onun fikrincə, seçicilər namizədlərin təbliğat dövrü çıxışlarına yox bütün fəaliyyət dövrü əməllərinə qiymət verirlər.

Musa Quliyev
Musa Quliyev deyir ki, kampaniya dövrü heç 4 il olsa belə, müxalifət vəziyyəti dəyişə bilməz. O seçki sisteminin dəyişdirilməsinin konstitusiya dəyişikliyindən sonra mümkün ola biləcəyini yada salaraq buna ehtiyac olmadığını düşünür. YAP-çı millət vəkili komissiyaların paritet əsasda formalaşması ilə bağlı müxalifətin təklifini də seçkiləri pozmaq istəyi kimi dəyərləndirir. O hakimiyyət rəsmilərinin tez-tez səsləndirdiyi arqumenti yada salır ki, əgər komissiyalar paritet əsasda formalaşsa, orada vahid mövqe müəyyənləşdirilə bilməyəcək. Musa Quliyev deyir ki, müxalifət bu layihəni ortalığa atmaqla özünün gücsüzlüyünü ört-basdır etmək istəyir:

«Müxalifət getsin öz fəaliyyətini yenidən qursun, fəaliyyətini təkmilləşdirsin, xalqın istədiyi modelləri tətbiq etsinlər. Yoxsa bu gün məcəlləni dəyiş, sabah başqa qanunu. Bu, siyasi manipulyasiyadır».

MÖVCUD SİYASİ REALLIQ YOXSA KÖHNƏ SOVET LƏTİFƏSİ…

Əslində müxalifətin təkliflərinin reallaşmayacağı indi çoxlarına aydandır. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov deyir ki, hakimiyyət seçki qanunvericiliyi ilə bağlı demokratik islahatlara gedəcək iradədə deyil.
Rauf Mirqədirov
Müxalifətin də elə bir gücü yoxdur ki, hakimiyyəti bu islahatlara getmək məcburiyyətində qoysun.

Rauf Mirqədirov deyir ki, sovet dövrünə aid bir lətifədə deyildiyi kimi müxalifət hər şeyə yenidən başlamalıdır:

«Siyasi büroda ölüləri dirildən dərman kəşf edirlər. İlk növbədə Lenini dirildirlər. Lenin dirilən kimi qəzetləri istəyir və bir həftə onun yanına heç kimi buraxmamağı tapşırır. Bir həftə sonra gəlib onu tapmırlar. Yenidən dirildilən Stalin də beləcə aradan çıxır. Onları tapmaq üçün Dzerjinskini dirildirlər. O kabinetdən Leninə məxsus belə bir məktub tapır. Hər şeyi təzədən başlamaq lazımdır, Helsinkiyə gəl…»

Ancaq Rauf Mirqədirov buna da real buraxmır. Onun fikrincə, yenidən mübarizəyə atılmaq üçün cəmiyyətdən heç bir sifariş gəlmir…
XS
SM
MD
LG