Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:30

«Gürcüstanda korrupsiya yoxa çıxmayıb, sadəcə, formasını dəyişib»


Elə sahələr var korrupsiya həqiqətən də yoxdur... Ancaq məhkəmə, tədarük sahəsində problemlər qalmaqdadır
Elə sahələr var korrupsiya həqiqətən də yoxdur... Ancaq məhkəmə, tədarük sahəsində problemlər qalmaqdadır
Bir neçə il əvvəl AzadlıqRadiosu Tbilisi sakinləri arasında sorğu keçirəndə ki, ölkədə korrupsiya varmı, əksəriyyət demişdi «yox». Bir çoxları korrupsiyanın həddinin xeyli azaldığını qeyd edirdi. Elələri də vardı ki, korrupsiyanın yuxarı eşelonlara, onlara əlçatmaz olan böyük biznes və siyasətə keçdiyini bildirirdi.

«Transparency International» təşkilatı bu il özəl biznesdə korrupsiyanın vəziyyəti barədə illik hesabatını hazırlayıb. 46 ölkənin yer aldığı siyahıda Gürcüstanın adı yoxdur, amma bu, Gürcüstanda korrupsiya ilə bağlı bütün problemlərin həll olunması demək deyil.

«Transparency International»ın Gürcüstan üzrə icraçı direktoru Tamar Karosanidze vəziyyəti belə təsvir edir:

««Transparency International»ın hesablamasına əsasən, Gürcüstanda 2003-cü ildə korrupsiya indeksi maksimal 10 baldan 1.8 bal təşkil edirdi. Sonuncu dəfə eyni araşdırma 2008-ci ildə aparılanda, bu göstərici 3.9 olub. Fakt budur ki, vəziyyət hökumətin təqdim etdiyi kimi yaxşı deyil. Çünki ən yaxşı göstərici 10 baldır».

T.Karosanidze deyir ki, elə sahələr var korrupsiya həqiqətən də yoxdur, məsələn, qəbul imtahanları, pasport sistemi, yol polisi... Ancaq məhkəmə, tədarük sahəsində problemlər qalmaqdadır.

T.Karosanidze bildirir ki, mövcud qanunvericiliklə biznes sahəsindəki problemləri həll etmək mümkün deyil:

«Biznesə aid qanunvericilik xeyli tənzimlənib, ancaq qanunvericiliyin qorunması və ümumilikdə bu sahədə vəziyyət çətindir».

Tamar Karosanidze
İqtisadçı Niko Orvelaşvili isə vəziyyəti belə qiymətləndirir:

«Gürcüstanda korrupsiya yoxa çıxmayıb, sadəcə, formasını dəyişib. 6-7 il əvvəl korrupsiya xalqın populyar rifah mənbəyi idi. Amma 5 ildir ki, ölkədə öz xidməti vəzifəsindən barmaqla sayıla biləcək insanlar istifadə edir. Onlar da dəqiq əlamət üzrə seçilir, əsasən hökumət nümayəndələridir... Korrupsiya Şevardnadze dövründə məmurların arzulaya biləcəyi səviyyəyə çatıb. Ən azı hərbi tədarükü xatırlayın, onları yoxlamaq imkanımız yoxdur...».

N.Orvelaşvili hesab edir ki, rus biznesini nəzərə almasaq, Gürcüstanda müstəqil biznes yoxdur. Ekspert deyir ki, rəhbərlik bu biznesə hörmətlə yanaşır:

«Hökumətin idarə etmədiyi və hökumətə məxsus olmayan demək olar ki, bir dənə də iri biznes qalmayıb. Gürcüstanda klassik formada oliqarxiya hökm sürür».

Bəs «Transparency International» təşkilatı niyə məhz «biznesdə korrupsiya» mövzusunu seçib.

Azadlıq Radiosu bu suallı təşkilatın Avropa və Mərkəzi Asiya üzrə bölməsinin direktoru Mikluş Marşala ünvanlayıb:

«Əvvəllər diqqətimizi daha çox dövlət sektoruna yönəltmişdik. Hökumətlərin fəaliyyətini, dövlət sektorunda rüşvətxorluğun səbəbini öyrənirdik. Ancaq daha sonra anladıq ki, tanqonu iki oyunçu ifa edir... Rüşvət və korrupsiya haqqında danışanda özəl sektorda korrupsiyaya da göz yummamalıyıq. Özəl sektor korrupsiyanın yalnız qurbanı deyil, həm də özü günahkardır».

M.Marşaldan keçmiş kommunist ölkələrində korrupsiyanın əsas xüsusiyyətləri barədə də soruşuruq:

«Bir faktor aydındır – iqtisadi artımın səviyyəsi. Ümumi Daxili Məhsul nə qədər aşağıdırsa, korrupsiyanın həddi də bir o qədər aşağıdır. Ancaq korrupsiyaya müqavimət üçün firavanlıq lazımdır. İkinci faktor da var - dövlət inzibatçılığı. O, səriştəli və təcrübəlidirsə, korrupsiya daha azdır. «Keçid dövründə olan ölkələrdə dövlət inzibatçılığı səriştəsiz və qeyri-mütəşəkkil olur» desəm düşünmürəm sizi təəccübləndirmərəm. Daha bir mühüm amil ümumi biznes mühitidir, yəni bu mühit rəqabətə nə dərəcədə imkan verir».

Bir çox ekspertlər hesab edir ki, Gürcüstanda aşağı səviyyələrdə korrupsiya yoxdur və bu, hökumətin nailiyyətidir.

N.Orvelaşvili bildirir ki, yalnız sağlam siyasi rəqabət şəraitində korrupsiya üzərində qələbə çalmaq mümkündür. Bu prosesdə ən mühüm rol xalq və onun iradəsinə məxsusdur.
XS
SM
MD
LG