Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:20

«Qeyri-rəsmi ödənişlər sahibkarları çökdürür»


«Bizim Yol»: Bu gün sahibkarları ən çox narahat edən məsələ vergi sistemində olan qeyri-rəsmi ödənişlərin səviyyəsinin artmasıdır. Ölkəyə mal idxal edən sahibkarlar onlara tətbiq olunun gömrük rüsumlarının, əlavə dəyər vergisinin (ƏDV) yüksək olmasından da narazılıq edirlər. Bununla yanaşı, gömrükdə malın tonuna görə alınan qeyri-rəsmi ödənişlərin də çox olması onların gəlirlərinə ciddi təsir göstərir. Bu həm də ölkədə süni bahalaşmaya rəvac verir.

Qeyd edək ki, bu gün ölkədə ƏDV dərəcəsi 18 faizdir. Qlobal maliyyə böhranı başlayandan sonra bəzi iqtisadçılar sahibkarlıq subyektlərinin ciddi zərər çəkməməsi üçün mənfəət vergisinin və ƏDV dərəcələrinin aşağı endirilməsini təklif etmişdi. Doğrudur, mənfəət vergisində müəyyən islahatlar aparıldı. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, vergi dərəcələrin azaldılması qeyri-rəsmi ödənişlərin faizlərinin artmasına yol açıb.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov vergi sistemində bir çox islahatların aparılmasına ehtiyac olduğunu söyləyir. Onun sözlərinə görə, qeyri-rəsmi ödənişlərin səviyyəsinin azaldılması üçün ən ciddi islahat nəzarətin gücləndirilməsidir:

«Azərbaycanda ƏDV dərəcələri kifayət qədər yüksəkdir. Sahibkarın əldə etdiyi gəlirdən dövlət büdcəsinə ödəməli olduğu vergilərin çəkisi çoxdur. Bu isə gəlirlərin azalmasına, xərclərin artmasına gətirib çıxarır. Müvafiq qurumlara vergi yükünü azaltmaq üçün ƏDV dərəcələrinin azaldılmasını təklif etmişdik».
İqtisadçı əlavə etdi ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda ƏDV dərəcəsi çox yüksəkdir.

«Yeni Müsavat»: «Nəqliyyat Nazirliyinin müfəttişləri yenə sürücü döyüblər. Xəbər verdiyimiz kimi, bu dəfə Nəqliyyat Departamentinin 4 əməkdaşı Nərimanov rayonu ərazisində, Ziya Bünyadov küçəsində yerləşən «Qızlar» yanacaqdoldurma məntəqəsində 1958-ci il təvəllüdlü Əli Orucovdan sənədlərini tələb ediblər. Heç bir qayda pozuntusu olmadığı üçün Ə.Orucov sənədlərini verməkdən imtina edib. Bu zaman sürücü ilə müfəttişlər arasında mübahisə baş verib. Müfəttişlər sürücünü döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Onu da xatırladaq ki, bu, artıq son bir neçə gün ərzində ictimaiyyətə bəlli olan 3-cü belə hadisədir.

Ana Vətən Partiyasından olan deputat Zahid Oruc vətəndaşlara qarşı qanundan kənar addımların atılmasının, fiziki güc tətbiq edilməsinin heç bir halda müsbət qarşılanan hal olmadığını dedi. Deputatın sözlərinə görə, elə bir dövlət strukturu yoxdur ki, ona vətəndaşa qarşı zor tətbiq etməyə, onun haqlarını tapdalamağa səlahiyyət verilsin: «Belə bir qanunvericilik aktını biz qəbul etməmişik. Mən düşünürəm ki, son günlər baş verən bu kimi hadisələri araşdırmaq üçün həm nazirliklə, həm də müvafiq dairələrlə müzakirə etmək gərəkdir. Məsələnin mahiyyətini daha geniş şəkildə aydınlaşdırmağa ehtiyac var. Nazirliyin müvafiq qurumları ilə bu məsələ ətrafında müzakirə aparmağa hazıram».

«Yeni Azərbaycan»: Sentyabrın 23-də Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədovun başçılığı ilə YAP nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.

Nümayəndə heyəti Astanaya Qazaxıstanın hakim «Nur Otan» Xalq Demokratik Partiyasının dəvəti ilə üzvü olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 5-ci Baş Assambleyasının işində iştirak etmək məqsədilə gedib. Konfransda dünya iqtisadi böhranının həlli yolları və onun nəticələri, gənc siyasi liderlərin və qadınların ictimai həyatdakı rolunun artırılması kimi mövzular müzakirə olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG